Əhməd Abasbəyli: “Bu yükün az hissəsi Azərbaycan bazarında gerçəkləşdirilir”


“Bütünlükdə narkotik dövriyyəsinin qarşısını almaq qeyri-mümkündür”

Dövlət Departamentinin hesabatına görə, ötən il dünya üzrə daşınmış narkotik maddələrin 15%-i Azərbaycan ərazisindən kerçirilib. Bu probelmə bağlı suallarımızı Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin rəhbəri Əhməd Abasbəyli cavablandırır.

-ABŞ Dövlət departamentinin beynəlxalq narkotik daşımaları barədə illik hesabatına görə, bu yüklərin 15%-i Azərbaycan ərazisindən keçirdilib Avropa ölkələrinə aparılır. Departament etiraf edir ki, bu yüklərin çox az qismi müvafiq strukturlar tərəfindən müsadirə edilir. Bu məlumat nə dərəcədə həqiqətə uyğundur?

-Əslində, ötən illərdə də belə bir məlumat var idi ki, narkotiklərin daşınması üzrə tranzit ölkələrdən biri də Azərbaycandır. Bu yüklər, əsasən, Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa marşrutu üzrə daşınır. Amma qeyd etməliyəm ki, əsas narkotik marşrutu Orta Asiya ölkələrindən keçir. Bununla belə, ortalıqda çoxlu faktlar var ki, İrandan Azərbaycana il ərzində xeyli narkotiklər keçirilir. Ölkənin güc strukturları bu probelmi önələmək üçün imkanlar daxilində kifayət qədər iş aparır. Amma təbii ki, bu yüklərin hamısını ələ keçirtmək mümkün olmur. Çünki narkotiklərin daşınmasını beynəlxalq narkomafiya təşkil edir və bu da məlumdur ki, bu qurum geniş imkanlara və ciddi təşkilatçılıq qabiliyyətinə malikdir. Ancaq Azərbaycandan keçirilən 15% məsələsinə gəlincə mən bu barədə dəqiq fikir söyləyə bilmərəm. Bu faktı dəqiqləşdirmək üçün əsaslı araşdırmalar aparılmalıdır.

-Amma Dövlət Departamentinin hesabatında ziddiyyətli bir məqam gözə dəyir. Dünya üzrə narkotik daşımalarının həcmi və çəkisi barədə əminliklə ifadə edilən məlumatı nəzərdə tuturam. Departament bu cür dəqiq informasiyanı haradan əldə edir?

-Amerikanın özündə narkotiklər məsələsi çox ciddi problemə çevrilib. Latın Amerikası ölkələrindən Ştatlara çoxlu mal daşınır. Avropa ölkələrinə isə daha çox Şərq dövlətlərindən aparılır. Daşınmanın həcmini necə təyin edirlər? Bu rəqəm narkotik bazarına daxil olan ümumi məhsulun miqdarı və narkotik istifadəçilərinin ümumi sayı və belə deyək də, onların ümumi bu maddələrə olan tələbatı əsasında müəyyən edilir. Məlum olduğu kimi, narkotik bazarı kifayət qədər nəzarətdə olan bir bazardır. Əslində, bu sahədən məlumatı olmayanlar düşünürlər ki, bu bazar başlı-başınadır. Amerika narkotiklər baxımından yetərincə problemli bir ölkədir və onlar gənc nəsli məhv edən bu bəlanı önləmək üçün genişmiqyaslı işlər aparsalar da, bəli, etiraf edirlər ki, bütünlükdə bu axının qarşısını almaq qeyri-mümkündür.
Bu məqamda bir məsələni xüsusi vurğulamalıyam: Qərb dövlətləri bəzən bu cür faktlardan müəyyən ölkələrə təzyiq vasitəsi kimi istifadə edir. Mən bu ifadəni işlədəndə beynəlxalq narkotik daşımalarını nəzərdə tuturam. Qərb dövlətləri etiraf edir ki, bu daşımanın qarşısını almaq çətindir, amma bununla belə, ayrı-ayrı dövlətlər qarşısında məsuliyyət məsələlərini qaldırırlar. Buna görə də bu məsələyə yanaşmada, təbii ki, bir qədər ziddiyyətli məqamlar mövcuddur.

