"Mən üçtərəfli bəyanatın mətnini noyabrın 9-da gecə yarısı deyil, səhər saatlarında imzaladım". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol parlamentdə 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının iclasında deyib.

"Müharibənin dayandırılması ilə bağlı danışıqları mən Rusiya Federasiyasının prezidenti Vladimir Putin vasitəsilə aparmışam. Noyabrın 8-də və noyabrın 9-da onunla 20-yə yaxın telefon danışığım olub, bütün müharibə dövründə isə Rusiya Federasiyasının prezidenti ilə 60-a yaxın telefon danışığım olub", - deyə Paşinyan bildirib. 

O, erməni tərəfinin Hadrut müqabilində Ağdamı təklif etdiyini açıqlayıb: "Sonda müzakirələr nəticəsində elə bir mətnə ​​gəldik ki, Şuşa haqqında, Ermənistan ərazisindən dəhliz yaradılması barədə heç nə deyilməsə də, hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılması, Laçın dəhlizinin açılması və orada rus sülhməramlılarının yerləşdirilməsi barədə söhbət gedirdi. 
Noyabrın 9-u səhər mən həmin mətni imzaladım. Bir daha qeyd edim ki, üçtərəfli bəyannamənin mətni noyabrın 9-da gecə yarısı deyil, səhər saatlarında imzalanıb. Məlum olub ki, Azərbaycan həmin mətni imzalamır və bir sıra yeni tələblər irəli sürür. Prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam oldu, o zaman məlum oldu ki, Azərbaycan praktiki olaraq razılaşdırılmış mətnə ​​yeni əlavələr təklif edir. İmzalanmış mətn dövriyyədən çıxdı, sonra yenidən danışıqlar apardıq. 

Azərbaycanın mətnə ​​Tavuş bölgəsinin qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif etdiyinə görə belə bir sənədin imzalanmasının istisna edildiyini bildirdim. Rəsmi olaraq qeyd olundu ki, biz sənəd imzalamırıq. Bir müddət sonra həmin bəndin sənəddən çıxarılması ilə bağlı razılıq əldə olunduğu, eyni zamanda, gecə yarısına yaxın döyüş əməliyyatlarının aktivləşməsi və Stepanakert (Xankəndi - red.) səmasında çoxlu sayda pilotsuz təyyarələrin olduğu barədə xəbərlər gəlməyə başlayıb. Sonda uzun və mürəkkəb müzakirələrdən sonra hamıya məlum olan sənədi imzaladım", - deyə o bildirib. 

Ağarza Elçinoğlu