ABŞ-Azərbaycan münasibətlərində gərginlik
ABŞ-Azərbaycan münasibətlərində gərginlik

Dövlət katibi zəng etmək zorunda qaldı

Son zamanlar bir sıra beynəlxalq təşkilatların Azərbaycanda siyasi proseslərə cəhd etmələri ilə bağlı xəbərlər yayılmaqdadır. Hətta belə bir iddiada qaldırıldı ki, dünyaca məhşur Milli Demokratiya İnstitutu Azərbaycanda müxalifətə dəstək verir və facebook inqilabı etmək üçün milyonlarla dollar pul dövriyəyə buraxıblar.

Məsələ o həddə qədər gərginləşdi ki, sonda Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevdə açıqlama verərək bu məsələnin araşdırılacağını və lazımi ölçülərin götürüləcəyini bəyan etdi. Çox maraqlıdır ki, ABŞ-ın Milli Demokratiya İnstitutu onlara ünvanlanan ittihamlara açıq şəkildə cavab vermədi və belə rəy yarandı ki, deyilənlərdə həqiqətdə var. Başqa maraqlı bir gediş isə bu oldu ki, bu qalmaqallardan sonra Azərbaycan hakimiyyəti ATƏT-in Bakı ofisinin də fəaliyyətinə yenidən baxmaq qərarı verdi və müəyyən məhdudiyyətlərin qoyulması istənildi. Bu arada aydın oldu ki, hüquq-mühafizə orqanları da məsələlərə biganə yanaşmayıblar və artıq müəyyən işlər görülüb. Məsələn, Milli Təhlükəsizlik Nazirliyi Milli Demokratiya İnstitutu ilə bağlılığı olan Nida gənclər təşkilatının fəaliyyətini araşdırmağa başladı və bir neçə şəxs kütləvi iğtişaşlar yaratmaqda ittiham edilərək həbs olundu. Bundan başqa artıq respublika Prokurorluğuda konkret fəaliyyətə keçib. Belə ki, Azərbaycanın Baş Prokuroru Zakir Qaralov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov baş prokuror Zakir Qaralovun Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstara müraciət etdiyini təsdiqləyib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən də belə bir müraciətin olduğunu təsdiqləyiblər. Səfirliyin mətbuat xidmətindən bildirilib ki, məktub baxılması üçün MDİ-yə göndərilib.
Səfirlikdən o da bildirilib ki, MDİ-nin və onun Azərbaycan nümayəndəliyinin fəaliyyəti vətəndaş cəmiyyətinin Azərbaycanın həyatında aktivliyini və demokratiyanın inkişafını dəstəkləməyə yönəlib.
Bunu da qeyd edək ki, göndərilən məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda”sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.
Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.Bunu da qeyd edək ki, deyilənlər təsdiqini taparsa bu qurumun fəaliyyəti dayandırılacaq. Xatırladaq ki, bir neçə il öncə də Milli Demokratiya İnstitutunun fəaliyyətində nöqsanlar aşkarlandığından fəaliyyəti dayandırılmışdı. Ancaq MDİ-in direktoru, ABŞ-ın keçmiş dövlət kaibi Maldren Olbrayt məsələyə müdaxilə edəndən və Azərbaycana səfərindən sonra problem aradan qaldırılmışdı. Görünür yenə eyni vəziyyətin yaranması ABŞ rəsmilərini narahat edib və artıq ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova zəng edib.
Diplomatik mənbələrdən məlum olub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti, ATƏT-in Bakı Ofisinin statusu məsələsini müzakirə ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən bu telefon danışığından xəbərsiz olduqlarını deyiblər.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, MDİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs öz hesabından bir milyon dollara yaxın vəsait götürüb və pulların hara xərcləndiyi barədə hesabat verməyib. MDİ isə bu ittihamlarla razılaşmayaraq, Azərbaycanda fəaliyyətini şəffaf və açıq şəkildə həyata keçirdiyini bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-ə müraciət edərək, ATƏT-in Bakı ofisinin statusunu layihə-koordinator səviyyəsinə endirmək istədiyini bildirib. Bununla bağlı müzakirələr davam edir.
Ekspertlər bunu da qeyd edirlər ki, ATƏT-in Bakı ofisi,MİD-lə yanaşı başqa bir neçə beynəlxalq təşkilatında fəaliyyətində şübhəli məqamlar var və yəqin ki, onlarla da bağlı ciddi ölçülər götürüləcək.
Toğrul Əliyev