Azərbaycanın

Qapalı yerlərdə siqareti qadağan edən qanun layihəsi niyə müzakirə olunmayacaq?

Azərbaycanda qapalı yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsi yaxın iki il ərzində Milli Məclisdə müzakirəyə çıxarılmayacaq. Bu barədə Milli Məclisdən verilən məlumata görə, layihə yaz sessiyasının gündəliyinə daxil edilməyib, növbəti sessiyaların gündəliyinə salınması da gözlənilmir.

Səbəb isə layihə ilə bağlı bir sıra mübahisəli məqamların hələ də həllini tapmamasıdır.

Layihəyə əsasən, ictimai nəqliyyatın bütün növlərində, kinoteatrlarda, idman yarışları və konsertlərin keçirildiyi qapalı məkanlarda, təhsil müəssisələrində və şadlıq evlərində, xidmət obyektlərində siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Layihədə 3 qapalı müəssisə ilə bağlı istisnalar var. Bunlar qocalar evləri, həbsxanalar və ruhi-əsəb dispanserləridir. Bu məkanlarda siqaret çəkilməsinə icazə verilir.

Qadağaları pozanlara qarşı cərimələrin məbləği İnzibatı Xətalar Məcəlləsinə uyğun müəyyənləşdirilməli idi.

Qeyd edək ki, Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür.

2030-cu ilə qədər isə bu rəqəmin 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə 1 milyard insanın tütündən dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

Əksər ekspertlər hesab edirlər ki, qapalı yerlərdə siqaretdən istifadənin yasaqlanmasına dair təklif kifayət qədər təqdirəlayiq idi və bu təşəbbüslə çıxış edən, onu dəstəkləyən millət vəkillərini alqışlamaq gərəkdir. Eyni zamanda hələ belə bir qanun layihəsi ilə bağlı ilkin xəbər yayılanda bir çox mütəxəssislər və media orqanları onun qəbul ediləcəyinə şübhə ilə yanaşırdılar.

Bu şübhələrin ortaya çıxması üçün isə kifayət qədər əsaslar vardı. Hesab edilirdi ki, ölkədə siqaret bazarını nəzarətdə saxlayanlar sözügedən yasağın qanun şəklinə düşməsini və icrasına başlanmasını əngəlləyəcəklər. Çünki haqqında danışılan qadağa onların maraqlarına zidd idi. Bu, siqaretin istehlakının azalmasına gətirib çıxaracaqdı ki, nəticədə də tütün məhsulları bazarındakı söz sahiblərinin gəlirləri azalacaqdı.

Hələ ötən ilin ortalarında hökumətə yaxın saytların birində də açıq şəkildə qeyd edilirdi ki, «Azərbaycanda siqaret çəkənlərin sayı durmadan artır. Bu zərərli vərdişə qarşı bir sıra mübarizə tədbirləri həyata keçirilir. Xarici ölkələrin bir çoxunda ictimai yerlərdə siqaretin çəkilməsi qadağan olunub. Azərbaycanda da bu istiqamətdə işlər gedir, amma uzun müddətdir Milli Məclisdə hazırlanan və müzakirə mövzusu olan sənəd qəbul edilmir ki, edilmir. Bəzi məlumatlara görə, Azərbaycandakı “siqaret mafiyası” ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunun qəbuluna cidi maneçilik törədir».

Göründüyü kimi, ölkənin «siqaret mafiyası»nın bəlli qadağalara qarşı dirənişi heç də sirr deyildi. Və nəhayət, artıq onu qalib gəlmiş hesab etmək olar. «Siqaret mafiyası» faktiki olaraq millət vəkillərinin təşəbbüsünü boğmağı bacardı və siqaretdən istifadəni məhdudlaşdıran təkliflərin qanun halını almasını önlədi.

Doğrudur, söhbət yaxın iki il ərzində belə bir qanunun qəbul edilməməsindən gedir, amma hesab etmək olar ki, tütün bazarına nəzarət edənlər söz sahibi olmağa davam etdikcə həmin qanunun qəbulundan danışmaq mümkünsüzdür.