Lavrovun baş tutmayan Bakı səfəri
Lavrovun baş tutmayan Bakı səfəri

O, gəlməli idi,amma gəlmədi

Bu günlərdə aydın olmuşdu ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək. Məqsədi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Məzunlarının I Beynəlxalq Forumunda çıxış etmək idi. Həmçinin onun Bakıda bir sıra rəsmilərlə , o cümlədən prezident İlham Əliyevlə görüşməsi gözlənilirdi. İstər azərbaycanlı, istərsə də rusiyalı politoloqlarda hesab edirdi ki, bu görüşə ciddi ehtiyac var və bu görüşdən sonra İlham Əliyevlə, Rusiya prezidenti Vladimir Putinin görüşünün təşkili daha da real olar və bununla da bir sıra problemlər həll edilər.

Bunu da qeyd edək ki, artıq bir ildir ki, Rusiya ilə Azərbaycan arasında soyuq diplomatik münasibətlər davam edir və bəzi hallarda bu münasbəti dondurulmuş münasibətlər kimi xarakterizə edirlər. Amma Lavrovun səfəri bu donu aça bilərdi. Mütəxəssislər hesab edirdi ki, Lavrovun Bakı səfəri zamanı aşağıdakı məsələlərin müzakirəsi qaçılmaz olacaqdı.
1. Avrasiya İttifaqına Azərbaycanın qoşulması
2. Ümumi Gömürük Birliyinə üzvlüyü qəbul etmə
3. Neft və qaz sahəsində yeni müqavilələrin bağlanması
4. Hərbi əməkdaşlığın bərpası. Qeyd edək ki, son zamanlar iki ölkə arasında yaranmış soyuqluqdan dolayı olaraq Rusiya Azərbaycana silah satışını dayandırıb. Ekspertlər bunu da bildirirdi ki, danışıqlar zamanı həmçinin Azərbaycanında aşağıdakı şərtlərinin qəbulu gözlənilirdi
1. Ermənistanı Rusiyanın silahla təmin etməsinin durdurulması
2. Ermənistana əlavə hərbi qüvvələrin gətirilməsinin durdurulması
3. Dağlıq Qarabağ ətrafı rayonların azad edilməsinin yenidən priroritet mövzuya çevrilməsini təmin etmək
Nəhayət iki ölkə arasında müzakirə olunmalı məsələlərdən biri də NATO qoşunlarının Azərbaycan vasitəsi ilə Əfqanıstandan çıxarılması idi. Belə ehtimallar var ki, NATO qoşunları Əfqanıstandan çıxarılan zaman müəyyən hərbi hissələri qeyri-müəyyən vaxta qədər Azərbaycanda qala bilər. Bu isə Rusiyanı narahat edir. Rusiyanı narahat edən digər məsələ isə regionda Türkiyə-Azərbaycan-Gürcüstan hərbi ittifaqının yaranması istiqamətində işlərin görülməsidir. Artıq üç ölkənin birlikdə hərbi təlimlərə başlaması haqqında da fikirlər ciddiləşməkdədir. Amma nəzərdə tutulduğu kimi Lavrov Azərbaycana gəlmədi. Maraqlıdır, nədən Rusiya bu səfərdən və görüşdən imtina xətti tutdu?
Ekspertlər bunu bir neçə amillə əlaqələndirirlər.

