"Ümidlərimiz puça çıxır"
"Ümidlərimiz puça çıxır"

Əvəz Temirxan: "Bizim ən dəyərli resursumuz vaxtdır, onu itirmişik"

"Müxalifətdən namizədlərin çox olması iqtidarın xeyrinə olacaq"

Son zamanlar Azərbaycan müxalifətinin daxilində baş verən proseslərlə bağlı suallarımızı Azərbaycan Liberal Demokrat Partiyasının sədr Əvəz Temirxan cavablandırır.

-Azərbaycan cəmiyyəti və o cümlədən bu cəmiyyətin sıravi yazarları kimi biz gözləyirdik ki, müxalifət prezident seçkilərindən öncə vahid bir formatda birləşəcək. Amma bizim ümidlərimiz doğrulmadı, bizi aldatdılar. Bizi niyə aldatdınız?
-(Dərindən nəfəs alır.) "Niyə bizi aldatdınız?" sualını ünvanına göndərin.... Bu sualı hər bir Azərbaycan vətəndaşı birinci növbədə özünə verməlidir. Bir məsəl var. Aqillərdən kimsə deyib ki, "Bir şəxs səni aldadırsa, Allah ona lənət eləsin. İkinci dəfə ona aldansan, Allah sənə lənət eləsin".
-İndi lənətlənməli kimdir? Müxalifətdir, yoxsa cəmiyyət?
-Yox, günahkar ilk növbədə müxalifətdir, sonra da cəmiyyətdir. Amma daha doğrusu, mən cəmiyyəti günahkar saymazdım. İlk növbədə müxalifətdir günahkar. Və dövlət məmurları. Sözsüz... Bilirsiniz nədir? Bəziləri deyirlər ki, niyə Lalə Şövkət mətbuatda görünmür? Lalə Şövkət müxalifətin vahid bir qurumda birləşməsindən ötrü əlindən gələni edir, amma ondan asılı olmayan səbəblər üzündən bu birlik baş tutmur. Və indi də sual olnur ki, niyə müxalifət birləşmir. Halbuki bu birliyin baş tutmaması bizdən asılı deyil. Və sizə açığını deyim ki, müxalifətin birləşməsi naminə yenə də əlimizdən gələni edirik. Amma müxalifət düşərgəsində elə adamlar var ki, onlar da əllərindən gələni edirlər ki, müxalifət birləşməsin. Yəni müxalifət daxilində elə qüvvələr var ki, kəlməbaşı birlikdən danışır, amma real addımlar atmaq zamanı yetişəndə elə işlər görürlər ki, müxalifət parçalanmağa başlayır. Onlar bu birliyin baş tutmaması üçün hər şeyi edirlər. Çünki hər kəs özünün şəxsi maraqlarını güdür. Nəticədə də müxalifət birləşmək əvəzinə daha da parçalanır.
-Gəlin, səbəbləri araşdıraq. Birini Siz dediniz: şəxsi maraqlar. Bu bir. Mənə elə gəlir ki, iqtidar tərəfindən qarmağa keçirilib idarə edilən qüvvələr var. Bu iki. Üçüncüsü isə xarici dairələrə işləyən qüvvələrdir... Bu bölgü ilə razılaşırsınız?
-Xaricdən idarə edilən müxalifət qurumları barədə fikir söyləyə bilmərəm. Bunu təsdiqləmək üçün əlimdə konkret faktlar və sübutlar yoxdur. Amma qalan fikirlərlə razıyam. Bəli, şəxsi maraqlar və iqtidarın idarə etdiyi müxaliflər birliyin alınmasına imkan vermədilər.
- Mane olan səbəb nədir?
