Seriallara ayrılan milyonlar hara gedir?
Seriallara ayrılan milyonlar hara gedir?

Telekanallar pulu başqa məqsədə sərf edirlər

Artıq Azərbaycanda serial çəkilişləri sahəsində ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Öncələr telekanallar əsasən xarici ölkələrin istehsalı olan seriallara üstünlük verirdilərsə, indi qanunvericiliyə uyğun olaraq telekanalların serial nümayişinə qadağa qoyulub.

Bunun qarşılığında isə dövlət tərəfindən telekanallara hər il pul ayrılır və əsas məqsəd serial çəkilişlərini tənzimləməkdir. Prezident İlham Əliyevin sərancamı ilə yenə də kanallara 6 milyon manat vəsait ayrılıb.“Prezident İlham Əliyevin milli televiziya filmlərinin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) 6 milyon manat vəsait ayırması bu sahəyə ciddi dəstək olacaq”. Bu sözləri MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli deyib. O, qeyd edib ki, birinci mərhələdə ayrılan vəsait televiziya kanallarında çəkilən seriallar, həm kinoprodakşnlarla birgə əməkdaşlıq bu sahəyə yeni nəfəs gətirdi. “Bu sahədə maddi-texniki bazanın təminatında da bir az irəliləyiş oldu. Ümumiyyətlə prodakşnlar və televiziya kanalları bu sahə ilə bağlı böyük təcrübə topladılar. Hesab edirik ki, ikinci mərhələ birincidən daha keyfiyyətli olması ilə fərqlənəcək. Artıq televiziya kanallarından, kino prodakşnlardan da keyfiyyətli seriallar arzulayacağıq. Bunun üçün də bunlar üzərində olan nəzarəti gücləndirəcəyik”.
N. Məhərrəmli qeyd edib ki, birinci mərhələdə telekanallarda göstərilən seriallar arasında bizi qane edən və etməyənlər də var. “Bütövlükdə proses qənaətbəxşdir. Bu işə başlamaq lazımdır ki, irəliyə getmək mümkün olsun. Nöqsanlar qalır və növbəti mərhələdə bu nöqsanların aradan qaldırılmasına çalışacağıq. Çalışacağıq ki, bu sahədə müəyyən bir canlanma hiss olunsun. Azərbaycanın efirində milli-mənəvi dəyərlərimizə uyğun seriallar olsun. Bu sahədə bayağı, şit, lazım olmayan mövzulara müraciət olunmamalı, insanların qıcıqlandıran mövzulardan qaçılmalıdır. Çalışacağıq ki, bu işlə məşğul olanlar bunlara fikir versinlər”.
MTRŞ sədri ayrılan vəsaitin telekanallar arasında bölünməsi məsələsinə də münasibət bildirib. “Sərəncam hələ dünən imzalanıb və çalışacağıq ki, bu məsələni daha optimal variant da həll edək. Müəyyən müzakirələr aparaq, hazırlıqlar görək və ondan sonra bu vəsaiti mərhələ-mərhələ lazımi qurumlara ödəyək”.Amma ekspertlərə görə reallıq başqadır. Belə ki, ötən ildə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi iddia edilir. Belə ki, telekanalların əksəriyyətində seriallar göstərilsə də bu seriallar prodakşınlara məxsusdur. Yəni telekanalların özləri il ərzində ya serial çəkməyiblər, yada uzağı bir serial müşahidə etmək olar. Məsələn, bu günə qədər “Space” telekanalı bir dənə də olsa serial çəkməyib. Telekanallarda çalışan mütəxəssislər də iddia edir ki, pul ayrılandan sonra hansısa təkliflər səsləndirilib. Amma sonradan ortada heç nə olmayıb. Buna görə də təklif edilir ki, artıq seriallar üçün telekanallara pul ayrımaq lazım deyil. Bunun üçün prodakşınlar arasında tender keçirilməli və vəsaitlər məhz prodakşınlara ayrılmalıdır. Bunu da qeyd edək ki, on il öncə Türkiyədə də serial çəkilişləri dövlətin nəzarətində idi və dövlətdən ayrılan vəsaitlər prodakşınlara verildi və nəticədə bu gün Türkiyə serialları dünyada ilk sıralarda durur.
Fuad