Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan 44 günlük müharibənin araşdırılması məqsədilə parlamentin istintaq komissiyasına dəvət edilə bilər.

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının rəhbəri, istintaq komissiyasının sədri Andranik Köçəryan deyib.

“Görüş zamanı bizi maraqlandıran suallara Ermənistanın keçmiş Baş Qərargah rəisindən cavablar aldıq. Lakin biz eyni adamları ikinci və ya üçüncü dəfə də çağıra bilərik. Məsələn, dördgünlük müharibə epizodunda biz ikinci dəfə Arşak Karapetyanı dəvət etdik”, - deyə Köçəryan bildirib.

Andranik Köçəryanın sözlərinə görə, Onik Qasparyanın komissiyada səsləndirdiyi sözlər Nikol Paşinyanın bugünkü bəyanatı ilə ziddiyyət təşkil etmir: “Paşinyandan sonra bir çox vəzifəli şəxsləri, o cümlədən Araik Arutyunyanı və Cəlal Arutunyanı dəvət edə bilərik”.