Paytaxt rayonlarında əlillər üçün bina niyə tikilmir?
Paytaxt rayonlarında əlillər üçün bina niyə tikilmir?
5 minə yaxın Qarabağ əlil bu gün mənzil növbəsindədir

Azərbaycanda 11 min Qarabağ əlilindən 5 minə yaxını bu gün mənzil növbəsindədir. Onlardan biri də Rafiq İbadovdur ki, uzun illərdir "Azərsutikinti" xəstəxanasının ərazisindəki qaraj tipli bir evdə yaşayır. Təbii ki, əgər o evi, orada yaşamağı yaşamaq adlandırmaq mümkünsə. Elə Rafiq namümkünü mümkün eləmək istəyirdi.
Damın üstünə qalxmışdı ki, yağış sularının axdığı yerləri suvaqla doldursun. Bir qol ilə bunu etmək təbii ki, çətin idi. Amma ən çətini Rafiqin danışdıqlarını dinləmək idi . O, müharibədə təkcə bir qolunu itirməyib.
Rafiq I qrup əlil kimi 184 manat pensiya və 99 manat prezident təqaüdü alır. Maddi çətinilyi bir yana, üstəlik mənzil şəraitinin də pis vəziyyətdə olması iki uşaq atasını hər kəsin yanında başıaşağı edib. 2006-ci ildən Suraxanı rayonunda ev növbəsinə dayanan Rafiq daha neçə il gözləməli olduğunu bilmir. Çünki onun fikrincə, bu sahədə işlər çox ləng aparılır. Elə Azərbaycan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firidun Məmmədov da belə düşünür. Deyir ki, Qarabağ əlillərinin mənzillə təminatı sahəsində mütləq islahatlar aparılmalıdır. Yəni hər il maksimum 100-200 əlilə ev verilməsiylə bu problemi aradan qaldırmaq mümkün olmayacaq. "Məsələn, may ayında mənzil komissiyası işə başlayacaq. Bu, 2001-2002-ci illərdə ev növbəsində duranlara şamil ediləcək. Müqayisə üçün deyim ki, Səadət sarayına xərclənən pullara min Qarabağ əlilinə ev verilə bilərdi. Amma 1000 nəfər müharibə əlili bir neçə ilə ev alır",-deyə Vətən Müharibəsi Əlilləri İB-nin sədri Firidun Məmmədov əlavə edib.
II qrup Qarabağ əlili, jurnalist Rey Kərimoğlu isə hesab edir ki, əlillərə mənzillərin verilməsində şəffaflıq prinsipləri də pozulur.
Məqalənin qəhrəmanı Suraxanı rayonunda mənzil növbəsinə dayandığından rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarovla görüşüb. İcra rəsmisinin sözlərinə görə, hazırda bu rayonda 115 nəfər Qarabağ əlili mənzil növbəsindədir ki, Rafiq İbadov bu siyahıda 70-ci yeri bölüşür. Mənzillərin bölüşdürülməsi isə mənzil komissiyası tərəfindən aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilyinin aparat rəhbəri Elnur Kələntərov da bilidirib ki, nazirlik ancaq evlərin tikintisinə cavabdehdir. Siyahılar onlara yerli icra hakimiyyətləri tərəfindən göndərilir və 20 nəfərdən ibarət komissiyada kimə mənzil verilməsi araşdırılır: "Siyahıda durmaq hələ ev almaq demək deyil. Onu araşdırırlar. Adında ev varsa, avtomatik siyahıdan çıxarılır".
Nazirlik rəsmisi mənzillərin verilməsində şəffaflıq prinsiplərinin pozulmasını və əlillər üçün evlərin şəhər kənarında tikilməsi kimi ittihamları da qəbul etmir. Onun sözlərinə görə, əsas mənzilin tikilməsidir. Mənzilin harada tikilməsi isə müzakirə predmeti olmamalıdır.
Qeyd edək ki, bu gün Bakının mərkəzi rayonlarında əlillər üçün bina tikintisi demək olar ki, aparılmır. Məsələn, Nizami, Nərimanov, Xətai rayonları bu qəbildəndir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, son 10 ildə bu rayonlar əlillərə mənzil tikintisi üçün torpaq ayırmayıb. Amma bu rayonlarda hündürmərtəbəli binalar, avtosalonlar və hər cür saray kimi evlərə torpaq ayrılıb.