İnsan alverinin  Azərbaycan variantı
İnsan alverinin
Azərbaycan variantı
QHT-lər istəyir ki, bu ağır cinayətdə sərhəd məsələsi deyil, beynəlxalq qaydalar əsas götürülsün.

Xaçmazdan Astaraya bir qadın gətirilib cinsi istismara məcbur edilir. Ancaq Azərbaycan qanunları ilə o, heç də insan alverinin qurbanı sayılmır. Yerli qanunvericiliklə, qurban yalnız ölkədən kənara çıxarıldığı halda bu, insan alveridir.
Beynəlxalq qaydalara görəsə, cinsi istismar o zaman insan alveri sayılır ki, qurban şantaj olunur, döyülür, sənədləri alınır, narkotikadan asılı edilir və s.

Ölkədaxili alver daha sərfəlidir

"Beynəlxalq və yerli qaydalar arasındakı bu fərq son vaxtlar ölkədə insan alverində yeni tendensiya da yaradıb. Azərbaycanda insan alverçiləri indi daha çox ölkədaxili cinsi istismara keçiblər, çünki bu, daha "sərfəlidir"". Bunu Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir.
Əzizova əlavə edir ki, ona görə də fahişəlik artır: "Çünki ölkədaxili cəza demək olar yüngüldür. Əxlaqsızlıq yuvalarının saxlanması və cinsi istismara məcburetmə üçün cərimə yaxud şərti cəza nəzərdə tutulur".
Yerli qanunlar insan alveri ilə məşğul olanlar üçün 5 ildən 15 ilədək (xüsusi ağırlaşdırıcı hallarda) cəza nəzərdə tutur.
Mətanət Əzizovanın dediyinə görə, insan alveri məsələləri ilə məşğul olan QHT-lər məsələ qaldırırlar ki, insan alverində sərhəd məsələsi deyil, beynəlxalq qaydalar əsas götürülsün.
Ötən il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Aşkar olunan insan alveri qurbanlarının sayı isə 27 nəfərdir. Bu məlumatı ötən ilin sonlarında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev səsləndirib.

Statistika naminə

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi daha çox cinsi istismarla mübarizə ilə məşğul olur. Çünki bu, daha rahatdır: "Bizdə fahişəliklə məşğul olmaq, əxlaqsızlıqla məşğul olmağı birləşdirib rəqəmləri şişirdirlər ki, statistika çox olsun. Könüllü fahişəlik ümumiyyətlə insan alverinə aid deyil".
Hazırda dünyada isə 2,4 milyon adam insan alverinin qurbanıdır. Onlardan 80 faizi cinsi istismara məruz qalır. Bunu BMT-nin Narkotika və Cinayətkarlıqla Mübarizə İdarəsi aprelin 3-də bildirib.

İldə 32 milyarl dollarlıq gəlir

İdarənin başçısı Yuri Fedotov BMT Baş Assambleyasının insan alverinə həsr olunmuş iclasında deyib ki, qurbanların 17 faizi evlərdə və mağazalarda məcburi əməyə cəlb olunur. O, bildirib ki, insan alveri şəbəkələrini idarə edən cinayətkarlar ildə 32 milyard dollar qazanır. Hər üç qurbandan ikisi isə qadındır.
Fedotov deyib ki, bu cinayətkarlar cəmiyyətin böyük hissələri üçün problemdir. "Eyni zamanda 2,4 milyon adam bu alçaldıcı və aşağılayıcı cinayətdən əziyyət çəkir", bunu da Fedotov deyir.
Fedotovun Vyanada yerləşən ofisindən verilən məlumata görə, yalnız 100 qurbandan birini xilas etmək mümkün olur. Fedotov bu cinayətkarlıqla mübarizədə yerli, regional və beynəlxalq cəhdlərin koordinasiya olunmasına çağırıb.
Arifə Kazımova