"Azərbaycan müxalifəti yaranışından şikəst doğulub"
"Azərbaycan müxalifəti yaranışından şikəst doğulub"

Bünyamin Qəmbərli: "Ölkədəki partiyaların heç birində normal söz azadlığı yoxdur"

"İran müstəqil Azərbaycan dövlətinin
qurulmasını və inkişaf eləməsini istəmirdi"

Son günlər bölgədə və ölkədə baş verən siyasi proseslərlə bağlı suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qənbərli cavablandırır.

-Bünyamin bəy, Sizcə, bu gün Azərbaycan müxalifətinin ümumi problemi nələrdə ifadə olunur?
-Bu müxalifətin əsas problemi budur ki, o, yaranışından şikəst doğulub. Lap əvvəldən şikəst yaranıb. Yəni əgər xatirinizdədirsə, Azərbaycanda ilk müxalifət partiyası Etibar Məmmədovun səyləri ilə milli-azadlıq hərəkatının əsas dövrünə keçid etdiyi mərhələdə yarandı. Həmin siyasi partiya ayrıca bir ideologiyadan, yaxud hansısa məsələlərə münansibətdə prinsipial ideoloji baxışların fərqi zəminində formalaşmadı və daha çox partiyaya liderlik edəcək şəxslərin şəxsi maraqlarının ödənilməsi üçün meydana çıxdı. Beləliklə, ilk müxalifət partiyası ortalığa çıxdı.
Sizə bir daha xatırladım ki, sonradan Elçibəyin hakimiyyəti dönəmində İsa Qəmbər yeni partiya yaratması daha acınacaqlı bir hal idi. Bu addım anormal gediş idi. İsa Qəmbər hakimiyyətdə yüksək vəzifə tuta-tuta hakimiyyətin daxilində yeni bir siyasi partiya yaratdı. Əgər bu yeni yaranan partiya müxalifət partiyası idisə, İsa Qəmbər öz postundan istefa verməliydi. Yox, koalisiya partiyası idisə, bu da rəsmən elan olunmalıydı ki, həmin hökumət koalisiyadan formalaşıb. Yəni anormal bir durum yaratmışdılar.
Və yaxud 90-cı illərin sonunda AXCP-nin daxilində Yurd təşkilatının yaradılması. Sadaladığım faktların hamısı Azərbaycan müxalifətinin lap əvvəldən sağlam təməllər, sağlam ideoloji platformalar zəminində, problemlərə ayrı yanaşmalar üzərində deyil, şikəst əsaslar üzərində, liderlik ambisiyalarının gerçəkləşməsi məqsədi ilə qurulduğunu bildirir. Ona görə də Azərbaycan müxalifəti inkişaf eləmir və irəli gedə bilmir.
Digər tərəfdən, Azərbaycan müxalifəti öz daxilində sağlam mühit də yarada bilmir. Bir daha yadınıza salım ki, 98-ci ilin prezident seçkilərində müxalifət vahid namizəd irəli sürə bilmədi. Onlar mərhum Əbülfəz Elçibəyin vahid namizədliyini qəbul etmədilər. Daha doğrusu, İsa Qəmbərlə Rəsul Quliyev. Aradan bu qədər illər keçməsinə baxmayaraq müxalifət yenə də vahid namizəd problemini həll edə bilmədi. 2000-ci ildə proporsional qaydada keçirilən parlament seçkilərində də müxalifət vahid siyahı məsələsində ortaq məxrəcə gələ bilmədi. Yəni bu müxalifət öz daxilində normal və sağlam bir mühit yarada bilmir. Ölkədəki partiyaların heç birində normal söz azadlığı yoxdur. Öz partiyasında normal söz azadlığını təmin edə bilməyənlər haray çəkirlər ki, ölkədə söz azadlığı yoxdur. Öz partiyasında normal demokratik mühit yarada bilməyənlər iqtidarı antidemokratiklikdə ittiham edir. Öz partiyasında normal idarə etmə sistemi qura bilməyənlər ölkəni idarə etmək iddiaları ilə çıxış edirlər. Bir daha təkrar edirəm: bu müxalifət şikəst doğulub və bu şikəstliyi aradan qaldırmaq üçün heç bir tədbirə əl atmır.
