Zeynəb Xanlarova DİN-lə üz-üzə gəldi
Zeynəb Xanlarova DİN-lə üz-üzə gəldi

Deputat rəsmi məlumatı təkzib edir

Son zamanlar hakimiyyətə qarşı radikal açıqlamaları ilə gündəmə gələn millət vəkili Zeynəb Xanlarova növbəti dəfə hakimiyyətə zərbə vurdu. Belə ki, bu günlərdə həbs olunan Tale Bağırovun Zeynəb Xanlarovanın bağ evini yandıraraq ölkədə ajiotaj yaratmağa cəhd etdiyini açıqlamışdı.
Amma Zeynəb Xanlarova buna çox kəskin şəkildə reaksiya verib:- "İnanın, özümə gələ bilmirəm. Mən Nardaran camaatından həmişə hörmət görmüşəm. Mən məscid tikdirmişəm. Mən məhz onların xahişi ilə prezidentin qəbulunda olub kommunal problemlərini qaldırmışam. Hörmətli prezidentə demişəm ki, onlar mərd, kişi adamlardır. Prezident də mənim xahişimdən sonra onların kommunal problemlərinin həllinə göstəriş verib.
Bilirsiniz nə var, mən kişi qızıyam. Mənim üçün heç vaxt müxalifət-iqtidar söhbəti olmayıb. Mənim üçün həmişə xalq olub. Mən həmişə aşağı təbəqəni sevmişəm, onların mövqeyində olmuşam, onlara yaxşılıq etməyə çalışmışam. İndi bu nə şərdir yaxırlar mənə?
Mən heç kimdən şikayət etməmişəm. Cəhənnəm olsun bağ da. Kiçik bir hadisədir olub, onu da nardaranlılardan görmürəm. Tələb edirəm ki, mənim adımı bu məsələlərdə hallandırmasınlar.
Yenə deyirəm, mən həmişə yaxşılıq etməyə çalışmışam. O oğlanın həbsini də eşidən də çox pis oldum ki, gənc bir övladımız həbsə düşüb.
O ittihamı hazırlayanlara deyirəm, kimi tutmaq istəyirsinizsə, kişi kimi, öz adınızdan tutun, mənim adımı bu işə qatmayın. Mənim işim ayrı-ayrı ölkələrdə Azərbaycanı layiqincə təmsil edib tanıtmaq, bayrağımızı ucaltmaqdır, adam tutdurmaq deyil".
Amma Daxili İşlər Nazirliyidə xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda adının hallanmasına etirazına cavab verib.
Nazirlikdən bildirilib ki, aprelin 11-də Tale Bağırov barəsində açıqlanan ittihamlar iki hüquq-mühafizə orqanının yaydığı rəsmi mövqedir.
"Yayılmış məlumat tam rəsmidir və hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
DİN-dən onu da bildiriblər ki, zərurət yarandığı halda əlavə məlumat verilə bilər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq bildiriblər ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.
Qeyd edək ki,dünəndə Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında iki nəfər Bəxtiyar Qurbanov və Röyal Əsgərov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı onlar ilahiyyatçı Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.
İnformasiya şöbəsi