Ermənistandan növbəti hiylə
Ermənistandan növbəti hiylə

Azərbaycan güzəştə getməməlidir

Son zamanlar Xankəndi hava limanının fəaliyyətə başlaması ilə bağlı Ermənistan tərəfinin aktivləşməsi diqqətdən yayınmırdı. Azərbaycanın məsələyə yanaşması isə kifayət qədər sərt oldu,hətta məsələyə lazım olarsa hərbi müdaxilənin olacağıda söylənildi. Azərbaycanın bu sərt bəyanatına Türkiyədən də dəstək gəlmişdi və bildirilmişdi ki, Türkiyə hava məkanından Ermənistanın istifadəsinə qadağa qoyacaq.

Amma beynəlxalq qurumların tutduqları mövqe kifayət qədər ziddiyətli oldu və bəzi məqamlarda Azərbaycanın maraqlarına zidd oldu. Nəticədə problem ATƏT-in Minsk qrupu səviyyəsində müzakirəyə çıxarıldı və burada da ziddiyətli fikirlər ortaya çıxdı. Belə ki, öncə ABŞ təmsilçisi bəyan etdi ki, hava limanı dinc məqsədlər üçün istifadə oluna bilər. Bundan sonra digər həmsədrlərdə eyni formatlı bəyanatlarla çıxış etdilər. Görünür ATƏT-in bu mövqeyi Ermənistana yeni bəhanə verdi və bu səbəbdən fəaliyyətlərini davam etdirməkdə israrlı oldular. İndi isə məsələ daha da ciddiləşib. Belə ki, Ermənistan höküməti yanında Mülki Aviasiya Baş İdarəsi (MABİ) Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə mülki təyyarələrin uçuşlarına icazə verəcək.
Bu barədə İrəvanda jurnalistlərə Ermənistanın Mülki Aviasiya Baş İdarəsinin rəisi Artyom Movsisyan bəyan edib.
“Uçuşlar beynəlxalq təşkilatların qaydalarına uyğun həyata keçiriləcək. Biz o qaydalardan bir addım belə kənara çəkilmək istəmirik. Çox şey Dağlıq Qarabağın aviasiya qurumlarının fəal işindən asılıdır. Əgər onlar işlərini yekunlaşdırsalar – biz hazırıq”, deyə Artyom Movsisyan bəyan edib. Bununla belə, o konkret tarix söyləməkdən boyun qaçırıb.
MABİ rəisi qeyd edib ki, Xankəndi aeroportu “kiçik də olsa, gözəl və rahatdır, onun gücü isə nəzərdə tutulmuş sərnişindaşımalar üçün tamamilə yetərlidir”.
“Eniş zolağı yaxşı vəziyyətdədir, uçuşların təhlükəsizliyi tamamilə təmin olunub, sadəcə təyyarələrə göstəriləcək xidmətlə bağlı bir neçə kiçik həll olunmamış texniki məsələ qalıb”, deyə Movsisyan qeyd edib.
O əlavə edib ki, Dağlıq Qarabağın öz mülki aviasiyası olmadığından, uçuşları Ermənistan Respublikasının 19 yerlik təyyarələri həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.
Ekspertlər hesab edir ki, əslində Ermənistanın 19 yerlik təyyarədən istifadə etmək təşəbbüsləri də siyasi bir addımdır və bu ATƏT-in planının tərkib hissəsidir. Belə ki, adı çəkilən qurum belə bir rəy yaratmağa çalışır ki, güya hava limanı dinc məqsədlərə xidmət edəcək. 19 nəfərlik təyyarədən söhbət gedirsə deməli bu hərbi təyinatlı ola bilməz və bununla da beynəlxalq aləmin rəğbətini qazanmağa çalışırlar. Və bir müddət keçəndən sonra bu uçuşları daha böyük təyyarələr rahatlıqla əvəz edəcək. Buna görə də hesab olunur ki, Ermənistanın bu addımını güzəşt kimi qəbul etməməli və buna razılıq verilməməlidir. Bunu da qeyd edək ki, məlum hava limanından öncələrdə bu formatlı təyyarələr yararlanırdı. İndi isə bu məsələni Ermənistan tərəfi rəsmiləşdirməyə çalışır. Bunu da qeyd edək ki, Xankəndi hava limanı mövzusu Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra yenidən aktuallaşıb. Ekspertlərdə öncədən bəyan edirdilər ki, Rusiya bu hava limanından Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Hərbi mütəxəssislər qeyd edir ki, məhz bu hava limanı gündəmə gələndən sonra Rusiya Ermənistanın hərbiləşməsi planını həyata keçirtməyə başladı və bunun arxasında ciddi siyasi maraqlar durur. Hətta qısa müddətli münaqişənin başlaması üçün Rusiyanın Ermənistana açıq təzyiq etdiyi də söylənilir. İndi isə Ermənistan Rusiyadan sonra qərbində dəstəyini qazanmağa çalışır. Belə olan halda isə Azərbaycan əks-həmlələrinin sayını artırmalıdır. Artıq belə fikirlər səsləndirilir ki, Azərbaycan qısa zaman ərzində məsələni BMT səviyyəsinə qaldırmalıdır. Bundan başqa hazırda Azərbaycana görə Ermənistanla indiyə qədər diplomatik əlaqələr qurmayan Özbəkistan, Türkiyə, Pakistan kimi dövlətləri də bu işə cəlb edərək gərəkli beynəlxalq dəstəyi qazanmalıdır. Hər halda Azərbaycanın buna gücü çatacaq. Çünki Ermənistan son zamanlar beynəlxalq arenada ciddi nüfuz itkisi ilə qarşılaşır və Azərbaycan bu fürsəti boşuna buraxmamalıdır.
Mehdi Əli