ABŞ-da yaşayan tanınmış milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı və oğluna qarşı sui-qəsd cəhdi, ata-oğulun vəhşicəsinə döyülməsi Güney təşkilatları və milli fəallarının kəskin reaksiyasına səbəb olub.

"Unikal" xəbər verir ki, güneylilər birmənalı olaraq hadisəni terror cəhdi kimi qiymətləndirir, burda İranın əli olduğuna inandıqları haqda bəyanatlar yayır və teraktı pisləyirlər.

Yalnız GAMOH sədri Mahmudəli Çöhrəqanlı hadisənin birmənalı olaraq sui-qəsd və terror hadisəsi kimi qiymətləndirilməsinin tərəfdarı olmadığı haqda açıqlama verib. O bildirib ki, əgər terrordursa, bunu ABŞ xüsusi xidmət orqanları elan edəcək. Bunun ardınca isə Əhməd Obalının restoranlarının olduğunu, bu restoranlarda münaqişələr yaşandığını və hadisənin də şəxsi zəmində ola biləcəyini istisna etməyib.

Çöhrəqanlının bu açıqlaması güneylilərin kəskin etirazına səbəb olub. Onlar M.Çöhrəqanlının bu mövqeyinin İran fars-molla rejiminin yanaşması ilə üst-üstə düşdüyünü bildirib, GAMOH sədrini Əhməd Obalıya qısqanc münasibətə görə ittiham ediblər.

Bunun sübutlarından biri kimi isə Əhməd Obalının Azərbaycandan qayıdandan bir gün sonra, həm də ABŞ-ın tamamilə başqa ştatında – Kaliforniyada - döyüldüyünü göstəriblər. Belə ki, Əhməd Obalı və oğlu sui-qəsdə yaşadıqları ştatda, yəni Çikaqoda - məruz qalmayıblar və beləliklə, hansısa “məişət qalmaqalı” ehtimalı sıradan çıxır.