Azərbaycan-Qərb
münasibətləri

Müşahidəçilər hesab edir ki, Rusiya bir neçə ay öncəyə qədər Azərbaycanla danışıqların aparılmasının tərəfdarı idi.Amma son zamanlar qərblə, ABŞ-la Azərbycan münasibətlərində bir anlaşılmamazlıq yaranmaqdadır. Belə ki, Azərbaycan tərəfi ATƏT-in Bakı ofisinin səlahiyyətlərinin məhdudlaşdırılması, Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırılması və MDİ-in maliyyəsi ilə fəaliyyət göstərən Açıq Fikir Universitetini qapatması tərəflər arasında bir anlaşılmamazlıq yaradıb. Həta hər zaman Azərbaycanla dost olduğunu bəyan edən ABŞ-in ölkəmizdə ki, səfiri də narahat dolu bəyanatla çıxış edib və açıq şəkildə müəyyən mesajlar verib:-" "Mən Azərbaycanın dostuyam, və mən onun 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra əldə etdiyi nailiyyətlərə heyranam, lakin etirazlarda və vətəndaş cəmiyyəti hərəkatında fəal iştirak edən gənclərin saxlanılması və dindirilməsi daxil olmaqla, bu ilki etirazlara qarşı hökumətin reaksiyası məni narahat edir. Azad Fikir Universiteti ofisinin bağlanılması barədə məlumatı eşitmək məni xüsusilə məyus etdi.
Mən inanıram ki, dinc etirazlara hörmətlə yanaşma, müstəqil və şəffaf məhkəmələr, eləcə də hökumətin vətəndaşlarla, xüsusilə də gənclərə münasibəti onların əsaslı tələblərini cavablandırmaq üçün demokratik hökumətlərin öz fundamental sabitliyini təmin etməyin ən yaxşı və təsirli yollarıdır".
Səfir vurğulayıb ki, Azərbaycan regional və enerji təhlükəsizliyi sahəsində ABŞ-ın güclü və dəyərli tərəfdaşıdır, lakin regional və enerji təhlükəsizliyi demokratik və iqtisadi islahatları özündə birləşdirən daha geniş əlaqələrin bir hissəsidir.
"ABŞ-ın dünyada demokratik inkişafa dəstəyi bizim dəyərləri əks etdirir, amma, bu həm də praqmatik mülahizələrə əsaslanmışdır. Keçmiş dövlət katibi Klintonun Bakıya səfərlərinin birində dediyi kimi, bizim ən yaxın əlaqələrimiz vətəndaşların geniş insan hüquqlarına hörmət edən ölkələrdir. Biz dünyada müxtəlif çağırışların öhdəsindən gəlməyi bacaran güclü tərəfdaşlara ehtiyacımız var, eləcə də güclü demokratiyalar bizim ən güclü tərəfdaşlarımızdır", - deyə Morninqstar sonda qeyd edib.Bununla yanaşı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovda bəyan etdi ki, ATƏT mövzusunda bəzi dövlətlər Azərbaycanla nota dilində danışır və bunu qəbul etmək fikrində deyilik. Gördüyünüz kimi belə həssas bir məqamda qərb və ABŞ-la münasibətlərdə bir soyuqluq formalaşmağa başlayıb. Rusiya isə bunu görür və bu səbəbdən gözləmə mövqeyindədir. Çünki Azərbaycanın qərblə münasibətləri nə qədər pisləşərsə avtomatik olaraq Rusiya ilə yaxınlaşmaq zorunda qalacaq. Buna görə Rusiya hazırda bütün gücünü Azərbaycanla münasibətlərin qaydaya düşməsinə yox, qərblə Azərbaycanın münasibətlərinin pisləşməsinə yönəldəcək. Elə buna görə də Sergey Lavrovun Azərbaycana səfəri təxirə salınıb və danışıqlar dondurulmuş şəkildə saxlanılır.
Bundan başqa hazırda Rusiya diqqətlə Gürcüstan-Azərbaycan münasibətlərini izləyir və güman edilir ki, bu istiqamətdə də hansısa gərginliklər yaşana bilər. Düzdür, Gürcüstanın hazırkı baş naziri Azərbaycana səfər edən zaman bəyan etdi ki, Azərbaycanla strateji müttəfiqliyi qoruyub saxlamaq niyyətindədir. Amma reallıq budur ki, Gürcüstanın yeni höküməti balans yaratmaq üçün Azərbaycanla olan münasibət səviyyəsində, artıq Rusiya və Ermənistanla da əlaqə qurmağa çalışır. Bu isə özlüyündə Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə olacaq.

