Misirdə tükürpədici qarət
Misirdə tükürpədici qarət
İnqilab ölkəsində məzar soyğunçuları qızıl dövrü yaşayır

Misirdəki inqilabdan sonra tarixi əsər və qızıl soyğunçuları üçün gün doğmuş oldu. BBC məzar qazıntıları və tarixi əsərlərin qara bazarda ticarətini araşdırıb. Böyük Cizə ehramlarının yaxınlığında yaşayanlar inqilabdan sonra ətrafda böyük çuxurlar görməyə başladıqlarını söyləyirlər.
BBC-nin Qahirə müxbiri də qazılan çuxurlardan birini görüb. Çuxurun diametri ən az bir metr idi, dibi də görünmürdü. Müxbir çox uzaq olmayan başqa bir yerdə bir tunel tapır və tunel ilə getməyə başlayır. O, tunel ilə irəlilədikcə qayalarda çapılması üçün istifadə olunan alətlərin izlərini görür.
Sahəyə cavabdeh olan arxeoloq Üsamə əl-Şimi "İnsanların arxeoloji xəzinələrin arxasında olduğu açıq aydındır. Qızıl tapıb daha tez zəngin olmağa ümid edirlər", - söyləyir. Arxeoloqa görə, bu insanlarla mübarizə aparmaq çətindir. O bunu həmin insanların silah gəzdirməsi ilə əlaqələndirir.
Qeyri-qanuni qazıntılar yalnız Cizə ilə məhdudlaşmır. Qahirədən avtomobillə bir saatlıq məsafədə olan Dahşurda firon Sneferun ehramının yaxınlığında da bəzi sahələrdə torpaq qazılmaqdan kraterlərlə dolu ay səthinə bənzəyib. Silahlı soyğunçuların xeyli sayda tarixi əsəri oğurladığı deyilir. Ancaq araşdırılmadığı üçün kimsə nə qədər tarixi əsərin oğurlandığını bilmir.

Evdən başlayan tunellər
Problemin miqyasını anlamaq üçün BBC müxbiri ölkənin cənubuna da baş çəkib. Onun getdiyi yer isə bir zamanlar Teb olaraq xatırlanan şəhərdir. Burada Krallar Vadisi və möhtəşəm məbədlərin yaxınlığında torpaq tarixi zənginliklərlə doludur. Ancaq son iki ildir ki, polis davamlı olaraq tunel qazıldığına dair xəbərlər alır. Təhlükəsizlik gücləri BBC-nin müxbirinə geniş tunel şəbəkəsinin ağlasığmaz görüntülərini göstərib. Luksorda ümumiyyətlə tunellər tarixi əsərlərə yaxın yerlərdəki binaların, hətta evlərin zirzəmisindən başlayır.
Luksordakı turizm və tarixi əsərlərin qorunmasına cavabdeh olan Hüsnü Hüseyn "inqilabdan sonra qeyri-qanuni qazıntılar çoxaldı, tarixi abidələrin heç qorunmadığını düşünürlər", - söyləyir. Ancaq o, üzə çıxarılmamış tunellər ola biləcəyini qəbul etmir və problemi böyüdülməsinə ehtiyac görmür.

Qara bazar
Çox təəssüf ki, onun bu sözləri reallığı əks etdirmir və bunu sübut etmək də çətin deyil. Misirdə icazəsiz qazıntılar aparmaq və tarixi əsərlərin ticarəti ilə məşğul olmaq qadağandır. Məhz buna görədir ki, Qahirədə tarixi əsərlərin alqı-satqısı qara bazarda reallaşdırılır. BBC müxbirinin misirli həmkarı onu məhz bu işlə məşğul olanlardan birinin yanına aparır və ingilis bir müştəri üçün tarixi əsər almaq istədiyini söyləyir. Həmin şəxs Orta Krallıq dövründən qalma və 3 min illik yaşı olan əsərlərlə dolu kasaları göstərir. O, əsərlərin saxta olmadığını sübut etmək üçün sonrakı görüşə bir arxeoloq gətirilə biləcəyini də qeyd edir. Kasanın içindəkiləri üçün istədiyi vəsait isə 5 min dollardır.

Dünya mədəni irsi itir
Məzar soyğunçuluğuna təbii ki tarix boyunca rast gəlinib. Ancaq Qahirədəki Amerika Universitetindəki misirşünas, professor Kent Veeks son iki ildə bu cür cinayətlərdə çox böyük bir artım olduğunu söyləyir. Veeks inqilabdan və mərkəzi hökumətin etdiyi nəzarətin lazımı səviyyədə olmamasından bu yana problemin daha əvvəllər olmadığı qədər narahatlıq doğurduğunu deyir.
Professor bunun qismən iqtisadi vəziyyətin çətinliyindən qaynaqlandığını düşünür. Asayişin qorunması ilə bağlı çatışmazlıq isə açıq şəkildə görünür. Təhlükəsizlik gücləri 2011-ci il hadisələrindən əvvəlki kimi hörmətə və qorxu yaradacaq gücə malik deyillər. Veeks belə bir mühitdə Misirin, ümumilikdə dünyanın tarixi mirasına böyük zərər vurula biləcəyini ifadə edir. Veeksə görə, oğrular pul qazanmaq istədikləri üçün əsərləri yaxşı qoruya bilər, kolleksiyaçılar da satın aldıqları əsərlərə yaxşı baxa bilər. Ancaq bu vaxt arxeologiyanın ən çox əhəmiyyət verdiyi məlumatlar itir: Bu əsərlər harada tapıldı? Hansı məzardan çıxarıldı? Əsərlərin yaxınlığında nələr var idi? Professor hesab edir ki, tarixi əsərlərin içində olduğu tarixi çərçivəni müəyyən etmək üçün bu suallara cavab vermək çox önəmlidir.
Murad İbrahimli