Aİ ötən gün Ermənistan-Azərbaycan sərhədində, Teq kəndi yaxınlığında bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalarla bağlı təəssüfünü bildirir.

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti məlumat dərc edib. 

"Bu hadisə bir daha vurğulayır ki, sərhədin demarkasiyası olmadığı halda 1991-ci il xətti saxlanılmalı, belə hadisələrin təkrarlanmaması üçün tərəflərin qüvvələri həmin xəttdən təhlükəsiz məsafədə yerləşdirilməlidir.

Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı Bəyannaməsinə əsasən, 2022-ci ilin oktyabrında Praqada qəbul edilmiş ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı öhdəliklərə əməl etmək lazımdır. Aİ həmçinin sərhədin demarkasiyası üzrə danışıqları aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.

 Biz bir daha təmkinli olmağa və bütün mübahisələri sülh yolu ilə həll etməyə çağırırıq", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu