Deputatla icra başçısı niyə yola getmir?
Deputatla icra başçısı niyə yola getmir?

Eyvaz Hüseynovla millət vəkili Aqiyə Naxçıvanlı arasında mandat məsələsinə görə, narazılıq var

Oğuz rayonunun icra başçısı Eyvaz Hüseynovla rayonun deputatı Aqiyə Naxçıvanlı yola getmirlər. Bu barədə qəzetimizə məlumat verən mənbə bildirir ki, tərəflər arasında yaranmış gərginliyin əsas səbəbi mandatla bağlıdır.
Belə ki, Aqiyə xanımdan əvvəl Oğuzun deputatı olan icra başçısı Eyvaz Hüseynov xanım deputatın onun yerini tutmasına görə, bərk qəzəblidir. İcra başçısı olmasına rəğmən, bu positla kifayətlənməyən və həmişə parlamentdə olmaq arzusu ilə yaşayan icra başçısı bu səbəbdən də yerlərinin səhv düşməsiylə barışa bilmir. Elə buna görə də, vaxtaşırı tərəflər arasında narazılıqlar ortaya çıxır.
Mənbə bildirir ki, Eyvaz Hüseynov artıq xeyli vaxtdır rayonda keçirdiyi tədbirlərə xanım deputatı dəvət etmir. Hətta bir neçə dəfə Aqiyə Naxçıvanlı ona bu məsələ ilə bağlı irad tutsa da, icra başçısı onun dediklərinə əhəmiyyət verməyib.
Amma bütün bunlara baxmayaraq, Oğuzun başçısı bəzi prinsipial məsələlərdə geri addım atmaq məcburiyyətində də qalır. Ona görə ki, Aqiyə Naxçıvanlının həyat yoldaşı Prezident Admnistarsiyasında işləyir. Yəni, zərurət olduğu təqdirdə, Admnistarsiyadan gələn bir telefon zəngi hər şeyi yoluna qoyur. Vəziyyətdən çıxmaq üçün xeyli addımlar atan Hüseynov isə indiyə qədər bir çox işlərdən yaxasını kənara çəkə bilib. Ancaq bunun davamlı olmasını reallaşdırmaq arzusunda olan icra başçısı yeni taktikalar üzərində işləmək fikrindədir.
Oğuzdan gələn xəbərlərdə deyilir ki, E.Hüseynov bir müddətdir Bakıya davamlı olaraq teleqramlar vurduraraq, Aqiyə Naxçıvanlının fəaliyyətindən şikayətçi olduqları barədə rəy formalaşdırır. Milli Məclis və digər dövlət qurumlarına gələn həmin məktubların araşdırılmasını həyata keçirmək isə çətin məsələdir. Çünki bu qədər şikayəti araşdırmaq üçün günlərlə vaxt lazımdır ki, bunun üçün də rəsmi qurumlar vaxt itirmək istəmirlər. Eyni zamanda, məsələnin haradan qaynaqlandığını yaxşı bildiklərindən işin üzərinə getmək barədə düşünmürlər.
Həmin şikayətlərdə isə bir çox mətləblərə toxunulur. Məsələn, iddia olunur ki, xanım deputat Oğuz rayonunda özünə böyük biznes sahələri yaradır, əhali ilə görüşlərdən qaçır, rayona ildə bir dəfə gəlir və sair. Əslində isə A.Naxçıvanlının seçildiyi rayona getməməsi üçün əsas yoxdur. Əksinə, o, Oğuza baş çəksə də, əhali ilə görüş məsələsində problemlərlə üzləşir. Hətta belə bir iddia da var ki, həmin problemləri məhz icra başçısı yaradır.
Qaldı ki, xanım deputatın Oğuzda biznes sahibi olmasına, bu məlumatlar həqiqəti əks etdirəcək dərəcədədir. Bəzi məlumatlara görə, Aqiyə Naxçıvanlı deputat seçildikdən sonra bu istiqamətdə adamları vasitəsi ilə işlərini genişləndirməyə çalışıb. Xüsusən də istirahət zonaları salmaqla özünə gəlirli yerlər qurmaq üçün cəhdlər edir. İndiyə qədər onun Oğuzda bir neçə belə istirahət mərkəzləri inşa etdirdiyinə dair məlumatlar da var. Bu isə təbii ki, onun yerini tutmuş icra başçısının xoşuna gəlməyən haldır.
Mənbə bildirir ki, Eyvaz Hüseynov da biznes sahəsində heç də az ad çıxarmayıb. Onun Oğuz rayonunda xeyli sayda obyektlərinin olduğunu isə bilməyən yoxdur. Böyük ehtimalla, Aqiyə Naxçıvanlı da bu boşluqlardan istifadə edərək, icra başçısını bir şəkildə "yola gətirməyə" çalışacaq. Çünki bu şəkildə davam edərsə, növbəti seçkilərdə onun yenidən mandat sahib olması sual altına düşə bilər.

İnformasiya Şöbəsi