Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərinin bir sıra yerlərində mövqeləri geri qaytarıblar.

“Unikal” xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində danışıb.

"Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı qoruyub saxlayır. İtki riskinin az olduğu yerlərdə bölmələrimiz əks-hücuma keçərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində cəbhənin bəzi ərazilərində 200 metr irəliləyişlər olub", - Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya hərbçiləri  üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

17:17

Ukrayna ordusu Baxmutu tam da olmasa mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar “Telegram” kanalında məlumat yayıb.

O, bildirib ki, rusiyalılar Baxmutu mühasirəyə ala bilməyib və şəhər ətrafındakı hakim yüksəkliklərin bir hissəsini itirib.

“Döyüşçülərimiz şəhərətrafı ərazilərdə irəliləməyə davam edir ki, bu da düşmənin Baxmutda qalmasını çətinləşdirir”, - Malyar vurğulayıb.

Qeyd edək ki, mayın 20-də “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bəyan edib ki, guya onun muzdluları Baxmutun bütün ərazisinə nəzarət edirlər. Bu məlumat Ukrayna rəsmiləri tərəfindən təkzib olunub.