Eynulla Fətullayev "Səidin dəstəsi" ilə görüşdü
Eynulla Fətullayev "Səidin dəstəsi" ilə görüşdü

"İnsan Haqları Uğrunda" İctimai Birliyinin sədri Eynulla Fətullayevin rəhbərliyi ilə təşkilatın monitorinq qrupu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirib.
İctimai Birlikdən daxil olan məlumata görə, 15 saylı müəssisədə keçirilən müşahidə prosesi Almaniya Xarici işlər Nazirliyinin dəstək verdiyi həbsxanalarda alternativ preventiv mexanizminin tətbiqi layihəsi çərçivəsində həyata keçirilib. Monitorinqin nəticələrini şərh edən E.Fətullayev bildirib ki, "müşahidə prosesi zamanı cəzaçəkmə müəssisəsində məhkumların saxlandığı korpuslarda, yataqxanalarda (baraklarda) və onların istifadəsində olan məişət və şəxsi əşyaların saxlandığı otaqlarda, məişət obyektlərində baxış keçirilmiş məhkumların saxlanma şəraiti, həmçinin, cəzaçəkmə müəssisəsilərində son dövrdə gedən islahatların çərçivəsində görülən işlərlə yaxından tanışlıq keçirilmişdi". Birliyin monitorinq qrupunun gəldiyi yekun rəyə görə bu müəssisədə vəziyyət qənaətbəxş hesab olunmalı və monitorinq zamanı heç bir ciddi qüsur və problem müəyyən edilməmişdi. E.Fətullayevin fikrincə, "başqa bir sıra müəssisədə ciddi problemlər aşkar edilərək, Nazirliyin rəhbərliyinə təqdim edilsə də, bu müəssisədə Daxili Qaydalara riayət olunur".
Monitorinqdən sonra Eynulla Fətullayev "Səidin dəstəsi" adı altında ictimai fikirdə qərar tapan, dövlət çevrilişində və İrana xəfiyyəçilikdə ittiham olunmuş məşhur siyasi məhbuslar Səid Dadaşbəyli və Emin Mehbalıyevlə görüşüb. Emin Mehbalıyev - Həmkarlar İttifaqı Konfederasiyasının prezidenti, millət vəkili Səttar Mehbalıyevin qardaşı oğludur. Hər iki məhbus AŞPA-nın məruzəçisi K.Ştrasser tərəfindən ehtimal edilən siyasi məhbusların siyahısına daxil edilib. Hər iki məhbus onlara qarşı irəli sürülmüş ittihamları qəti şəkildə rədd edərək, onları uydurma və siyasi məqsədlərə xidmət edən böhtan adlandırılıb, ümidlərini yalnız Avropa Məhkəməsinin ədalətli hökmünə bağlayıblar.