Rusiyada azərbaycanlılara təzyiq başladı
Rusiyada azərbaycanlılara təzyiq başladı

Sentyabrda isə ölkədən çıxarılmaları gözlənilir

Dünən 200-dən çox OMON-çu Moskvanın "Pokrov" bazarına hücum edib. OMON-çular bazara 10 avtobusla gəliblər. Moskvada yaşayan həmyerlimiz Teymur Hüseynovun bildirdiyinə görə, polislər bazarda çalışan azərbaycanlıları döyərək oradan qovublar. OMON-çular hadisə yerinə gedən "Millətin səsi"qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar".

"Rusiya xüsusi təyinatlı polisi 3-4 aydan bir belə yoxlamalar keçirir. Məqsəd qeydiyyat ilə bağlı problem olan azərbaycanlılardan pul yığmaqdır". Bu açıqlamanı Pokrovski meyvə-tərəvəz bazasında çalışan həmyerlilərimiz bildiriblər.
Onların sözlərinə görə, Rusiya xüsusi təyinatlı polis dəstələri - "OMON" il ərzində bir neçə dəfə bazada belə yoxlamalar aparır: "Bu, adi hal alıb. Onlar meyvə-tərəvəz bazasında çalışan azərbaycanlıların və digər qeyri-rus millətindən olan şəxslərin qeydiyyat vərəqəsini yoxlayırlar. Problemi olan şəxslər OMON tərəfindən avtobuslara doldurulub Brılyov Rayon Polis Şöbəsinə aparılır. Orada onların hərəsindən 4-5 min rubl pul alıb sərbəst buraxırlar. Bu gün də OMON belə bir yoxlama keçirdi. Artıq OMON tərəfindən saxlanılan şəxslər sərbəst buraxılıblar".
Amma analitiklər hesab edir ki, bu məsələ heç də sıradan bir məsələ deyil və belə olaylar daha tez-tez təkrarlanacaq. Çünki rəsmi Moskva zaman-zaman Azərbaycana təzyiq etmək üçün bu metoddan çox istifadə edib və indi də bu prosesə hazırlıq gedir. Bunu da qeyd edək ki, yaxın vaxtlarda Rusiyada miqrantlarla bağlı qanunda ciddi dəyişikliklər ediləcək və nəticədə yüz minlərlə azərbaycanlı Rusiyadan çıxarılacaq. Ekspertlər hesab edir ki, təxmini hesablamalara görə hazırda Rusiyada bir milyona qədər azərbaycanlı yaşayır və onların Azərbaycana qayıtması bir tərəfdən işsizlik problemi yaradacaq, digər tərəfdən isə ölkədə sosial böhran dərinləşəcək. Çünki bir milyondan çox azərbaycanlı Rusiyada olsada onların əksəriyyətinin ailəsi Azərbaycandadır və ailələrini ordan qazanılan pulla saxlayırlar. Bu isə o deməkdir ki, bir milyon insanın Rusiyadan qayıtması 3 milyona qədər insanın rifah halına mənfi təsir göstərəcək. Bunu da qeyd edək ki, Vladimir Putin yenidən prezident seçiləndən sonra miqrantlarla bağlı bir sıra açıqlamalar verdi və əslində bu açıqlamalar siyasi şantaj idi.Bundan başqa Rusiyada millətçilərdə ciddi şəkildə təşkilatlandırılır və hazırda hakimiyyətin onlara açıq dəstəyi var. Elə bu dəstəyə görə millətçilər yeni qanun layihəsi də hazırlayıblar və bu qanun layihəsində qafqazlıların davranış qaydaları əks edilib. Bu isə açıq şəkildə qafqazlıların aşağılanması deməkdir. Moskvada yaşayan azərbaycanlı iş adamı Nürəddin Əliyevin "Unikal"a dediyinə görə artıq Rusiya vətəndaşı olan azərbaycanlılara da münasibət kifayət qədər sərtləşib. Bunun isə başlıca səbəbi "Milyarderlər İttifaqı"nın yaranması ilə bağlıdır. Belə ki, bu təşkilatdan kənarda qalan azərbaycanlılar sanki üçüncü dərəcəli insan kimi qəbul edilir və bu cür təzyiqlərə məruz qalan azərbaycanlılar məlum təşkilata cəlb edilir. Onun sözlərinə görə hazırda əsas məqsəd Rusiyada yaşayan azərbaycanlıları Söyün Sadıqovun yaratdığı partiyaya toplamaq və daha sonra Azərbaycandakı siyasi proseslərə təsir etməyə çalışacaqlar. Bunu da qeyd edək ki, nəzərdə tutlan qanunlar qəbul edilərsə sentyabr ayında azərbaycanlıların Rusiyadan çıxarılması prosesi başlayacaq.
Fuad