“İndiki situasiyada türk dövləti qalib gəldi”


Elxan Mehdiyev: “Türk dövləti bu məsələni həll etmək üçün vuruşan tərəflə danışıqlara getməyi üstün tutdu”

“Zamanında PKK-ya qarşı vuruşmuş insanlar indi cəza evlərindədirlər”

Son günlər qardaş Türkiyənin siyasi həyatında mühüm proseslər baş verməkdədir. Ərdoğan hökumətinin terrorçu PKK ilə apardığı danışıqlar ölkədə ziddiyyətli şəkildə dəyərləndirilir. Bu yöndə suallarımızı tanınmış politoloq, Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev cavablandırır.

-Türkiyədə indiki iqtidar həbsdə olan PKK lideri ilə danışıqlara getdi və nəticədə müəyyən razılaşmalar əldə edildi. Sizcə, bu razılaşmalar Türkiyənin PKK problemini həll edəcəkmi?

-Bu prosesə bu gün başlayan bir hal kimi ad qoysaq da, bunlar bu gün ortalığa çıxan məsələlər deyil. PKK-nın başladığı terror əməliyyatları 90-cı illərdən baş alıb gəlir və ötən əsrin son illərində daha geniş miqyas aldı. 1999-cu ildə PKK-nın başçısı Abdulla Öcalanın həbsindən sonra terror əməliyyatları bir qədər səngidi və 2000-ci illərdə daha da zəiflədi. Amma sonrakı illərdə terror yenidən alovlanmağa başladı və keçən il bir sıra qanlı olaylar meydana çıxdı. Əsgərlər və dövlət məmurları PKK-nın əsas hədəfinə çevrildi. Bu hadisələr Türkiyənin gündəmini də dəyişdirdi. Bunlar PKK-nın fəaliyyəti nəticəsində qeydə alınanlardır. PKK-nın siyasi qanadı olan BDP və DTP seçim vasitəsilə parlamentə düşüb. Onlar da PKK-nın dediklərini həm cəmiyyətdə, həm də parlamentdə reallaşdırmağa başladılar. Bu siyasi qurumların təmsilçiləri kürdlərin məskunlaşdığı bölgələrdə bələdiyyələrdə mühüm postlar da tutublar. Bildiyiniz kimi, PKK Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparmaqla yanaşı sivil strukturlar da yaradıb. Sonralar Türkiyənin güc strukturları bu qurumun minlərlə üzvünü həbsə atdı. Yəni PKK öz mübarizəsini böyük bir dalğa halına gətirə bildi. Bu, faktdır ki, PKK məsələsi Türkiyə üçün ciddi bir problemə çevrilib. Türkiyənin dünyada və o cümlədən Yaxın və Orta Şərqdə nüfuzunun güclənməsi və ərəb dünyasında baş vermiş inqilablar Türkiyəni daha da önə çıxardıb. Amma PKK məsələsi bu istiqamətdə öndə getmək əvəzinə Türkiyəni geri salırdı. Təsəvvür edin ki, son dönəmdə Türkiyənin Suriya ilə bağlı mövqeyinə cavab olaraq həm Suriya, həm də İran tərəfindən həmin qüvvələr silahlandırılaraq aktivləşdirildi. Son zamanlar Türkiyədə terrorun güclənməsi də bu amillə bağlı idi. Belə bir mənzərənin içində Türkiyə hökuməti nə etməliydi? Türkiyə bu problemi hansısa formada həll etməliydi. Çünki PKK-nın tələbləri bütün kürdlərin deyil, kürd kəsiminin bir qismini əhatə edən tələblərdir. Çünki PKK-nın Böyük Millət Məclisində otuza yaxın parlament üzvü varsa, deməli, onlara iki milyondan çox seçici səs verib. İki milyondan çox seçici səs veribsə və onların çağırışlarına dəstək verirsə, deməli, onların tələbləri müəyyən mənada o kütlənin bir təbəqəsinin tələbidir. Türkiyə isə demokratik bir dövlətdir və demokratiyanı dərinləşdirməyə çalışan bir ölkədir. Ona görə öz ərazisində yaşayan etnik qrupların maraqlarını və tələblərini demokratik yolla həll etməyə çalışır. Və sonda bu otuz il ərzində davam edən antiterror əməliyyatları situasiyanı dəyişmədiyindən türk dövləti bu məsələni həll etmək üçün vuruşan tərəflə danışıqlara getməyi üstün tutdu.
Mən münaqişələrlə çox məşğul olduğumdan düşünürəm ki, bu addım düzgün qərar idi. Vuruşan tərəflə, üsyan edən tərəflə danışıqlara gedirsənsə, o zaman problemi həll edə bilərsən. Türkiyə də böyük bir dövlətdir və bu cür danışıqlara getmək heç də Türkiyənin suverenliyinə, bütövlüyünə, daxili birliyinə və iqtisadiyyatına zərər verə bilməz. Əksinə, son nəticə Türkiyənin daha da güclü çıxmasına kömək edəcək. Terror aktları bundan sonra da davam etsəydi, onun miqyası genişlənərdi və kürdlərin məskunlaşdığı ərazilər Türkiyənin mərkəzi hökumətinin nəzarətindən çıxa bilərdi. Nəticədə məsələyə beynəlxalq qüvvələr qoşula bilərdi. Türkiyə də Azərbaycan kimi qalardı beynəlxalq qüvvələrin əlində. Beləliklə, məsələ daha da böyümüş olardı. Amma münaqişənin indiki mərhələsində onu Türkiyənin mərkəzi hökumətinin əliylə həll etmək Türkiyənin dövlət maraqlarına uyğundur. Elə indi tutulan yol da həmin yoldur.

