İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın sanksiyaları altında olan ölkələri məhdudiyyətlərin təsirini neytrallaşdırmaq üçün birgə işləməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə bildirib .

“ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr sanksiyaların təsirini aradan qaldırmaq üçün bir-biri ilə əməkdaşlıq etməli və birgə assambleya yaratmalıdır. İnanırıq ki, buna nail olmaq olar”, - deyə o bildirib.

Xamenei qeyd edib ki, sərt sanksiyalar İranı öz imkanlarını tanımağa və “müxtəlif sahələrdə görkəmli nailiyyətlər əldə etməyə” məcbur edib. İranın Ali Rəhbəri Minsk və Tehran arasında əməkdaşlıq potensialının yüksək olduğunu vurğulayıb. "Münasibətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldilməlidir" deyə o, bildirib.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına görə , İran hakimiyyətinin sanksiyalara müqavimət göstərmək təcrübəsini Minsklə bölüşməyə hazır olduğunu bildirib. Danışıqların yekunu üzrə dövlət başçıları ölkələr arasında 2023-2026-cı illər üçün hərtərəfli əməkdaşlığa dair yol xəritəsi imzalayıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko da öz növbəsində iranlı həmkarı İbrahim Rəisiyə iki dövlət arasında əməkdaşlığın möhkəmlənməsinə görə təşəkkür edib. O , Belarus və İranın bir-birinə nə qədər ehtiyac duyduğunu anladıqlarını bildirib .