Azərbaycanlılar necə mücahid olur?
Azərbaycanlılar necə mücahid olur?

Sirli oyunun detalları “Unikal”da

Suriyada öldürülən azərbaycanlı mücahidlərin sayı və fotoları yayılıb.Bu günə qədər Suriyada 30-a yaxın azərbaycanlı döyüşçü öldürülüb.Azərbaycandan olan həmin şəxslərin adları açıqlanmasa da, bəzilərinin fotoları saytlarda yerləşdirilib.Maraqlıdır, bu mücahidlər Suriyaya hansı yolla gediblər və nədən mücahid hesab edilirlər? Bununla bağlı “Unikal”ın apardığı müşahidələr və araşdırmalar maraqlı nəticələri ortaya çıxartdı.

Belə ki, aydın oldu ki, Azərbaycanlıların mücahid dəstələrinə qoşulmaları hələ birinci çeçen savaşı zamanından baş verib. O zaman Çeçenistana dəstək verməyə gedənlərin böyük bir hissəsi boz qurdlar olublar. Amma sonradan onların bir qismi döyüşlərdə həlak olub, bir qismi isə ümumiyyətlə ölkəyə qayıtmayaraq əsasən Ukrayna və Türkiyə kimi ölkələrdə bizneslə məşğul olmağa başlayıblar. Azərbaycanda ikinci mücahid dalğası isə ikinci çeçen savaşı nəticəsində formalaşıb. Bu dəfə isə Çeçenistana millətçilər yox, dindarlar üz tutub. Araşdırmalarımız sübut edir ki, Azərbaycanda fəaliyyət göstərən Əbu-Bəkr məscidinin camahatı adlandırılan gənclərin bir hissəsi daha sonra daha radikal xətt tutaraq havaric xəttini seçiblər. Bu xətt daşıycıları üçün isə dünya yalnız İslam xilafəti olmalıdır və İslama loyal yanaşma belə xəyanət kimi qəbul edilməlidir. Qeyd edək ki, həmin vaxtlar artıq Çeçenistanda da azadlıq hərəkatı yox, bir dini savaş açılmışdı və əsasən Səüdiyyə Ərəbistanından gələn radikal islamçılar çeçenistanda savaş aparırdılar. Çox maraqlıdır ki, bu ərəb komandanları öncələr azərbaycanlı mücahidlərə inanmasalarda sonradan onları da yaxına buraxdılar və demək olar ki, aparıcı simalara çevirdilər. Apardığımız araşdırmalar bunu da sübut edir ki, həmin illərdə Çeçenistana gedən onlarla azərbaycanlı gəncin bir hissəsi daha sonra Əfqanıstana, Ərəbistana və Pakistana aparıldılar. Bununla da ərəb mücahidlərinin, o cümlədən Əl-Kaida kimi təşkilatların azərbaycanlı gənclərə maraqları artdı. İndinin özündə də bu proses davam edir və onlarla gənc müxtəlif ölkələrdə bu radikal qruplaşmaların daxilindədirlər. Bir müddət öncə ortaya çıxan fakt isə sübutladı ki, bu gənclər ölkədən hansı xətlərlə çıxırlar. Aydın oldu ki, əsasən hazırda üç marşurutla gənclər ölkədən çıxarılır. Bunlardan biri İran xəttidir ki, bu xətlə ölkəni tərk edənlər Qum şəhərində təlimlər keçir və daha sonra əsasən İraqa və Pakistana yola salınırlar. Bunlar şiə təriqətindən olan şəxslərdir və daha çox İranın nəzarətində olan təşkilatlarda döyüş hazırlıqları keçirlər. İkinci qrup Səüdiyyə Ərəbistanına bağlı qrupdur və onların ölkəni tərk etməsi bir tərəfdən çeçen mücahidləri tərəfindən reallaşdırılır, digər tərəfdən isə Azərbaycanda indidə mövcud olan havariclər tərəfindən. Bu qanada daxil olan mücahidlər daha təhlükəli mücahidlər hesab edilir və ən qatı silahlı birləşmələrdə təmsil olunurlar. Bunu da qeyd edək ki, bu xətlə aparılanlar əsasən tələbələr olur və sonradan onların Azərbaycana qayıtmaması üçün hətta sənədlərindən belə mərhum olunduqları söylənilir. Sonuncu dəfə belə olay Bakı Dövlət Universitetinin tələbələrindən birinin başına gəlib. Belə ki, evdən çıxaraq dərsə gedən tələbə bir daha geri qayıtmayıb. Hüquq-mühafizə orqanlarının axtarışı zamanı məlum olub ki, tələbə ölkədən çıxıb. Və bundan bir müddət sonra həmin gənc yalnız bir dəfə ailəsi ilə əlaqə yarada bilib və bununla da ünsiyyət kəsilib. Ekspertlər bildirir ki, ümumiyyətlə bu xəttə cəlb olunan gənclər haqqında çox az bilgilər olur və belə ehtimal da var ki, həmin gənclər çox tez bir zamanda qurbanlıq verilirlər. Yəni ən ağır terror əməliyyatlarına cəlb edilirlər. Nəhayət üçüncü xətt daşıycıları Türkiyə vasitəsi ilə bu təşkilatlara yol tapan gənclərdir. Bir neçə il öncə İraqda savaşan və daha sonra məhşur Quantanama həbsxanasına düşən azərbaycanlı gəncdə Türkiyədə təhsil alan gənc idi və Türkiyədə ki, dini təriqətlərdən birinin xətti ilə İraqa gedibmiş. Müşahidəçilər bunu da qeyd edir ki, əsasən bu qüvvələr o gəncləri özlərinə cəlb edirlər ki, onlar ya iradəcə kifayət qədər zəif olurlar, ya da maddi sıxıntı içində yaşayırlar. Və bu şəxslər sadəcə olaraq aldadılaraq bu cür qara oyunların iştirakçısına çevrilir.
Fuad