-Bir zamanlar biz yazmışdıq ki, Azərbaycandakı siyasi partiyalar, əslində, siyasət xanlıqlarıdır, yəni regionçuluq prinsipləri əsasında təşəkkül tapıb... Partiya lideri hansdı bölgədəndirsə, o partiyanın əsas funksionerləri də həmin bölgədən çıxmış adamlardır...
-Bu fikirlə o qəfər də razılaşmıram. Siyasi partiyaların regional bazalar üzərində qurulması fikriylə razılaşmıram, amma bununla razıyam ki, Azərbaycanda siyasi partiyalardan daha çox siyasi qruplaşmalar mövcuddur. Yəni, adətən, partiyalar daha çox ciddi siyasi prinsiplər əsasında meydana çıxır. Amma bizdəki siyasi partiyalar, dediyim kimi, müəyyən siyasi liderlərin ətrafında qurulub. Hansısa lider öz partiyasını tərk eləsə, həmin qurum dağılacaq. Bu da onu göstərir ki, ölkədəki siyasi qurumlar hələlik normal siyasi təsisatlar səviyyəsinə qalxa bilməyib. Qeyd etdiyim hal ölkədəki bütün siyasi qurumlara xasdır. Əbülfəz Elçibəy rəhmətə gedəndən sonra AXCP 3-4 yerə parçalandığı kimi.
-Necə fikirləşirsiniz, müxalifət qarşıdan gələn prezident seçkilərində hansısa bir şansa malikdirmi?
-İndiki vəziyyətdə müxalifətin hansısa şansa malik olduğunu düşünmürəm. Hər şeydən əvvəl ona görə ki, müxalifətin özü buna inanmır. Onlar prezident seçkilərində qalib gələcəklərinə inanmırlar. Siz də yaxşı bilirsiniz ki, inam qələbənin yarısı deməkdir. Hətta siyasi partiyalardan birinin sədri konkret şəkildə deyir ki, prezident seçkilərində qalib gələcəyinə inanmır. Digər tərəfdən, müxaliflər qalib gəlmək üçün lazım olan fəaliyyət göstərməyi sərgiləmirlər. Bu da inamsızlıq kompleksinin nəticəsində meydana çıxır. Çünki müxalifət partiyaları əhalinin narazılıq əhvali-ruhiyyəsindən başqa ortalığa heç nə qoya bilmir. Müxalifət bu amilə söykənməkdən başqa bir ciddi arqument tapa bilmir. Ən elementar norma bu olardı ki, müxalifət prezident seçkilərinə vahid namizədlə getsin, amma bu problemi də həll edə bilmədi. Məsələn, seçkilər öncəsi İsa Qəmbərlə Rəsul Quliyev arasında yaranmış durum bu sıraya aiddir.
-Son günlərdə İran parlamentində Türkmənçay müqaviləsinin ləğv edilməsi ilə bağlı müzakirələr başlanıb. İran bu addımla nə demək istəyir və nələrə nail ola bilər?
-Bu məsələ ilə bağlı onu deyim ki, bu yöndə də Azərbaycan müxalifətinin mövqeyi ortada yoxdur. Bu müxalifət yalnız və yalnız öz siyasi ehtirasını söndürməklə məşğuldur. Bu qurumu Azərbaycanın milli maraqları narahat eləmir. İran bizə qarşı hansısa addım atır, Azərbaycan müxalifəti ciddi reaksiya vermir. Rusiya Dərbəndin 2000 illik yubileyini qeyd edir, müxalifət reaksiya vermir. Bütün dünyanın gözü qabağında İraqda kərkükləri qısma-boğmaya salıblar, bizim müxalifət yenə də susur. Gürcüstandakı soydaşlarımızın problemləri ilə bağlı ciddi bir təpgi verilmir. İrana və Rusiyaya gəlincə isə, müxalifət, ümumiyyətlə, onların xatirinə dəymək istəmir. Çünki regionun iki əsas gücü ilə üz-üzə gəlmək istəmir. Konkret olaraq İran parlamentində Türkmənçay sülh müqaviləsi ilə bağlı məsələnin qaldırılmasına gəlincə isə, bu, İranın tarixən can atdığı bir hədəfdir. Bir vaxtlar mərhum Əbülfəz Elçibəyi günahlandırırdılar ki, o, Güney Azərbaycan məsələsini qaldırmasaydı, İran bizə qarşı sərt mövqe tutmayacaqdı. İndi ortalığa maraqlı bir sual çıxır: hazırda Azərbaycan tərəfdən nə hakimiyyət, nə də müxalifət Güney Azərbaycan problemini qaldırıb. Bəs