-Sizə elə gəlmir ki, böyük dövlətlərin müəyyən qurumlarının bu daşımalardan xəbəri və iştirakı olmasa, bu qədər nəhəng miqyaslı daşımaları gerçəkləşdirmək, belə bir mütəşəkkil şəbəkə yaratmaq mümkün deyil?

-Konkret olaraq hansısa bir dövləti narkotiklərin daşınmasında iştirak etməsini təsdiqləmək və yaxud ittiham etmək düzgün olmazdı. Amma istər Azərbaycanda, istər Amerika Birləşmiş Ştatlarında, istərsə də dünyanın digər ölkələrində bu alver prosesi gedirsə və bu məhsul birbaşa istehlakçıya satılırsa, deməli, həmin ölkələrdə bu prosesin iştirakçıları var. Təbii ki, Amerikada da bu prosesin iştirakçıları var. Yadınızdadırsa, Əfqanıstandan narkotiklərin daşınması ilə bağlı qalmaqal yarananda məlum oldu ki, bu ölkədə dislokasiya olunmuş Amerika ordusundan müəyyən qüvvələr də bu işlərin iştirakçısıdır. Bu baxımdan zaman-zaman Avropa ölkələrində və Rusiyada da müəyyən faktlar ortalığa çıxır. Söhbət yüksək rütbə sahiblərindən gedir. Onlar hətta narkotikləri daşıyan nəqliyyat vasitələrinin təhlükəsizliyini də təmin edirlər. Amma yenə də deyirəm: hər bir ölkədə müəyyən məmurlar bu prosesə qoşularaq qazanc əldə edirlərsə və beynəlxalq narkomafiyanın güclü təsiri və hətta təzyiqi altındadırlarsa da, bütövlükdə hansısa dövləti suçlamaq düzgün deyil.
Sualınıza qayıdaraq bildirim ki, Amerikanın dövlət qurumlarında beynəlxalq narkotik daşımaları barədə məlumatın dəqiq və güclü olması bu ölkənin güclü kəşfiyyat strukturlarına malik olması ilə izah edilə bilər. İsrailin, İngiltərənin, Rusiyanın da xüsusi xidmətləri bu istiqamətdə fəal şəkildə işləyir. Söhbət, əsasən, mafiyaya qarşı işləyən kəşfiyyat qurumlarından gedir. Böyük mafiyaların içinə dövlətlərin xüsusi xidmətlərinə işləyən adamlar sızdırılıb və bu belə də olmalıdır. Buna görə də böyük həcmli narkotiklərin ələ keçirilməsi təsadüf nəticəsində baş vermir.

-Bəs, Sizcə, Azərbaycandan keçən bu yüklərin neçə faizi daxili bazara yeridilir və onlara qarşı mübarizə nə dərəcədə effektli şəkildə aparılır?

