Abbas Abbasovdan siyasi şantaj
Abbas Abbasovdan siyasi şantaj

O,kimlərisə ifşa etməyə hazırlaşır

Son günlər Rusiyada yaradılan və Kremlin projesi kimi qəbul edilən "Milyarderlər İttifaqı" yenidən gündəmə gəlib. Bu dəfə isə təşkilat adından öncə Azərbaycan hakimiyyətinə yönəli bəyanat yayımlandı, daha sonra isə bu təşkilat üzvləri tərəfindən təkzib edildi. Nəhayət məsələyə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovda reaksiya verərək belə bəyanat vermədiklərini açıqlayıb:-"Mən Türkiyədən yenicə qayıtmışam və Azərbaycan KİV-nin mənim yoxluğumdan istifadə edərək, AzerRos və RATİ rəhbərliyi adından Azərbaycan ictimaiyyətinə təxribatçı müraciət yaymaları, məni sözün pis mənasında təəcübləndirdi.

Bununla əlaqədar olaraq, bəyan edirəm ki, nə mənim, nə də AzerRos-un prezidentinin yazılanların heç biri ilə əlaqəsi yoxdur. Mən heç kimə Rusiyadakı Azərbaycanlıların adından hər hansı bəyənat vermək və ya çıxış etmək səlahiyyəti verməmişəm. Bildirmək istəyirəm ki, özüm də hansısa şikayət və ərizələrin əleyhinəyəm. Bunu özümə və rəhbərlik etdiyim təşkilata qarşı yönəlmiş növbəti təxribat hesab edirəm".Amma ekspertlər bunun tam əksini düşünür. Belə ki, adı çəkilən təşkilatda iki qruplaşmanın olduğu və bunlardan birinin Azərbaycan hakimiyyətinə loyal, digərinin isə sərt yanaşdığı söylənilir. Həqiqətən də prezident İlham Əliyevlə görüşərək hər zaman hakimiyyətin yanında olacaqlarını bəyan edən Abbas Abbasovdan fərqli olaraq, təşkilatın digər üzvləri Söyün Sadıqov və Rüstəm İbrahimbəyov hakimiyyətə qarşı sərt bəyanatlar yayırlar. Müşahidəçilər bildirir ki, Abbas Abbasov Azərbaycan hakimiyyəti qarşısında öhdəlik götürüb və çalışır ki, proseslərə nəzarət etsin. Amma digər qanad bunun qarşısını ala bilir və get-gedə Abbas Abbasov çıxılmaz duruma düşür. Buda vurğulanır ki, Abbas Abbasov tərəfdarlarına qarşı formalaşan qruplaşmaya Azərbaycan hakimiyyətində olan bəzi şəxslərdə dəstək olur. Elə Abbas Abbasovda buna işarə olaraq az qala ultumativ şəkildə bəyanat verib və sözün açıq mənasında hədəfini şantaj edib:-"Biz digər ölkənin daxili işlərinə qarışmaq istəmirik, bizim öz tapşırıq və funksiyalarımız var. Mənim adımdan yayımlanan arbitraj məhkəməsi və suflyorları lazım deyil. Mənə adımdan çıxış edən münsif hakimlər və suflyorlar lazım deyil. Heç kimin mənim taleyimə qarışmağa və səlahiyyətimdə olan məsələləri həll etməyə ixtiyarı yoxdur. Mənim belə bir "dəstəyə" və "xidmətə" ehtiyacım yoxdur və bu hallara son dərəcə mənfi yanaşıram. Baş verənləri açıqlamaq istəmirəm, əks halda Rusiyanın Azərbaycan icmasına və bütünlükdə bizim Rusiya Federasiyasında (RF) yaşayan azərbaycanlıların rifahı və dinc yaşaması xatirinə etdiklərimizlə bağlı tarixi vətənimizdə etibarın qırılması üçün intriqa yarana bilər." Maraqlıdır, Abbas Abbasov bu açıqlamasında kimləri və nə ilə şantaj edir? Bəyanatda da göründüyü kimi Abbas Abbasova Rusiyada yaşayan azərbaycanlılardan silah kimi istifadə edir və bununla bağlı hansısa bilgilərə malik olduğunu və bunu açaraq xoşagəlməz olay yarada biləcəyini bildirir. Ekspertlər hesab edir ki, əslində Abbas Abbasovun bu bəyanatı hakimiyyətdə müəyyən qüvvələrə yönəlib və bu sırada hətta Ramiz Mehdiyevi də görmək olar. Çünki uzun illər Rusiya-Azərbaycan münasibətlərinin normal qalmasında, inkişafında PA rəhbərinin böyük rolu olub. İndi isə yaranan yeni təşkilat bu missiyanı üzərinə götürməyə çalışır və bu yolla həm də Azərbaycan hakimiyyətinə təsirini göstərməyə çalışır. Xatırlayırsınızsa bu təşkilat yeni yarananda hakimiyyətin bir çox ünlü simaları susan an yalnız Diasporlarla İş Üzrə Dövlət Komitəsi bəyanat verərək bu təşkilatın yaranmasını pislədi. Bu gün isə Abbas Abbasov bu hədə ilə cavab atəşi açmağa hazırlaşır və məsuliyyəti bu yolla özündən kənarlaşdırmaq istəyir.
Mehdi Əli