Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilini müayinə etmək üçün Tbilisiyə gələn Polşa nümayəndə heyətinin tərkibində olan həkimlərdən birinin davranışı anlaşılmazlıq və narahatlıq yaradır, eyni zamanda bütün prosesi etibardan məhrum edir. 

“Unikal” “Sputnik” Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin departament rəhbəri İlya Darçiaşvilinin Polşanın müvəqqəti səfiri Mariuş Pyotr Jakla görüşünə dair yayılmış məlumatda deyilir. 

“Görüşdə gürcü tərəfi vurğuladı ki, Polşanın tibbi missiyasına daxil olan həkimlərdən birinin davranışı anlaşılmazlıq, narahatlıq yaradır, həmçinin bütün prosesi etibardan məhrum edir”, - Gürcüstan XİN-in bəyanatında bildirilir. 

İyulun 14-də Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məlumat yayıb ki, iyulun 12-də Saakaşvilinin müayinəsi zamanı polşalı həkimlərdən biri Saakaşvilidən götürülmüş biomaterialı ayaqqabısında gizli şəkildə çıxarmağa cəhd edib. Polşa diplomatı bazar ertəsi bu insidentlə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb. O, şərh vermədən ofisdən çıxıb.

"Xarici İşlər Nazirliyindəki polşalı diplomatdan insidentlə bağlı mövqeyini dəqiqləşdirməyi xahiş ediblər. Görüşdə polşalı diplomat qeyd edib ki, o, polşalı həkimin belə davranışına nəyin səbəb olduğunu bilmir", - məlumatda qeyd olunub. 

Nuranə Abbasova