Srebrenitsa:

Bu günədək Srebrenitsa soyqırımı zamanı qətlə yetirilmiş 8 mindən artıq şəxsdən 50 faizinin şəxsiyyəti müəyyənləşib, soyqırımın bütün qurbanlarının tanınması prosesinin tam başa çatması üçün hələ 18 il də tələb olunur.

APA-nın Srebrenitsaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə şəhər meri Çamil Durakoviç bildirib.

Srebrenitsa soyqırımı Yuqoslaviyada 1991-1995-ci illərdə gedən müharibənin ən qanlı və kədərli səhifələrindən biridir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ilin aprelində “təhlükəsizlik zonası” elan etdiyi Srebrenitsa anklavı Bosniya serb hərbi birləşmələri tərəfindən ələ keçirilib. 1995-ci ilin iyulunda burada 8,300-dən çox bosniyalı müsəlman qətlə yetirilib.

Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi ucaldılıb

2003-cü ildə Srebrenitsada məzar daşlarının üzərində eyni ölüm tarixi – 1995-ci il – yazılmış qəbirilsatnlğın yaxınlığında soyqrımı qurbanlarının xatirəsinə abidə kompleksi ucaldılıb. Böyük daş plitələrin üzərinə soyqırımı zamanı qətlə yetirilmiş 8372 nəfərin adı yazılıb. Soyqırımı qurbanları arasında 13-77 yaşlı kişilər də var. Kompleksin üzərinə “Srebrenitsa hadisələri heç vaxt və heç yerdə təkrarlanmasın deyə, qoy anaların göz yaşları dua olsun” sözləri yazılıb.

Bu günədək hər il məzarlıqda şəxsiyyətləri müəyyənləşmiş 500-600 soyqırımı qurbanı torpağa tapşırılır. Müharibə dövründə cinayətin izlərini itirmək üçün qətlə yetirilmiş boşnakların meyitləri müxtəlif yerlərdə torpağa basdırılıb. Buna görə də kütləvi məzarlıqların açılması və meyit qalıqlarının tanınma prosesi hələ də davam edir. Şəxsiyyəti müəyyənləşməmiş meyitlərin qalıqları Tuzla şəhərinin ölüxanasında saxlanır.

Bosniya və Herseqovina üzrə Ali Nümayəndə Valentin İntsko hesab edir ki, meyitlərin qalıqlarının dəfn olunması soyqırımı qurbanlarının qohumları üçün çox vacibdir: “Srebrenitsada övladlarını və ərini itirmiş bir qadın mənə dedi ki, bütün bu illər ərzində doğmalarını torpağa tapşırdıqdan sonra nəhayət ki rahat yatmağa başlayıb”.

Srebrenitsa bu gün

Müharibədən əvvəl 36666 nəfərin yaşadığı Srebrenitsada bu gün cəmi 7 min nəfər yaşayır. Şəhər merinin sözlərinə görə, Srebrenitsada işsizlik səviyyəsi 43 faiz təşkil edir. Bu səbəbdən gənclər şəhəri tərk edirlər. Müharibəyə qədər yerli iqtisadiyyatın əsasını təbii sərvətlərin hasilatı təşkil edib, lakin müharibə sənaye zonasını məhv edib.

“İnsanların burada yaşaması üçün stimul yoxdur”. Çamil Durakoviç belə hesab edir.

1995-ci il hadisələrindən sonra boşnakların bir hissəsi Srebrenitsaya və ətraf ərazilərə qayıdıb. Müharibəyə qədər Srebrenitsa əhalisinin 78 faizini boşnaklar, 9 faizini serblər təşkil edib. İndi isə şəhərdə təxminən 4 min boşnak yaşayır, əhalinin qalan hissəsi serblərdir. Merin sözlərinə görə, müsəlman əhali 2003-cü ildən doğma şəhərə qayıtmağa başlayıb və o vaxtdan Srebrenitsada serblərlə boşnaklar arasında heç bir insident qeydə alınmayıb.

