ATƏT-in Bakı Ofisində yoxlamalar başlayıb?

ATƏT-in Bakı Ofisi bəyanatla çıxış edib.

Ofisdən Unikal.org-a daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.

“Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir.

Digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında “ATƏT-in Bakı ofisinə müdhiş müdaxilə” başlıqlı yazı dərc olunub. Yazıda bildirilir ki, Beynəlxalq təşkilat ölkəmizdəki ofisini yoxlatdırır, həmçinin, Vyana mərkəzindən verilən tapşırıqla ofisin əməkdaşlarının yazışmaları, kimlərlə təmas qurduğu barədə məlumatlar araşdırılır. Eyni zamanda, səfir Koray Tarqayın vaxtından əvvəl geri çağrılması gözlənilir. Yazıda həmçinin, hakimiyyətin ATƏT-in Bakı ofisinin fəaliyyətindən narazı olduğu iddia edilir.