Polşanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Mariuş Pyotr Jak Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin biomaterialını qanunsuz götürməyə cəhd edən polşalı həkimlə bağlı insidentə görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. 

“Unikal” Gürcüstan mediasına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatına görə, iyulun 12-də Saakaşvilinin müayinəsi zamanı polşalı həkimlərdən biri Saakaşvilinin ayaqqabısındakı biomaterialı gizli şəkildə çıxarmağa cəhd edib.

Bundan əvvəl ədliyyə naziri Rati Breqadze Gürcüstanın Xarici İşlər Nazirliyinə insidentlə bağlı səfirliyin mövqeyini dinləmək xahişi ilə müraciət edib. Breqadzenin sözlərinə görə, Polşa səfirliyi həkimlərin gəlişi prosesinə cəlb olunub və onlara tövsiyələr verib.

Ədliyyə naziri qeyd edib ki, polşalı həkimin özü də məhkumdan götürülmüş nümunənin corabın içinə qoyulması faktını təsdiqləyib.

Hələlik Polşanın Gürcüstandakı səfirindən rəsmi şərh və ya açıqlama verilməyib.

Nuranə Abbasova