Bakıda ancaq qadınlar üçün... sürücülük kursu
Bakıda ancaq qadınlar üçün... sürücülük kursu

Azərbaycan paytaxtında zəif və zərif cinsin nümayəndələrin üçün ilginc bir ünvan varmış

"Bir nizamlanan yol ayrıcı var, bir də nizamlanmayan yol ayrıcı. Əgər yolda svetofor, yaxud nizamlayıcı varsa, o olacaq nizamlanan yol ayrıcı. Həmin nizamlayıcı siqnallarını mən bir daha təkrarlamaq istəyirəm..." - bunlar sürücülük kursunda nəzəriyyə dərsindəndir.

Sürücülüyü öyrənmək istəyənlər isə yalnız qadınlardır. Buranı Bakıdakı başqa sürücülük məktəblərindən fərqləndirən də tələbələrin qadınlar olmasıdır.

"Fikirləşirdim ki, yəqin Bakıda belə bir şey yoxdur"

22 yaşlı Nigar Ağayeva da deyir ki, ümumi kurslardan fərqli olaraq o, burada özünü daha rahat hiss edir: "Maşın sürməyə qərar verəndə istəyirdim ki, gedəcəyim kurs ancaq qadınlar üçün olsun. Fikirləşirdim ki, yəqin Bakıda belə bir şey yoxdur. Soraqlaşandan sonra buranı tapdım. Qadınlarla öyrənmək mənim üçün daha rahatdır. Suallar verəndə, hərəkət edəndə özünü daha sərbəst hiss edirsən".
Sürücülüyü öyrənmək istəyən qadınlar Bakıdakı "Tefl" Tədris Mərkəzində yığışır. Aralarında tələbələr də var, işləyənlər də, evdar qadınlar da. Mərkəzin direktoru Ulduz İlyasova deyir ki, burda müxtəlif kurslar fəaliyyət göstərir. Təkcə sürücülük kursları ancaq qadınlar üçündür. Bu kurs bir ildən çoxdur fəaliyyət göstərir. Əvvəllər burda təlimçi kişi olub. Bu ilin fevralından isə qadınlara təlim dərslərini qadın keçir.

İlk növbədə təlimçinin
kimliyi ilə maraqlanırlar

Ulduz İlyasova deyir: "Xanımlarımızın yoldaşları bizə zəng vuranda ilk növbədə soruşduqları sual bu olur - təlimçi kişidir, yoxsa qadın? Qiymət, vaxt arxa plana keçir, onlar ilk növbədə təlimçinin qadın, yoxsa kişi olması ilə maraqlanırlar. Biz deyəndə ki, təlimçi qadındır, çox sevinirlər, bizə müraciət edirlər. Bundan başqa bizdə hicablı xanımlar da çoxdur, onlar da sırf qadın təlimçi istəyirlər. Biz də qadınlar üçün bu şəraiti yaratmışıq".
Təlimçi Gülnarə Ramazanovanın 20 illik sürücülük təcrübəsi var. Deyir ki, maşın sürən qadınların bəziləri nəzəriyyəni öyrəndiklərindən yol hərəkəti qaydalarını bilmirlər: "Yolda maşın sürən qadınlar çox vaxt yol hərəkəti qaydalarını bilmirlər. Bu da ondan irəli gəlir ki, nəzəriyyəni keçirlər, ancaq təlimə getmirlər. Yəqin ya kurslarda təlimçi kişi olur, ya da ailədə icazə vermirlər. Ona görə getmirlər. Bizdə təlimə gələnlərdən isə çox razıyam, yaxşı qavrayırlar".

"İndi yoldaşım qısqanır"

Kursa gələn Rəhimə Quliyeva hicablıdır. Deyir ki, onu da kursa gələndə ilk növbədə təlimçinin qadın olub-olmaması maraqlandırıb: "Həm təlimçilər qadınlar olduğu üçün, həm də özüm hicablı olduğumdan evdə mənə buranı məsləhət gördülər. Təlimçi kişi olsaydı, yəqin ki, təlim keçməyəcəkdim. Ya da onda gərək uşaqlarımdan biri yanımda olaydı" .
Kursa gələn Esmira Əliyeva deyir ki, özünün əsas istəyi sürücülüyü öyrənmək olsa da, bura ancaq qadınların gəlməsi həyat yoldaşını çox sevindirib: "Həmişə qadın sürücülərə həsədlə baxmışam. Sürücülük imtahanlarının necə olması ilə tanış olmaq üçün Dövlət Yol Polisinə getdim. Orada bir dəstə qız gəldi, imtahandan keçdilər. Qızlardan soruşdum, dedilər ki, qadınlar üçün kurs var. Yoldaşımla ikimiz gəldik. Saatları öyrəndik, elə o gündən gəlirəm. İndi yoldaşım da rahatdır, qısqanmır, qadınlarla oturmuşam. Qadınlarla dərs keçirəm".

"Qadınla sərbəstik"

55 yaşlı Zəkiyyə Əhmədovanın dediyinə görə, onu da ümumi kurslara getməkdən çəkindirən məqam əks cinsin yanında sərbəst davrana bilməməsi olub: "Əvvəldən maşın sürməyi xoşlayırdım. Çox istəyirdim ki, bu arzuma çatım. Bu yaşda Allah qismət elədi. Bura gəldim. Ümumu kurslara ona görə getmədim ki, orada bir az kişi məsələsi var. Qadınlar belədir ki, sərbəstik. Təlimçi də qadındır. Məncə qadın qadınla daha yaxşı dil tapır".
Sürücülük kursuna gələn qadınlar həftədə iki dəfə iki saat olmaqla bir ay yarım həm nəzəriyyəni, həm də təlimi öyrənirlər. Bunun üçün 100 manat ödəyirlər.
Tədris Mərkəzinin direktoru Ulduz İlyasova deyir ki, gələcək planlarında qadınlara motosiklet sürməyi öyrətmək də var.

Kəbiran Dilavərli