İran niyə bu qədər narahatdır? Bütün bunlar ondan xəbər verir ki, biz istəsək də, istəməsək də, İran müstəqil Azərbaycan dövlətinin qurulmasını və inkişaf eləməsini istəmirdi və bu reallığı indi də qəbul edib həzm edə bilmir. İndiki durumda isə İran parlamentində sözügedən məsələnin gündəmə gətirilməsi donkixotluqdur. Yəni İran qabaqdangəlmişlik eləmək istəyir ki, Azərbaycanın Güney Azərbaycan problemini qaldırmaq səylərini önləsin. Buna görə də Azərbaycan tərəfi İrana qarşı sərt mövqe sərgiləməlidir. Çünki nə qədər İranın qabağında geri çəkilsək, ölkəmizdə apardığı pozuculuq fəaliyyətinə ciddi reaksiya verməsək, İrandakı otuz beş milyonluq soydaşımızın problemlərini BMT-də qaldırmasaq, İran həmişə üstümüzə gələcək.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bu il fevral ayının səkkizində Türkmənçay sülh müqaviləsinin 185 illiyi ilə bağlı dəyirmi masa keçirtdi. Həmin tədbirdən sonra BMT-yə müraciət elədik ki, bir zamanlar bağlanmış bu müqavilə öz hüquqi qüvvəsini itirib. Müraciətdə bildirilirdi ki, "Tarixi fakt olaraq 1928-ci il tarixində çar Rusiyası ilə İran monarxiyası arasında gedən müharibə sonucunda Azərbaycan torpaqları ikiyə - şimali və cənubi Azərbaycana bölünmüşdür . Bununla da Şimali Azərbaycan Rusiyanın , Cənubi Azərbaycan isə İranın işğalı altına düşmüşdür. Lakin sonrakı tarixi proseslər nəticəsində Çar Rusiyası dağılmış, Rusiyada yeni dövlət qurulmuş, eyni zamanda yeni qurulan bu dövlət Çar Rusiyasının bağladığı bütün beynəlxalq müqavilələrdən imtina etmiş və eyni zamanda Rusiya işğalında olan Azərbaycan ərazisində müstəqil Azərbaycan Demokratik Respublikası yaranmışdır . Bununla da "Türkmənçay" sülh müqaviləsi müqaviləni bağlayan tərəflərdən birinin - Rusiyanın bu müqavilədən imtina etməsi ilə qüvvədən düşmüş və öz əhəmiyyətini itirmişdir .
Sonrakı dövrdə - 1922-ci ildə Azərbaycan SSRİ-nin tərkibinə daxil olmuş, 1991-ci ildə isə SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil
Azərbaycan Respublikası elan edərək 1992-ci ildə Rusiya
Federasiyasının və İran İslam Respublikasının da üzvü olduğu Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Çox ciddi tarixi proseslər olan bu hadisələrin (1979-cu ildə İran monarxiyasının ləğv olunduğunu və yerində İran İslam Respublikasının yaranmasını da əsas götürərək) və bununla yanaşı çağdaş dünyada parçalanmış xalqların birləşməsi prosesinin sürətlə getdiyini, eyni zamanda BMT-nin əsas prinsiplərindən olan Millətlərin öz müqəddəratını təyin etməsi prinsipi əsasında İİR-in işğalı altında olan Cənubi Azərbaycan ərazisində yaşayan və assimliyasiya siyasətinə məruz qalan 40 milyona yaxın Azərbaycan türkünün tarixi Azərbaycan torpaqlarında öz müqəddəratını təyin etməsi hüququnu və ən nəhayət son 200 il ərzində Azərbaycan xalqına qarşı olan bu ədalətsizliyə son qoyulmasının vacibliyini nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsini gündəliyə çıxarmanızı sizdən xahiş edirik!"
Biz partiya olaraq Güney Azərbaycanın milli hüquqları uğrunda çox ciddi iş aparırıq. Və güman etmirəm ki, İran parlamentində başlanmış bu isterika onlar üçün hansısa müsbət nəticələr verə. Bəlkə də, onların gözləmədiyi başqa bir durum yarana bilər...

Söhbətləşdi:
Fərzuq Seyidbəyli