Roma Papası ilə bağlı şok sənədlər ortaya çıxdı!


Yeni seçilən Roma papası Fransisin Argentinada 1976-1983-cü illərdə hərbi diktaturanın işgəncələrinə göz yumduğunu təsdiq edən sənədlər ortaya çıxıb. Unikal.org-un “Mail on Sunday” qəzetinə istinadən verdiyi məlumata görə, martın 13-də Roma papası seçilən 76 yaşlı Fransis həmin illərdə ABŞ-ın dəstəklədiyi hərbi xuntanın din adamlarını təqib etməsinə, oğurlamasına, işgəncə verməsinə yol açıb.

Başqa sözlə, həmin dönəmdə əsl adı Corc Bergoglio olan və Cizvit təriqətinin lideri olan Fransis kilsənin din adamlarını qorumasını, mühafizə etməsini dayandırıb və din adamlarının işgəncəyə məruz qalmasına, qaçırılmasına, cinayətlərə qurban getməsinə göz yumub. O, hərbi xuntaya rəhbərlik edən faşist lider Jorge Videla ilə də sıx əlaqə qurub. Hərbi xunta tərəfindən qaçırılan, işgəncəyə məruz qalan və 5 ay ərzində yarıçılpaq bir vəziyyətdə əsir saxlanılan rahiblərdən Orlando Yorio tərəfindən hazırlanan 27 səhifəlik hesabatda Fransisin hərbi xunta ilə əlaqələrindən bəhs edilir və o, “çox təhlükəli biri” kimi xarakterizə edilir. Orlando Yorio yazır ki, hərbi xunta dönəmində 5 min nəfərin öldürüldüyü Argentinada o da hərbi donanmaya aid bir həbsxanaya salınıb: “Corc Bergoglio hərbi xuntaya mənim və digər rahib Caliksin inqilabçılarla əlaqəmiz olduğunu söyləyib. 1976-cı il mayın 23-də qaçırılaraq həbsxanaya gətirildim. 5 ay boyunca mən və Caliks ayaqlarımız və əllərimiz zəncirlə bağlı vəziyyətdə saxlanıldıq. Bizə çox az yemək və su verirdilər. Narkotik iynə vurub işgəncə altında ifadə alırdılar. Yarıçılpaq saxlanılırdıq. 5 ay sonra bir vertolyotla Buenos-Ayresdən kənarda bir düzənliyə buraxıldıq”.

İşgəncəyə məruz qalmış rahib tərəfindən açıqlanan bu sənədin Argentinada kilsəyə rəhbərlik etdiyi dönəmdə hərbi xunta ilə əlaqələrini rədd edən Papa Fransisi çətin vəziyyətdə qoyacağı gözlənilir.