Məmur şirkətlərində müdhiş mənimsəmə üsulu
Məmur şirkətlərində müdhiş mənimsəmə üsulu

İşçilərin əlavə iş saatlarının haqqı kimlərin cibinə gedir?

Azərbaycanda istər dövlət, istər qeyri-dövlət müəssisələrində əmək hüquqlarının pozulması adi haldır. Bu, daha çox ondan irəli gəlir ki, həmin müəssisələr ya birbaşa, ya da dolayı yolla hansısa iri vəzifəlilərin nəzarətindədirlər. Beləliklə, arxasında "güclü əl" hiss edən bu cür qurum və şirkətlər əmək qanunvericiliyinin tələbləri ilə hesablaşmamağı adi hal sayırlar.

Bunlardan biri də işçilərin əlavə iş saatları və qeyri-iş günlərində işləmələri ilə bağlı onlara ödənilməli olan haqqın mənimsənilməsi ilə bağlıdır. Mövzu ilə bağlı söhbətləşdiyimiz adının çəkilməsini istəməyən bir ekspertin sözlərinə görə, bununla bağlı xarici şirkətlərdə nisbətən normal vəziyyət hökm sürsə də, bəzi dövlət müəssisələri və yerli qeyri-dövlət şirkətləri ilə bağlı vəziyyət xeyli acınacaqlıdır. "Müşahidələr göstərir ki, başı ya birbaşa, ya da dolayısı ilə hansısa iri məmurun qoltuğunda olan bəzi dövlət və əksər qeyri-dövlət müəssisələri işçilərinin əmək haqlarında mənimsəmələrə yol verirlər. Bunun bir üsulu ikili mühasibatlıqdır. Başqa bir üsul isə onları iş vaxtından əlavə və ya qeyri-iş günlərində (şənbə-bazar günləri yaxud bayram tətilləri) işlətmək, bunu mühasibatlıqda rəsmiləşdirmək, amma əlavə iş saatlarına və ya günlərinə görə ödənişləri həyata keçirməməkdir" deyə ekspert qeyd edir.
Ekspertin sözlərinə görə, ən yaxşı halda məmur şirkətləri işçilərlə qeyri-rəsmi və qeyri-qanuni anlaşmaya gedirlər: "Bunun üçün onlara çatan vəsaitin müəyyən bir qismini ödəyir, əksər hissəsini isə mənimsəyirlər. Etiraz edənlərlə isə sərt davranılır. İndiki şəraitdə işsiz qalmaqdan çəkinən, yeni iş yeri tapacağına ümidi olmayan işçilər də məcbur olub rəhbərliyin iradəsi ilə hesablaşırlar".
Ekspert bildirir ki, əlavə iş vaxtı ilə bağlı problem bütün dünyada var: "Məsələn, ötən il Wageindicator fondunun hesabatında göstərilirdi ki, 2010-cu ildə bütün dünyada işçilərin 40%-i əmək müqaviləsində razılaşdırıldığından artıq iş görməyə məcbur olub. Ancaq onlardan cəmi 1,3 %-i əlavə əməkhaqqı alıb. Araşdırmalar belə qanunsuzluqların bir qayda olaraq, inkişaf etməmiş, üçüncü dərəcəli ölkələrdə pis ənənə şəklini daşıdığını deməyə əsas verir. Eyni təcrübənin Azərbaycanda da geniş yayılması düşündürücüdür. Əminliklə demək olar ki, bu, ölkəmizdə iri məmurların qanunlar üzərində öz iradələrini təmin etmələrindən, öz şirkət, şəxsi biznes maraqları naminə hüququn tələblərinə dırnaqarası, ögey münasibətindən irəli gəlir".
Ekspert bildirir ki, məmurlar rəhbərlik etdikləri və ya nəzarətlərində olan dövlət müəssisələri və qeyri-dövlət şirkətlərində belə qanunsuzluqlara, işçilərin haqlarının yeyilməsi hallarına yol verməsələr, qısa zamanda bu qədər "şişməz, "zənginləşməzlər": "Bəzən deyirlər ki, filan məmurun filan şirkəti var. İnanın, hətta onların hansısa şirkəti belə bu vəzifəlilərə qısa vaxtda ərəb şeyxlərini xatırladan təntənəyə, dəbdəbəyə çatmalarına imkan verməz. Bunun üçün həmin şirkətlərdə məhz yuxarıda göstərdiyimiz nümunələr tipində özbaşınalıqlara, qanunsuzluqlara yol verilməsi lazımdır".
Həmsöhbətimizin fikrincə, Azərbaycan məmurlarını qanunun aliliyinə və hüququn üstünlüyünə inandırmaq, məcbur etmək mümkün olmasa, onların maxinasiyalardan, korrupsiyadan əl çəkməyə məcbur edilməsi çətindir: "Əgər görsələr ki, ölkədə hüquq mexanizmi heç kimin vəzifəsinə, imtiyazlarına, statusuna baxmadan işləyir, bax onda məmur korpusu korrupsiyaya, mənimsəmələrə bu qədər meyllənməkdən çəkinəcəklər".
Ülviyyə Qasımlı