Brüsseldə işgüzar səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan çərşənbə axşamı Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar Ermənistana qayıdıb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə hərbi idarənin mətbuat katibi Aram Torosyan məlumat verib.

"Müdafiə naziri işgüzar səfərini yarımçıq qoyub və Ermənistana qayıdır", - o qeyd edib.

Papikyan aprelin 10-da Brüsselə gedib. Çərşənbə axşamı səhər o, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığı ilə görüşüb.

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Ermənistan Müdafiə Nazirliyi 4 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb.