Qırğızıstanın Şopokov dəmir yolu stansiyası yaxınlığındakı neft bazasında sistern vaqon partlayıb, 4 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, onların hamısı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sokuluk rayon Ümumi Tibb Təcrübəsi Mərkəzinə çatdırılıb. Zərərçəkmişlərdən birinin vəziyyəti ağırdır, reanimasiyadadır. Üç nəfər travmatologiya şöbəsinə yerləşdirilib. İki nəfərin vəziyyəti orta ağır, birinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

“Zərərçəkənlər üçün lazımi dərmanlar və qan komponentləri kifayət qədər miqdarda mövcuddur. Bişkekdən təcili tibbi yardım xətti ilə yanıqlar üzrə mütəxəssis olan briqada göndərilib”, - deyə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə yerində cərrah və travmatoloqlardan ibarət 3 təcili yardım briqadası işləyir.

Şopokovun neft bazasında baş verən yanğın artıq 8 yanğınsöndürmə briqadası tərəfindən söndürülür. “Qırğızıstan dəmir yolu” yanğın qatarı da onlara qoşulub. Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yerli vaxtla saat 18:06-da neft bazasında yanğın lokallaşdırılıb.