-Dediklərinizlə mübahisə etmək niyyətində deyiləm. Amma mənə elə gəlir ki, Türkiyə PKK-nın qarşısında məğlub oldu...

-Nəyə görə məğlub olur? Yox. Mən elə deməzdim. Nəyə görə? Çünki indi siz o biri tərəfi – vuruşan tərəfi təsəvvür edin. Onlar Türkiyə dövlətinin tələbinə uyğun olaraq Türkiyədə yerləşdikləri bütün yerlərdən yaraqlıları, terrorçuları çıxartmağa razılıq verir və Türkiyə dövlətinin birliyini, bütövlüyünü tanıyır. Abdulla Öcalanın müraciəti bunu göstərirdi. Onlar Türkiyə dövlətinin daxilində mədəni və yəqin ki, gələcəkdə müəyyən administrativ, siyasi haqlarının tanınacağını nəzərə alaraq bu addımı atıblar. Onlar əvvəllər, yəni 90-cı illərdə Türkiyədən ayrılıb bir kürd dövləti qurmaq tələbləri ilə çıxış edirdilər. Amma indi onların liderləri Türkiyə dövlətinin sərhədləri içində kürdlərin də haqlarının tanınması ilə razılaşır və bu ruhda çıxış edir. İkinci bir tərəfdən, danışıqlara gedilirsə, məsələnin həlli üçün dinc yol seçilirsə, vuruşan tərəfin də maraqlarını nəzərə almalısan. Bunsuz danışıqlara getməyin mənası və nəticəsi olmazdı. Yəni tələblərin hamısı yerinə yetirilməsə də, kompromis bir variant baş tutmalıdır. Əksinə, indiki situasiyada türk dövləti qalib gəldi. Belə ki, Abdulla Öcalan və onun PKK-sı Türkiyə dövlətini tanıdığını elan etdi və Türkiyənin sınırları daxilində kürdlərin haqlarının artırılması və genişləndirilməsi nəzərdə tutulur. Amma onlar həm də öz milli kimliklərinin ifadə edilməsini də istəyirlər. Bu da türk dövləti üçün faciə deyil. Bu proses Türkiyəni fərqli bir məcraya aparır, amma sonucda türk dövlətçiliyi qalib gələcək və daha da güclənəcək.

-Belə çıxır ki, Ərgənəkon prosesi bu barışığı hazırlamaq üçün nəzərdə tutulurmuş?

-Bu, məsələnin başqa bir tərəfidir. Ərgənəkon prosesinə birmənalı qiymət vermək olmur. Sualınızı həm təsdiq, həm də inkar etmək mümkündür. Hazırda bu baxımdan Türkiyədə təzadlı bir durum yaranıb. Ordu və generallar, canını və qanını Türkiyənin varlığı və bütövlüyü üçün vermiş, zamanında PKK-ya qarşı vuruşmuş insanlar indi cəza evlərindədirlər. Amma digər tərəfdən, türk əsgərini öldürən terrorçu qüvvələr indi Türkiyə hökuməti ilə tərəfdaş olaraq guya sülh arayışındadır. Bu, məsələnin bir tərəfidir. Bu da var ki, ordunun rolunun zəiflədilməsi Ərdoğan hökumətinə daha geniş qol-qanad açmağa imkan verib. Məhz bundan sonra Ərdoğan Öcalanla, PKK ilə danışıqlara gedə bildi. Hazırda Türkiyədə buna ən çox etiraz edən Milliyyətçi Hərəkat Partiyasıdır. İndi MHP-yə qarşı da müəyyən addımlar atılmağa başlanıb. Amma vəziyyətə qlobal baxımdan yanaşsaq, Ərdoğanın yanaşması Türkiyənin xeyrinədir və dövlətin atdığı bu addım doğru bir addımdır.

-Sizcə, bu prosesdən sonra Ərdoğan hökumətinin Türkiyədə nüfuzu artacaq , yoxsa azalacaq?

-Türkiyə cəmiyyəti iki hissəyə bölünüb. AKP-nin özünün tərəfdarlarını da bir neçə hissəyə ayırmaq olar. Onlardan biri AKP-nin tərəfdarları və dini kökənli insanlarıdır. Digər tərəfdən Ərdoğanın millətçi çıxışları, yəni islam ölkələrini, Fələstini müdafiə etməsi, İsrailə qarşı çıxışları dini olmayan dairələrdə də rəğbət qazandırıb. AKP-ni dəstəkləyənlər arasında son illərdə Türkiyənin inkişafından faydalanaraq bizneslərini quran işadamları da var. Türkiyə cəmiyyətinin digər hissəsi Atatürkçü insanlardır. Onlar Ərdoğanı Türkiyənin maraqlarına zərbə vuran addımlarından çox narahatdır. Cəmiyyətdə orduya qarşı aparılan intiqamın qəbuledilməzliyini, Ərdoğana qarşı qəzəb və nifrəti də görürük. Atatürkçülüyün sütunlarından olan universitetlərdəki dəyişikliklər də Türkiyənin zəiflətməyə yönəlik addımlar kimi dəyərləndirilir. Bu cür davam edərsə, düşünmürəm ki, Türkiyə güclənəcək, əksinə islam təmayüllü qüvvələrin daha da şirniklənməsi və ölkənin bel sütunu olan ordunun daha da zəifləməsini müşahidə edə bilərik. AKP-nin bir çox addımları PKK terrorunun güclənməsinə, ölkəni etnik bölücülüyə aparan cərəyanların yaranmasına səbəb olmuşdur. İndiki məqamda Türkiyə bölünmüş bir cəmiyyətdir. Bir tərəfdə Atatürk ideyaları üzərində köklənmiş insanlar, digər tərəfdə isə dini maraqlar ətrafında birləşən insanlar yer alıb.

Söhbətləşdi: Savalan