-Bu barədə dəqiq məlumat ifadə eləmək çətindir, ancaq mənim müşahidələrimə görə, bu yükün az hissəsi Azərbaycan bazarında gerçəkləşdirilir. Onlara qarşı mübarizəyə gəlincə isə... Bilirsiniz, problem nədədir? Narkomaniya problemləri ilə uzun illərdir ki, məşğul olan bir şəxs kimi deyə bilərəm ki, bizim cəmiyyətdə bu böyük bəlaya qarşı ciddi yanaşmırlar. İstər dövlət strukturları olsun, istərsə də cəmiyyətin digər zümrələri və qurumları olsun. Qəribədir, sanki biz hesab edirik ki, bu problem bizə aid deyil. Hər bir vətəndaş düşünür ki, “Şükür Allaha, mənim övladım narkoman deyil, bu məsələnin mənə nə dəxli var?” Yəni hesab edirik ki, bu bəla bizdən uzaqdadır. Amma əslində, narkomaniya problemi hər birimizin qapısının ağzındadır. Mən dəfələrlə bu problemlə bağlı dövlət strukturlarına və digər ictimai qurumlara müraciət etmişəm ki, bu bəlanın qarşısını almaq üçün cəmiyyətdə müəyyən qədər səfərbərlik əhvali-ruhiyyəsi yaradılmalıdır. Amma çox təəsüflər olsun ki, sualda vurğuladığınız baxımdan cəmiyyətin strukturları arasında əməkdaşlıq müşahidə edilmir və buna heç kim maraq da göstərmir. Bilirsiniz, sadaladığım qurumlara müraciət edəndə də məsələyə dırnaqarası, sadəcə, iş görmək xatirinə yanaşırlar. Ciddi münasibət yoxdur! Amma dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları bu istiqamətdə müntəzəm şəkildə profilaktik tədbirlər həyata keçirsələr, bunun xeyri çox olar. Narkomaniyaya qarşı iki cür mübarizə forması var. Birincisi, narkotik vasitələrin yayılmasının qarşısını almaq, ikincisi isə narkomanlarla və bu vərdişə meylli olanlarla iş aparmaqdır. Fikrimcə, hər iki istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsi son dərəcədə önəmlidir. Amma bu da sistemli şəkildə aparılmır. Hərdən ayrı-ayrı qurumlar, belə deyək də, kampaniyaçılıq xatirinə nələrisə edirlər. Sonra isə bir müddət narkotik problemi unudulur və bir müddətdən sonra hansısa beynəlxalq günlə bağlı qəflətən yada düşür ki, narkotiklərin ziyanı barədə danışmaq və ya tədbir keçirmək lazımdır. Yəni respublikada narkotiklərə qarşı mübarizə mövsümi və təqvim xarakteri daşıyır.
Narkomaniyaya aludə olmuş insanların sağaldılması və cəmiyyətə qaytarılması, doğrudan da, çox çətin bir prosesdir. Təkcə bir ailə və ayrıca bir dövlət qurumu bu işin öhdəsindən gələ bilməz, hamı əl-ələ verməlidir. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu sahədə də əməkdaşlıq ruhu sərgiləyə bilmir. Mən dəfələrlə ən yüksək səviyyəli dövlət strukturlarına müraciət etmişəm ki, narkomaniyaya qarşı laqeyd yanaşma dövlətin gələcəyini təhlükə altına sala bilər. Amma onlar məsələyə çox da ciddi yanaşmırlar. Narkomaniya ölkədə ciddi şəkildə yayılıb və xalıqımızın genofondu təhlükə qarşısındadır. Təəssüf ki, nə dövlət məmurları, nə də QHT-lər bu təhlükəni ciddiyə alırlar. Donor təşkilatları da bu məsələyə çox laqeyd yanaşır. Ona görə də Azərbaycanda bu istiqamətdə iş aparmaq çox çətindir. Son zamanlar QHT-lərə dəstək üçün dövlət şurası yaradılıb. Bu qurumun fəaliyyətində də narkomaniyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Amma bu sahəyə ayrılan maliyyə vəsaiti yetərincə deyil. Ona görə də QHT-lərin də bu işə marağı ciddi şəkildə azalıb. Ayrı-ayrı sahələr üzrə QHT-lər çox yaradılıb, amma narkomaniyaya qarşı mübarizə aparacaq QHT-lər yox dərəcəsindədir. Hamısı da yuxarıda sadaladığım səbəblər üzündəndir. Mən ölkədə narkomaniyaya qarşı mübarizə ilə bağlı 4-5 layihə işləyib hazırlamışam. Bu layihələrlə əlaqədar bir çox qurumlara üz tutmuşam, amma heç kim əməli reaksiya verməyib. Mənə elə gəlir ki, onlar narkomaniyanı qorxulu problem hesab etmirlər. Düzdür, Azərbaycanda vəziyyət bu baxımdan digər ölkələrlə müqayisədə pis deyil, amma tendensiya artmaq istiqamətində inkişaf etdiyindən təhlükələr qaçılmazdır və sabah qarşısını ala bilməyəcəyimiz bir səviyyəyə gəlib çıxa bilər. Tutaq ki, 3-5 il qabaq ölkədəki narkomanların sayı bu qədər deyildi. Yəni ölkədəki narkomaniyanın artım tempi ilə ona qarşı mübarizənin artım səviyyəsi eyni deyil. Çalışmaq lazımdır ki, gənclərin özlərini yüksək səviyyədə hazırlayıb bu mübarizəyə qoşa bilək. Bunun effekti daha yüksək olar. Həbslə, cəza ilə narkomaniya problemini həll etmək mümkün deyil. Çünki dünya üzrə böyük bir mafiyalar qrupu əlaqəli şəkildə iri narkobizneslə məşğuldur və bu işə müxtəlif dövlətlərin yüksəkrütbəli məmurları da cəlb edilib. Belə bir nəhəng şəbəkəyə qarşı vuruşmaq üçün böyük bir cəbhə, birlik yaradılmalıdır.

Söhbətləşdi: Fərzuq Seyidbəyli