İcra başçıları mətbuatla görüşə başlayır

Yuxarıdan gələn tapşırıqdan sonra rayon rəhbərləri bununla bağlı hazırlıqlara başlayıblar

Quba hadisələrindən sonra bir sıra yeni tədbirlər həyata keçirən hakimiyyət dairələri daha bir addım atmağa hazırlaşır. Bu barədə verilən məlumatda deyilir ki, yeni taktika icra başçılarının mətbuat nümayəndələri ilə mütəmadi olaraq görüşlər təşkil etməsindən ibarətdir.
Məlumatda deyilir ki, yuxarı instansiyalardan gələn tapşırığa əsasən hər bir rayonun rəhbəri ildə iki dəfə təmsil etdiyi rayonda mətbuatın qarşısına çıxaraq, onların suallarını cavablandırmalıdır. Bu məqsədlə artıq bir neçə rayonun seçildiyinə dair məlumatlar da var. Məsələn, yaxın vaxtlarda Qubanın yeni icra başçısı Mübariz Ağayev media nümayəndələri ilə açıq görüşlər keçirməyi qərarlaşdırıb. Qaradağın icra başçısı Süleyman Mikayılov isə dünən baş redaktorlarla görüşlər təşkil edərək, onlarla təmas qurub. Salyanın icra başçısı Tahir Kərimova gəldikdə isə isə o, artıq bu taktikadan bir dəfə yararlanıb. Düzdür, onun sualları və açıqlamaları mətbuatda birmənalı olaraq qarşılanmayıb. Amma yenə də işə yaradığı məlumdur.
Onlardan başqa daha bir neçə rayon rəhbərinə də tapşırıq verilib ki, mətbuatın qarşısına çıxsınlar və onların suallarını cavablandırsınlar. Bizdə olan məlumata görə, həmin icra başçıları indidən əl-ayağa düşüblər. Belə ki, başçılar rəhbərlik etdikləri rayonda vəziyyətin nə yerdə olduğundan xəbərdardırlar və bunun mətbuatın gözündən qaçacağını düşünmürlər. Elə olan görə də, indidən təmizlik və bərpa işlərinə start verilib ki, yaxın gələcəkdə başları ağrımasın.
Bu görüşlərin təşkilinin əsas məqsədinə gəldikdə isə mənbə bildirir ki, hakimiyyət bu yolla şəffaf işlədiyini nümayiş etdirməyə çalışır. Çünki indiyə qədər mətbuatdan qaçan və bir çox hallarda onlarla təmas qurmayan icra başçılarının hərəkətləri sıxıntılar yaradırdı. Quba hadisələri isə göstərdi ki, media ilə yaxşı münasibəti olmayan başçıların aqibəti həddindən artıq ağır olur. Elə buna görə də, bəri başdan növbəti problemlərin yaranmaması üçün bu taktikanın həyata keçirilməsinə start verilib.
Cavid