Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının fəalları ilə Dilicanda keçirdiyi görüş qalmaqallı məqamlarla yadda qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşr bildirir ki, görüş 6 saat davam edib və Paşinyan toplantıda iki dəfə çıxış edib.

“Baş nazir artıq Azərbaycanla imzalanacaq sülh sazişinin konkret müddəti barədə heç nə deməyib. O bildirib ki, məsələ Rusiya ilə Qərb arasında davam edən münaqişə səbəbindən qeyri-müəyyən mərhələyə daxil olub. Baş nazir vurğulayıb ki, mövcud durum ağırdır və vəziyyət daha da gərginləşə bilər. Paşinyan bəyan edib ki, Ermənistan üçün başlıca məsələ vaxt udmaqdır”, - deyə qəzetin yaydığı məlumatda vurğulanıb.

Parlamentin deputatı Qurgen Arsenyan iclas zamanı bildirib ki, 1980-ci illərin sonlarında Ermənistandan azərbaycanlıların qovulması ən böyük səhv addım olub. O hesab edir ki, azərbaycanlılar Ermənistanda qalıb yaşamalı idilər. Arsenyanın çıxışı birmənalı qarşılanmayıb və kəskin müzakirələrə səbəb olub.

Görüşdə Paşinyanın tərəfdarlarından olan Mariya Karapetyan Rusiya əleyhinə çıxışı ilə yadda qalıb. O, hakimiyyəti radikal addımlar atmağa, Rusiyadan imtina etməyə çağırıb.