Nazir şikayətçiləri qəbul edib
Nazir şikayətçiləri qəbul edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif bölgələrdə vətəndaşların qəbulu və onların nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, müxtəlif instansiyalara ünvanladıqları şikayət ərizələrinin özlərinin iştirakı ilə araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Aprelin 6-da əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Quba rayonunda bu rayon və ətraf rayonlarda yaşayan bir qrup vətəndaşı qəbul edib. Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri araşdırılarkən, ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik qruplarının verilməsi və s. ilə bağlı qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları, bununla yanaşı bir sıra şikayət ərizələrində haqlı narazılıqların əksini tapdığı müəyyən edilib. Nazirlikdən bildirilib ki, vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş əməkdaşlarla bağlı tədbirlər görülməsi barədə tapşırıq verən nazir Fizuli Ələkbərov hər bir vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Vətəndaşların qəbulu zamanı onlardan yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olanların gələcəkdə "Özünədəstək" proqramına cəlb edilmələri qərara alınıb.
Bu, nazir Fizuli Ələkbərov tərəfindən 2011-ci il və cari ilin ötən dövrü ərzində keçirilən sayca 17-ci qəbuldur. Ümumiyyətlə, bu müddətdə nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakı, Gəncə şəhərlərində, Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Masallı, Samux, Fizuli, Şamaxı, Salyan və s. rayonlarda ümumilikdə 800-ə nəfərə yaxın vətəndaş qəbul edilərək, onların müraciətləri obyektiv və ədalətli tərzdə araşdırılıb.