“O vəhşilikləri törədənlər çoxdan buralarda yaşamır, əli qana batmamış serblərlə isə heç bir problemimiz yoxdur. Biz bu soyqırımın baş verməsinə, insanlar arasında kin-küdurət toxumu səpilməsinə yalnız təəssüf edirik. Müharibə heç nəyi dəyişə və heç nə verə bilməz. Bütün tərəflər eyni faciəni yaşayıblar, çünki hər iki tərəfdən qurbanlar olub”.

“Srebrenitsada insanlar arasında fərdi olaraq münasibətlər pis deyil: “Çünki onların birgə yaşamaq ənənəsi var”. Bu fikirlər isə “Srebrenitsanın dostları” qeyri-hökumət təşkilatının rəhbəri Draqona İovanoviçə məxsusdur. O qeyd edir ki, siyasətçilər Srebrenitsa hadisələrində seçkilərdə əlavə səs qazanmaq üçün istifadə edirlər. Başqa bir münaqişəni, yaxud problemi gizlətmək üçün bu problemi gündəmə gətirirlər”.

Çamil Durakoviçin sözlərinə görə, müharibədə ərini və dörd övladını itirmiş bosniyalı müsəlman qadın bu gün serb qonşusunun evinə sakitcə qəhvə içməyə gedə bilir: “Düzdür, insanların bir yerdə yaşamağın necə mümkün ola biləcəyini anlaması üçün zaman tələb olunub. Bir vaxtlar Srebrenitsaya ilk qayıdanların avtobuslarını daşa basırdılar”.

Günahkarların cəzalandırılması, kompensasiya və mülkiyyət məsələləri

Srebrenitsa merinin fikrincə, əsas problem odur ki, soyqırımı törədənlərin bir çoxu heç vaxt cəza almayacaqlar: “Çünki onların sayı həddən artıq çox olub və bunu məhkəmədə isbatlamaq çox çətindir. Qətllərə fərman verən bəzi komandirlər mühakimə olunublar, digərləri üzərində məhkəmə prosesi hələ də davam edir, cinayətkarların bir hissəsi isə hələ də həbs olunmayıb”.

Müharibə illərində müsəlman əhalisi zərər görmüş Priedor şəhərinin boşnak sakini Zinaida Xoşiç hesab edir ki, cinayətkarın cəzalandırılması hər bir cinayət qurbanı üçün vacibdir: Qətllərdə günahkar olanların heç də hamısı mühakimə olunmayıb. Mən şəxsən hesab edirəm ki, onların bir çoxu Haaqada mühakimə olunmayacaq”.

2007-ci ilin yanvarında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal serblərin Srebrenitsadakı hərəkətini soyqırımı kimi dəyərləndirib.

2003-cü ildə Bosniya və Herseqovina Serb Respublikasının rəhbərliyi Srebrenitsada kütləvi qətllərə görə günahkar elan olunub. Lakin serblər hələ də həmin hadisələr barədə danışarkən onu “ciddi hərbi cinayət” adlandırır, soyqrımı ifadəsini nadir hallarda işlədirlər.

2010-cu ildə Serbiya parlamenti Srebrenitsadakı qırğınları kəskin şəkildə pisləyib və həlak olanların qohumlarından üzrxahlıq diləyib.

Srebrenitsa qurbanlarının doğmalarına kompensasiya ödənilməsi nəzərdə tutulmayıb, Bosniya və Herseqovinada münaqişə nəticəsində məcburi köçkün düşənlərin əmlakının qaytarılması məsələsi isə həll olunub. Şəhər meri belə deyir. Münaqişə zamanı Srebrenitsadan məcburi köçkün düşmüş boşnak Fatimə Orloviç isə hələ də öz torpağını qaytarmaq üçün məhkəmələrdə sürünür. Məcburi köçkün illərində onun torpağında kilsə tikilib. Fatimə Orloviç isə başqa yerdə yaşamaqdan imtina edərək mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.


Srebrenitsa minlərlə dinc sakininin öldürülməsi ilə nəticələnən düşmənçilik və iki cəmiyyət arasında qarşıdurma maneəsini aşmağa müvəffəq olub. Şəhər həlak olmuş övladlarını dəfn etməkdə davam edir və hələ də əsl günahkarların baş verənlərə görə cəzalandırılacağına ümidini itirmir.