Moldova “yox” deyir,sənədlər isə “hə”
Moldova “yox” deyir,sənədlər isə “hə”

Satılan silahlar İrana ötürülür

Son günlər Azərbaycanla Moldova arasında ciddi problemlər yaşanmaqdadır. Belə ki, aydın olub ki, Moldova Ermənistana silah satır. Bunu da qeyd edək ki, ötən ildə belə bir xəbər yayıldı və Moldova tərəfi bunu təkzib etsədə sonradan məsələ aydınlaşdı və silah satışına görə bu ölkənin müdafiə nazirliyinin baş qərargah rəisi tutduğu vəzifədən kənarlaşdırıldı.

İndi yenə də Moldova tərəfi silah satışı ilə bağlı yayılan xəbərləri təkzib edir. “Moldova Respublikası Ermənistana silah satmaq niyyətində deyil”. Bunu Moldova Müdafiə Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Diana Qravenaru bildirib.Onun sözlərinə görə, Moldovanın müdafiə naziri Vitalie Marinutsa bu mövqeyi Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə işgüzar görüşündə bir daha diqqətə çatdırıb.
Moldova Müdafiə Nazirliyinin rəsmi açıqlamasından aydın olur ki, bu ölkə Ermənistana silah satmağa hazırlaşmır və əvvəl imzalanmış sazişin yerinə yetirilməsi dayandırılıb. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevlə görüşündə Moldovanın müdafiə naziri Vitalie Marinutsa bildirib ki, son vaxtlar müxalifət mətbuatında yayılan məlumatlar həqiqətəuyğun deyil və ölkədəki vəziyyəti, eləcə də Azərbaycan-Moldova münasibətlərini gərginləşdirməyə yönəlib.
“Moldova Respublikasının rəhbərliyi Milli Ordunun aktivləri ilə ticarəti dayandırmaq qərarına gəlib. Bu yekun qərardır və yenidən baxıla bilməz” - deyə nazir qeyd edib. Amma indinin özündə də iddia olunur ki, Moldova Baş Prokurorluğu Ermənistan və Ukrayna ilə imzalanmış silah satışına dair sazişi “tamamilə qanuni” hesab etdikdən sonra silah partiyaları yola salınacaq. Qeyd edək ki, saziş üzrə Ukraynaya 11 ədəd 9P140 döyüş maşınının bazasında 220 mm çaplı “Uraqan” reaktiv yaylım atəş sistemi, bu sistem üçün 12 ədəd 9T452 tipli nəqliyyat-yükləmə maşını, 27 ədəd 9P149 “Şturm-S” tank əleyhinə kompleksinin özüyeriyən işəsalma qurğusu, 1344 ədəd S-8 KOM tipli raket, 219 ədəd 9M114 “Şturm-S” tipli tank əleyhinə idarə olunan raket, 1 ədəd 9V868 tipli “Şturm” nəzarət-yoxlama maşını, Ermənistana isə 1500 ədəd S-8 idarə olunmayan raketləri (NURS) çatdırılmalıdır.
Agentliyin məlumatına görə, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana silah satışı faktı üzrə Moldova parlamentinin istintaq komissiyasının qətnaməsinə əsasən, 25 aprel 2012-ci il tarixində cinayət işi açılıb. Mətbuata sızmış məlumatlara görə, Moldova hökuməti 2011-ci ilin sentyabr ayında gizli olaraq Ermənistan 60 ton raket satıb. “Omega” agentliyinin apardığı araşdırmaya görə, Moldova Müdafiə Nazirliyi silahları tender keçirmədən ucuz qiymətə satıb. Parlament istintaq komissiyası da silah satışı sazişi ilə bağlı çoxsaylı qanun pozuntularının olduğunu aşkarlayaraq, faktı araşdırmaq üçün Baş Prokurorluğa göndərib.
Agentlik qeyd edib ki, parlament araşdırmasından bir il sonra Moldova Baş Prokurorluğu parlamentə məlumat vermədən “cinayət tərkibi olmadığına görə” saziş barədə açılmış işə xitam verib.Nəticədə bu günün özündə Ermənistana silah daşınır. Ekspertlər hesab edir ki, Moldovanın Ermənistana satdığı silahlar elə də ciddi təlükə yaratmır. Amma söhbət ondan gedir ki, Moldova GUAM-in üzvüdür və Azərbaycanla strateji müttəfiq sayılır. Belə olan halda müttəfiqin bu addımı arxadan zərbə kimi dəyərləndirilir. Ekspertlər bunu da bildirir ki, əslində belə bir prosesin baş verməsində Rusiyanında əli var. Belə ki, Moldovanın müdafiə sistemində Rusiya ilə bağlılığı olan qüvvələr var və GUAM-in dağılması üçün Moldovanın Ermənistana silah satışını təşkil edirlər. Bu arada məlum olub ki, Ermənistan əslində istər Moldovadan, istərsə də Ukraynadan aldığı silahları üçüncü ölkələrə,o cümlədən İrana satır.

Mehdi Əli