Hüseynqulu Bağırovun nazirliyi korrupsiyanın hədəfində
Hüseynqulu Bağırovun nazirliyi korrupsiyanın hədəfində
Nazirliyin həyata keçirdiyi layihələrlə bağlı müəmmalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir çox layihələri ilə bağlı problemlər var. Adıçəkilən nazirlik korrupsiya və digər mövzularda mətbuatın ən az tənqid etdiyi dövlət qurumlarının önündə gəlsə də, həmin problemlərin varlığı maraq doğurmaya bilməz.
Məsələn, nazirliyin Salyan rayonunun Xıdırlı kəndi ərazisində quraşdırdığı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün iki qurğunun işləmədiyi bildirilir.
Bundan başqa, 2010-cu ildə “Ekologiya ili” elan olunanda 4 milyon ağac əkildiyi, 221 kəndə içməli su verildiyi deyilirdi. Amma xüsusilə içməli su ilə bağlı statistikanın reallığı əks etdirmədiyi, bunun üçün qazılan artezianların və quraşdırılan qurğuların bir çoxunun sonradan işləmədiyi və ya sıradan çıxdığı iddia olunur.
Ümumiyyətlə, “Ekologiya ili”nə ayrılmış 31 milyon vəsaitin taleyi ilə bağlı ekspertlər hələ o vaxtdan bədgüman idilər. Baxmayaraq ki, adıçəkilən nazirlik həmin vəsaitin planlaşdırılan işlərin icrasına xərcləndiyinə təminat verir.
Hüseynqulu Bağırovun rəhbərlik etdiyi nazirliyin hər nə qədər korrupsiya məsələlərində adı bəzi bir çox dövlət qurumları ilə müqayisədə az hallansa da, ötən ay Baş Prokurorluğun yaydığı bir məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mənimsəmə faktları ilə bağlı iddia irəli sürənlərin o qədər də haqsız olmadıqlarını söyləməyə əsas verir. Xatırladaq ki, həmin məlumatda bildirilirdi ki, nazirliyin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində 2010-2013-cü illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılan vəsait qanunsuz olaraq 260 min manat məbləğində vəsait rəsmiləşdirilərək silinib.
Belə ki, bu vəsait çirkab sutəmizləyici qurğuların cari təmirinə yönəlmişdi. Eyni zamanda anbarda 65.0 min manat məbləğində mal-material çatışmazlığı aşkar edilib.
Bundan başqa 2012-ci ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün “Exiles STS” MMC ilə 126 min manat dəyərində müqavilə imzalandığı halda təmir-tikinti işlərinin dəyəri süni olaraq 101 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183.0 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub.
Qeyd edək ki, artıq bununla bağlı cinayət işi açılıb və zəruri istintaq hərəkətləri həyata keçirilir; bu isə sonradan digər mənimsəmə faktlarının da ortaya çıxa biləcəyini istisna etmir.
Sözügedən nazirliklə bağlı ən ciddi tənqid hədəflərindən biri isə meşə təsərrüfatının durumu ilə əlaqədardır. Elə bir neçə gün əvvəl yayılan bir məlumat ümumi mənzərənin ciddiliyini təsəvvür etmək üçün bir nümunə sayıla bilər. Həmin məlumatda bildirilirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. Araşdırma zamanı Balakən MMBM-in 5 meşə dolayında 797,23 m3 həcmində, 3606,81 manat köküstə nırx dəyərində ağacların qanunsuz kəsilməsi faktı aşkar edilib.
Bundan başqa, Meşələrin İnkişafı Departamentinin əməkdaşları tərəfindən son günlərdə Balakən MMBM-in ərazisində aparılmış qəfləti yoxlamalar zamanı 171,45 m3 həcmində, 690,18 manat köküstə nırx dəyərində qanunsuz ağac kəsilməsi faktı da müəyyən olunub.
Beləliklə, aparılan araşdırmalar zamanı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər vəzifəli şəxslərinin öz vəzifə borclarını layiqincə icra etməmələri nəticəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib.
Yuxarıda da vurğuladığımız kimi, oxşar mənzərə ölkənin meşə mühafizə zolaqlarına xasdır. Bu duruma görə isə adıçəkilən nazirliyin Meşələrin Mühafizə Departamentinin direktoru Rövşən Cəlilov məsul bilinir. Bildirilir ki, departament direktoru nazirlikdə xüsusi çəkiyə malikdir və bütün pul məsələləri onun tərəfindən həll edilir. Belədə isə əsas işin unudulub, meşələrin durumu ilə bağlı ürəkağrıdan mənzərənin meydana çıxması çox təbiidir.
Onu da deyək ki, yazıda yer alan məqamlarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dinləməyə və çap etməyə hazırıq.
Seymur Quliyev