Ziyad Səmədzadənin rəhbərlik etdiyi Dissertasiya Şurasına sərt tənqid
Ziyad Səmədzadənin rəhbərlik etdiyi Dissertasiya Şurasına sərt tənqid

Məmur və biznesmenlər elmi ad almaq üçün niyə daha çox iqtisadiyyatı seçirlər?

Azərbaycanda elmi adların biznes vasitəsinə çevrildiyi təzə xəbər deyil. Eləcə də bəzi məmurların öz maddi imkanları hesabına dissertasiya yazdırmaları və müxtəlif elmi dərəcələrə yiyələnmələri də cəmiyyətə bəlli olan həqiqətlərdəndir.

Bu məsələ son bir neçə ildə o qədər ciddiləşdi ki, nəinki vətəndaş cəmiyyəti və KİV, hətta hakimiyyətə yaxın şəxslər də problemin üzərinə getdi və Azərbaycanda xüsusən vəzifəli şəxslərin qanunsuz yollarla əldə etdikləri sərvətin cüzi bir hissəsini xərcləməklə elmi adlara sahiblənməsi mövzusu gündəmdə saxlanıldı. Bəziləri hesab edir ki, bu istiqamətdə artıq müəyyən müsbət nəticələrin əldə olunduğuna dair rəylər var; bəziləri hesab edir ki, artıq ölkəmizdə məmurların "elmi biznes"i əvvəlki qədər güclü deyil, bu zərərli tendensiya bir xeyli dərəcədə zəifləyib.
Amma müşahidələr göstərir ki, vəzifəli şəxslərin pul və nüfuz gücünə elmi dərəcələr alması davam edir, hesab olunur ki, nə vaxtacan bu yollarla qazanılan elmi işlərə və adlara hüquqi qiymət verilməyib, prosesi tamamən durdurmaq çətin olacaq.
Azərbaycanda məmurların elmi dərəcələrə yiyələnməsinə görə tənqid olunan şəxslərdən biri də millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verən Dissertasiya Şurasının sədri Ziyad Səmədzadədir. Onun rəhbərlik etdiyi Şura ətrafında ilk qalmaqal hələ iki il əvvəl, Dissertasiya Şurasının Gəncədə - Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyətinə nail olmaq cəhdi ətrafında yaranmışdı. KİV-də belə hesab edirlər ki, Azərbaycanda biznesmenlərin və məmurların böyük hissəsi iqtisadiyyatdan müdafiə edirlər və Azərbaycan Dövlət Aqrar Universiteti onlar üçün münasib yerdir. Necə deyərlər, “gözdən iraq, könüldən uzaq” bir yerdə imkanlı şəxslərin və məmurların daha asanlıqla elmi dərəcələrə yiyələnə biləcəyini nəzərə alsaq, həmin vaxtki narazılıqlar və narahatlıqlar əlbəttə, başa düşülən idi.
2010-cu ildə isə Ali Attestasiya Komissiyası (AAK) tərəfindən aparılan yoxlamalar zamanı Dissertasiya Şurasının sədri kimi Ziyad Səmədzadənin fəaliyyətinə ciddi iradlar tutulmuşdu.
Amma aradan üç il keçdikdən sonra da Azərbaycanda müəyyən vəzifəli şəxslərin, imkanlı adamların iqtisadiyyat sahəsində hansısa yollarlasa elmi dərəcələr əldə etmək tendensiyası dayanmayıb. Baxmayaraq ki, hələ əvvəllər ünvanına səslənən tənqid və iradlara cavab olaraq Ziyad Səmədzadə bildirmişdi: “İqtisadçı elmi kadrların hazırlanması prosesi köklü şəkildə təkmilləşməlidir, bir sıra dissertasiyalarda təsvirçilik halları üstünlük təşkil edir. Müvafiq strukturlara lazımi səviyyədə konkret təkliflər verilmir. Bu prosesin mənfi nəticələrinin vaxtında qarşısını almaq üçün fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanması sistemində islahatlar aparılmalıdır”.
Aradan xeyli zaman keçib və Dissertasiya Şurası sədrinin haqqında bəhs etdiyi həmin islahatlardan heç bir xəbər yoxdur. Maraqlıdır, niyə?
Günel Əkbər