Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov Rusiyada hərbi qiyam cəhdinin nəticələrini dəyərləndirərək, hakimiyyəti öz siyasətini dəyişməyə çağırıb.

"Unikal" xəbər verir ki, Markov bu barədə sosial şəbəkə hesabında yazıb.  

Onun fikrincə, rus xalqı və bütün dünya “Rusiyanın kəskin siyasi böhran astanasında olduğunu” gördü:

"İndi müqavimət iflasa uğradı. Amma bunların hamısının fundamental səbəbləri var idi. Səbəblər qalsa, qiyam təkrarlanacaq. İndi xaos və vətəndaş müharibəsi təhlükəsi keçdiyi üçün ölkənin yanlış istiqamətdə getdiyini açıq şəkildə söyləmək lazımdır. Artıq il yarımdır ki, ölkədə müharibə gedir. Dünyanın yarısı ilə münaqişədə olan və indi də vətəndaş müharibəsi astanasında olan bir ölkə”, - deyə o qeyd edib.  

Markovun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti “Vladimir Putin əhalinin mütləq əksəriyyətinin böyük dəstəyinə və lazımi dəyişiklikləri həyata keçirmək imkanına malikdir. Amma bu dəyişikliklərin nə olacağı hələ də açıq sualdır. Hər halda, aydındır ki, biz dəfələrlə uğursuzluğa düçar olmuş məsləhətçilərin deyil, xalqın sözünə qulaq asmalıyıq...", -  o yazıb. 

Rusiyalı politoloq qiyam zamanı həlak olan 15 əsgəri “ordunun elitası, super peşəkarlar” adlandırıb.

Onun qənaətinə görə, əgər ikinci qiyam olarsa, o zaman çoxları öləcək, ciddi heç nə dəyişməsə, üsyanın səbəbləri qalsa, ikinci üsyan qaçılmaz olacaq.

Gülayə Mecid