İraqa səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və İraqın milli təhlükəsizlik müşaviri Kasım əl-Araji iki ölkə arasında sərhəd təhlükəsizliyi müqaviləsi imzalayıb.

"Unikal" xəbər verir ki, İraq Baş Nazirliyindən verilən yazılı açıqlamada, sərhəd təhlükəsizliyi razılaşmasının "iki ölkə arasında ortaq sərhədlərin qorunması və müxtəlif təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi" kimi mövzuların yer aldığı bildirilib. Bəyanatda İraqın baş naziri Məhəmməd Şia Sudaninin Şamhanini qəbul etdiyi, bölgədə təhlükəsizliyin təmin edilməsi yolları ilə yanaşı, iki ölkə arasındakı əlaqələrin də müzakirə edildiyi bildirilib.

Görüş zamanı İraq torpaqlarının qonşu ölkələrə hücum üçün istifadəsinə icazə verilməyəcəyini bildirən Sudani, ölkənin suverenliyinə və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan silahlı qrupların öz torpaqlarına sığınmasının əsla qəbul edilməyəcəyini vurğulayıb.

Digər tərəfdən İran İnqilab Keşikçiləri Ordusu İranın “terror təşkilatı” hesab etdiyi Komele və İran Kürdüstan Demokratik Partiyasının (İKDP) düşərgələrinin yerləşdiyi ərazilərə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.