Nigeriyanın cənub-şərqində naməlum şəxslərdən ibarət silahlı qrupun ABŞ konsulluğu və polis əməkdaşlarının olduğu avtomobil karvanına hücumu zamanı həlak olanların sayı 7 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Anambra əyalətinin polis rəisi Eçenq Eçenq məlumat verib.

"ABŞ konsulluğunun üç əməkdaşı və dörd polis əməkdaşı öldürülüb" deyə Nigeriyanın " Vanguard" qəzeti məlumat yayıb. "Daha iki nəfər qaçırılıb, onlar axtarılır". Səlahiyyətlilər daha əvvəl dörd nəfərin öldüyünü elan etmişdi.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, karvanda ABŞ vətəndaşı olmayıb. Maşınlarda doqquz nəfər olub.

Eçenq bildirib ki, karvan mayın 16-da Anambra əyalətinin Oqbaru rayonunda pusquya düşüb. Hücum edənlər ona atəş açıb, daha sonra bütün avtomobilləri yandırıblar. Onun sözlərinə görə, hücumda "Biafran yerli xalqları" separatçı qruplaşmasının yaraqlıları şübhəli bilinir.

ABŞ konsulluğunun əməkdaşları humanitar proqram çərçivəsində bölgəyə səfər ediblər.