Erməni lobbisi strategiyasını zorən dəyişir
Erməni lobbisi
strategiyasını zorən dəyişir
ABŞ-da lobbilərin toqquşması davam edir

ABŞ-ın Men ştatının qanunverici orqanı qətnamə qəbul edərək ABŞ prezidenti və Konqresini Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanımağa çağırıb.
Qətnamənin təşəbbüskarı konqresmen Skott Hamanndır. Ona bu təşəbbüsdə Nümayəndələr Palatasının üzvləri Endrü Qattin və Saqa Qideon dəstək verir.
Qeyd edək ki, analoji qətnamələr bundan əvvəl Massaçusets və Rod-Aylend ştatları tərəfindən qəbul olunub.Maraqlıdır, ayrı-ayrı ştatların belə addım atması gələcəkdə ABŞ-in bir tərəf olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıması ilə sonunclana bilərmi? Ekspertlər məsələyə heç də birmənalı yanaşmırlar. Belə ki, ABŞ qanunvericiliyinə görə ştatlar,ştat daxilində hansısa qərarları çıxara bilərlər və bu qərarlar yalnız ştat daxilində keçərli olur. Amma bu o demək deyil ki, ştatlar ABŞ dövlətçiliyinə zərbə vura biləcək addımlar atsınlar. Məsələn, ABŞ-da istənilən ştat ştat daxilində vergi göstəricilərini bildikləri kimi müəyyənləşdirə, hansısa şəhərlə əlaqə qura bilər, yəni bu tip məsələlərdə sərbəst addım ata bilərlər. Bundan başqa istənilən ştat ABŞ konqresinə müəyyən məsələlərdə təkliflərdə göndərə bilərlər. Bu gün Men ştatının bu müraciəti də ştat səviyyəsində olan məsələdir və bundan öncə də belə addımlar atılıb. Və yaxud götürək Xocalı soyqırımı kompaniyasına. Son bir neçə il ərzində ABŞ-da bu istiqamətdə ciddi işlər görüldü və bir neçə ştat Xocalıda yaşananları soyqırım olaraq qəbul etdiklərini bəyanladılar və bununla bağlı konqresə müraciətdə göndərildi. Amma burda da bir detal var ki, həmin ştatların qəbul etdikləri qətnamənin ABŞ ictimaiətinə bir başa təsiri yoxdur. Bu sadəcə olaraq daha çox tərəfdar toplamaq məqsədi daşıyır və buna lobbilərin toqquşması kimi də qiymət vermək olar. Həqiqətən də bu gün ABŞ-da azərbaycanlılara məxsus lobbi get-gedə inkişaf edir və bir sıra uğurlara imza atılıb. Halbu ki, bir müddət öncəyə qədər ABŞ-da erməni lobbisi tam gücü ilə fəaliyyət göstərirdi və Azərbaycan tərəfi demək olar ki, gücsüz durumda idi. Amma son iki il ərzində aparılan işlər artıq səmərə verməyə başlayıb. Xocalı soyqırımı ilə bağlı ABŞ-da təşkil edilən kompaniya, ABŞ-Azərbaycan müttəfiqliyi ilə bağlı müxtəlif simpoziumların keçirilməsi və nəhayət də konqresmenlərlə bir-başa əlaqələrin qurulması bizim lobbinində hərəkətliliyini təmin etdi. Hazırda erməni lobbisini narahat edən məqamlardan biri də budur ki, azərbaycanlılara məxsus lobbi ilə yəhüdi lobbisi arasında ciddi bağlar qurulur. Bu isə Azərbaycanın imkanlarını daha da artıracaq. Bunu da qeyd edək ki, bir sıra ştatlarda Xocalı soyqırımının qəbuluda məhz bu əməkdaşlığın nəticəsi idi. Bununla paralel olaraq sosioloqlar hesab edir ki, son beş il ərzində ABŞ-da ermənilərə yanaşmada bir soyuqluq müşahidə olunur. Belə ki, hər zaman ABŞ-da prezident seçkiləri keçirilən zaman namizədlər erməni "soyqırımı" imtahanından keçməli olurdular. Hətta elə namizədlər olurdu ki, bu "soyqırımı" tanıyacaqlarını bildirirdilər. Amma son prezident seçkilərində bu məsələ ümumiyyətlə gündəmə gətirilmədi və aydın oldu ki, artıq amerikalı siyasətçilər soyqırım hədəsindən beziblər və bu səbəbdən son seçkilərdə namizədlər arası razılaşmadan sonra bu mövzu tamamı ilə qapadıldı. Bütün bunlar isə sözsüz ki, erməni lobbisini narahat edir və gündəmə gəlmək üçün müxtəlif üsullardan istifadə edilir. Elə Men ştatında belə bir qətnaməninə çıxması məsələnin görünən tərəfidir. Çox maraqlı başqa bir proses isə budur ki, öncələr erməni lobbisi strateji xəttini "soyqırım" üzərində qururdusa, indi əsas məqsəd kimi Dağlıq Qarabağın tanınmasıdır. Əslində erməni lobbisi bunu məcburiyyətdən edir. Çünki erməni ziyalılarıda daxil olmaqla,dünya ictimaiəti artıq bu soyqırım oynuna ciddi yanaşmır. Dünyaca məhşur Şarl Aznavurun dediyi sözü isə yada salmaq yerinə düşər:-"Mən erməni soyqırımı söhbətinə tüpürmək istəyirəm. Əsl soyqırım indi Yerevanda baş verir". Yəqin ki, erməni lobbisinin nəyə görə yeni strateji xətt tutmalarının səbəbi məlum oldu. Bununla da qeyd etmək olar ki, Men ştatında çıxarılan bu qətnamə əslində erməni lobbisinin özünütəsdiq marağından çıxıb və Azərbaycan diplomatiyasıda eyni formada cavab atəşi açacaq.
Toğrul Əliyev