Rusiya ilə razılaşmağın mümkünsüzlüyü

Ekspertlər bu ehtimalla yanaşı ikinci ehtimala da xüsusi üstünlük verirlər. Bu isə odur ki, Sergey Lavrov Azərbaycana gəlməmişdən öncə müzakirə edəcəkləri mövzuları təqdim ediblər və bununla bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalıb. Xatırladaq ki, Vladimir Putin ittifaqın yaranması ilə bağlı təkliflə çıxış edəndə Azərbaycan prezidenti bəyan etdi ki, hər hansı bir ittifaqda olmaq Azərbaycanın maraqlarına cavab vermir. Ekspertlər hesab edir ki, bu gündə Azərbaycan eyni fikirdədir və belə olan halda Sergey Lavrovun Azərbaycana gəlişinin heç bir mənası qalmayıb. Bundan başqa Rusiyanın Ermənistanı sürətlə silahlandırması, hətta bu günlərdə Ermənistanda müasir hava hucumundan müdafiə sistemini qurması da ciddi problem olaraq ortada olub və Rusiya bu istəyindən çox böyük ehtimalla əl çəkməyib. Görünür bu səbəbdən Sergey Lavrovunda qatılmalı olduğu,amma gəlmədiyi tədbirə prezident İlham Əliyev getdi və əsas bəyanatı məhz Dağlıq Qarabağla bağlı oldu:- "Dağlıq Qarabağ və ətraf rayonlar hüquqi baxımından məxsus olduğu tərəfə qaytarılmalıdır. Biz danışıqlara impuls verməyə çalışırıq, lakin qarşı tərəfin mövqeyi danışıqlar prosesini uzatmaqdan ibarətdir".
Prezidentin sözlərinə görə, bu gün münaqişənin həllinin uzanması yolverilməzdir: "Münaqişə Helsinki Yekun Aktının müddəaları və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həllini tapmalıdır. Biz bu məsələdə ikili standartlarla üzləşirik. Beynəlxalq hüquqa bələd olan bizlər yaxşı bilirik ki, bəzi qətnamələr cəmi bir neçə saat ərzində icra olunur. Dağlıq Qarabağ münaqişəsinə münasibətdə isə bu kimi ikili standartların nümayişi beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin nüfuzunu artırmır". Gördüyünüz kimi prezident İlham Əliyev bəyanatında yenə sərtliyi və Azərbaycanın prinsipial mövqeyini gündəmə gətirib. Maraqlıdır, bəs Rusiya ilə münasibətlər bundan sonra hansı məcrada inkişaf edə bilər?
Təzyiqlərə dözmək

Analitiklər hesab edir ki, bu gün əsas güclərin qarşısında duran əsas məsələ budur ki, prezident seçkilərinə qədər mövcud hakimiyyətə təzyiqləri artırsınlar. Çünki təzyiqlər nə qədər artarsa Azərbaycanı hansısa məsələdə güzəştə məcbur etmək olar. Amma analitiklər bunu da bildirirlər ki, istər qərb, istərsə də Rusiya bilirki bu gün Azərbaycanda İlham Əliyevə qarşı çıxacaq alternativ güc yoxdur. Məhz buna görə də fəaliyyətlərində alternativ güc yaratma istiqamətinə də üstünlük verdilər və lazımi nəticəni əldə edə bilmədilər. İstər Rusiyanın formalaşdırdığı "Milyarderlər İttifaqı"nın hakimiyyət tərəfindən sıradan çıxarılması, istər Milli Demokratiya İnstitutunun fəaliyyətinə nəzarətin gücləndirilməsi məhz alternativ güc yaratma təşəbbüsünə cavab idi. Ekspertlər bildirir ki, buna görə Azərbaycan hakimiyyəti ən azından seçkilərə qədər bu təzyiqlərə duruş gətirməli və əsas fəaliyyət gücünü topluma yönəltməlidir. Bu gün kənar güclər Azərbaycana yalnız və yalnız daxili məsələlərdə təzyiqlər edə bilərlər. Bunu nəzərə alan hakimiyyət toplumun sosial problemlərini aradan qaldırmaq, kadr islahatlarını həyata keçirtməklə cəmiyyətdə bir barış ovqatı yaratmalı və bununla da təhlükəsizliyi təmin edə bilər. Rusiyaya gəldikdə isə, bu ölkənin regionda ciddi planları hər zaman olub və bu gündə var. Amma hazırda ABŞ-in yürütdüyü siyasət ondan ibarətdir ki, Rusiyanın təsir imkanlarını minimuma endirsin. Necə ki, bunu Suriya məsələsində həll edə bildi. Ekspertlər hesab edir ki, ABŞ eyni qayda da Rusiyanın bu regiondan da sıxışdırılmasına nail olacaq. Faktiki olaraq hazırda Rusiya regionda Ermənistan vasitəsi ilə təmsil olunur. Amma hesab edilir ki, yaxın illərdə ABŞ bütün gücünü səfərbər edəcək ki, Ermənistanda artıq qərbə doğru istiqamət götürsün. Çünki bu artıq qaçılmaz bir prosesə çevrilib.
Eldəniz Elgün