Məmurların mənimsədiyi torpaqlar geri alınacaq
Məmurların mənimsədiyi torpaqlar geri alınacaq

Aqrar sektorun dirçəldilməsi planı vəzifəliləri “yıxacaq”

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən sayılır. Amma təəssüf ki, bəzi məmurlar bunun qarşısında da əngələ çevrilirlər. Söhbət onların regionlarda iri torpaq sahələrini öz yaxınlarının adına keçirməsindən gedir.

Kənd təsərrüfatı üçün ayrılmış subsidiyaların mənimsənilməsi, fermer təsərrüfatlarının fəaliyyətinə süni əngəllər yaradılması azmış kimi, bəzi məmurlar bölgələrdə iri torpaq sahələrini ələ keçirirlər. Həmin torpaqların əhəmiyyətli hissəsi ya istifadəsiz qalıb, ya da bu, əkinçilik və heyvandarlıqla məşğul olmaq istəyən başqa vətəndaşların əkin və otlaq sahələrinin əllərindən alınmasına gətirib çıxarıb.
Ekspertlər hələ xeyli vaxtdır bunun ciddi problemə çevrildiyini və hökumət tərəfindən həll edilməsinin vaxtı çatdığını vurğulayırlar. Amma təəssüf ki, belə çağırışlar indiyədək rəsmilər tərəfindən ciddi qəbul olunmayıb.
Son iddialar isə belədir ki, ölkədə aqrar sektorun inkişafının sözdən əmələ keçirilməsi zamanının gəldiyini başa düşən hökumət bu istiqamətdə ciddi addımlar atmaq istəyindədir. Bu sırada önəmli addımlardan biri isə müəyyən vəzifəli şəxslərin kənd təsərrüfatının inkişafının önündə ciddi əngələ çevrilən “özününküləşdirmə siyasəti”nə son qoyulması - onların əsasən qanunsuz yollarla ələ keçirdikləri torpaq sahələrinin əllərindən alınmasıdır.
Mətbuat da dəfələrlə bu məqama toxunur ki, ölkədə yürüdülən aqrar siyasətə kölgə salan məmurlar fermerlərlə hakimiyyəti qarşı-qarşıya qoyur. Hökumətin aqrar sahənin inkişafını prioritet sahə elan etməsinə, bu yöndə müxtəlif güzəştlərin tətbiq olunmasına baxmayaraq ömrünü-gününü əkin-biçinə, torpağa həsr edən fermerlərin bu gün üzləşdikləri problemlər sonda dözülməz hal alıb. Fermerlər bir növ dövlətin onlar üçün yaratdığı imkanlardan istifadəsiz qalıblar. Məhz bunun nəticəsidir ki, bir zamanlar kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar indi mənfi saldo ilə müşahidə olunur. Davamlı olaraq müəyyən problemlərlə üzləşən fermerlər sonda öz sevimli peşələrindən əl çəkərək başqa sahədə özlərini sınamağa başlayırlar.
Belədə boş qalan torpaqlara daha asan yiyələnən bəzi məmurlar eyni zamanda başqa bir ciddi problemə yol açırlar: fermerlərin əllərinin əkin-biçindən soyuması sonda boş qalan torpaqların şoranlaşmasına da gətirib çıxarır. Bir sözlə, məmurlar ya regionlarda torpaq sahələrini öz şəxsi mənfəətlərinin əsiri etməkdə, ya da şoranlaşaraq keyfiyyətsiz hala düşməsinə gətirib çıxarmaqdadırlar.
Yeni bilgilərə görə, artıq bu vəziyyətə son qoyulması qərarlaşdırılıb. Məmurlar tərəfindən vətəndaşların nəzarətindən çıxarılan əkin və otlaq sahələri kimi mühüm əhəmiyyət kəsb edən on minlərcə hektar boş torpaq sahələri onlardan alınacaq və ölkədə aqrar sektorun inkişafı üçün istifadə ediləcək. Bu məlumatın nə qədər doğru olub-olmadığını isə yəqin ki, qısa vaxtda görəcəyik.
Azər Aslan