Yaxınlaşan seçkilər və daralan hövsələlər
Yaxınlaşan seçkilər və daralan hövsələlər

Prezident seçkiləri yaxınlaşdıqca ölkədəki siyasi düşərgələrin bir-birinə ünvanladığı ittiham və tənqidlərin hərarəti də getdikcə yüksəlməkdədir. Xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq bu da təbiidir və necə deyərlər, siyasi mübarizənin səciyyəvi cəhətidir.

Məlum olduğu kimi, Bakıda bir qrup gəncin "əsgər ölümünə yox!" şüarı ilə keçirdiyi siyasi aksiya geniş rezonans doğurdu. Etiraf edilməlidir ki, Aksiyanın tempi və miqyası hamını təəccübləndirdi. Ardınca isə ilginc faktlar ortalığa çıxdı.
Belə ki Milli Demokratiya İnstitutunun (ABŞ) Bakı təmsilçiliyinin fəaliyəti və pul məsrəfləri gündəmdə ən müxtəlif rakurslardan hallandırılmağa başlandı və məlum oldu ki, bu qurumun maliyyə fəaliyyətində qeyri-şəffaf məqamlar var.
Bunula yanaşı, bir sıra müxalif qurumların sözügedən institutla bağlılıqları barədə mətbuatda gümanlar yer almağa başladı.
İqtidar mənsubları hesab edir ki, Azərbaycan Ziyalılar Forumunun, Azərbaycan müxalifətinin Facebook səhifəsində cəhdləri heç bir nəticə verməyəcək, çünki Azərbaycan gəncliyi, bütövlükdə İnternet səhifələrində yazan, iştirak edən vətəndaşlar dövlətimizi, dövlət müstəqilliyimizi və dövlət maraqlarını hər şeydən uca tutanlardır. Bu cür Ziyalılar Forumu deyilən dırnaqarası qurumun üzvlərinin çağırışı "stəkanda fırtına"dan başqa bir şey deyil.
İqtidar ideoloqları hesab edirlər ki, ideoloji sahədə, digər sahələrdə Azərbaycan müxalifəti ilə hər cür polemikaya hazırdırlar və ümumiyyətlə, ideoloji-siyasi cəhətdən də üstünlüklərini daim nümayiş etdirirlər.
Qeyd edək ki, Ziyalılar Forumunun toplantısında "EL" hərəkatının lideri Eldar Namazov Facebook-da "beyin fırtınası" keçirə biləcək qrupun yaradılması və problemlərin virtual aləmdə daha geniş formatda müzakirə edilməsi təklifi ilə çıxış edib.
Demokratik İslahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadənin "Unikal"a söylədiyinə görə, "Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi, dialoq və siyasi təbliğatın mündəricəsi hələ ki dünya standartlarından çox aşağıdır. Göstəricinin bu səviyyəsinə görə təəssüflənməyinə də dəyməz. Çünki Azərbaycan yenicə dövlət müstəqilliyi qazanıb və demokratik proseslər indi-indi konkret cizgilər kəsb etməyə başlayıb. Buna görə də bizdəki siyasi diskussiya mədəniyyətinin kasadlığı və ya tündlüyü çox da narahatlıq doğurmamalıdır. Güman edirəm ki, zaman keçdikcə bizim siyasətçilər də daha incə və sivil mübarizə, siyasi mükalimə üsullarına yiyələnəcəklər".
Millət vəkilinin sözlərinə görə, "Demokratiya anlayışı olduqca nisbi anlayışdır və hər bir mədəniyyətin səviyyəsinə uyğun şəkildə formalaşır. Bu gün Azərbaycanda siyasət meydanında olanların demək olar ki, əksəriyyəti dünən sovet sistemində yetişmiş insanlardır və buna görə də möcüzə gözləməyinə dəyməz. Bununla belə, hesab edirəm ki, yaxın on illərdə cəmiyyətimizdə normal siyasi-demokratik proseslərin getdiyinin şahidi olacağıq".

Mahir İmanlı