Müxalifətin birləşə bilməməsi bu gün Azərbaycanda bir nömrəli problemə çevrilib. Hətta Qarabağ problemini, hakimiyyətin antimilli siyasətini üstələyib. Hesab edirəm ki, indiyə kimi atılmış addımlar müxalifətin tam birliyi üçün yetərli deyil. İP, DQMM, Ziyalılar Forumu, "Qarabağ" bloku, REAL var, amma müxalifət yenə birlikdə deyil. Tala-tala birlik müxalifət birliyi deyil. Müxalifətin birləşə bilməməsində həm iqtidardaxili, həm də müxalifətdaxili səbəblər var. İqtidarda müxalifətin birləşməsini istəməyən qüvvələr imkan vermirlər, müxalifət daxilində müxalifətin birləşməsini istəməyən qüvvələr buna imkan vermirlər. Buna görə də daha çox birlikdən söhbət gedir, nəinki birləşməkdən. Daha çox söz gedir, amma konkret əməl yoxdur. Hər halda İctimai Palata, Məşvərət Məclisi, Ziyalılar Forumu, "Qarabağ bloku", REAL hərəkatının yaranmasını müxalifətin ümumi birliyinə doğru atılan ilk addım kimi qiymətləndirmək olar. Yalnız ilk addım, son addım yox. Mən hesab edirəm ki təcili olaraq İctimai Palata, Məşvərət Məclisi, Ziyalılar Forumu, "Qarabağ" blokuna aid olan partiyalar, REAL hərəkatı bir araya gəlib məsləhətləşmələr aparmalıdır ki, biz necə birləşə bilərik. İntensiv olaraq görüşüb birlik formatlarını, variantları müzakirə etməliyik. Liberal partiyası sözsüz ki, Lalə Şövkətin siyasətini yeridir. Lalə Şövkət buna hazırdır. Liberal partiyası öz imkanlarından və Lalə Şövkətin nüfuzundan istifadə edərək müxalifətin birliyi üçün, səmimi birliyi üçün real addımlar atmağa hazırdır, həmişə hazır olub və olacaqdır. Ancaq səmimi qarşılıqlı hörmət və etimada əsaslanan birlikdən söhbət gedir.
Səmimi birlik nəylə müəyyənləşir, müxalifətin siyasətə gəlişiylə Azərbaycan xalqına xidmət etmək istəyi ilə. Bunun üçün müxalifətdə olan hər bir partiya, birlik, hərəkat, siyasətçi, siyasi lider öz şəxsi və korporativ maraqlarını Azərbaycan xalqının maraqlarına qurban verməyə hazır olmalıdır.
-Təsəvvür eləyin ki, günlərin birində "Azərbaycanın indiki müxalifəti olsun, ya olmasın?" seçkisi keçirilir. Seçicilər nəyə səs verməlidirlər? "Olsun"a, yoxsa "olmasın"a?
-(Düşünür.) Bu günki müxalifət? Olsun, olmasın?
-Bəli.
-Deməli, bu günki müxalifətin olub-olmaması üçün seçkilər keçirilir. Belə təsəvvür edirsiniz?
-Deyək ki, cəmiyyətdə bu barədə rəy sorğusu keçirilir...
-Bilirsiniz nədir? Biz bu günki Azərbaycan müxalifətinin sıralarına yeni fəlsəfə gətirmiş bir qüvvəyik. Daha doğrusu, Lalə Şövkət. Eşidirsiniz?
-Eşidirəm...
-Lalə Şövkət Azərbaycan müxalifətinə iqtidarın iyerarxiyasındakı faktiki olaraq ikinci postdan istefa verərək gəlib. Buna görə də "olsun, olmasın?" sualı bizə aid deyil. Bu ötən iyirimi il ərzində əlimizdən gələni edirik ki, müxalifət birləşsin. Amma nə edək ki, hələlik Azərbaycan xalqının ümidləri kimi bizim də ümidlərimiz puça çıxır.
-Bu gün İctimai Palata var, Məşvərət Məclisi var, təzəcə yaranmış Vətən bloku var (burada Ədalət və Yaşıllar partiyaları birləşib), El hərəkatı yaranıb və s.
-"Vətən"də iki partiya var?
-Bəli, hələlik iki partiyadır... Bu qurumların hamısı bütövlükdə bu cür davranışla, bu cür tərpənməklə, bu hünərlə, bu avazla prezident seçkilərində üst-üstə neçə faiz səs toplaya bilər?
-Əgər keçən dəfəki prezident seçkilərində müxalifətin yeddi, ya səkkiz namizədi cəmi on iki faiz səs topladısa, sualın cavabı elə buradan çıxır.
-Mətbuatda belə bir ifadə işlədibsiniz ki, "Artıq gecikmişik". Amma hər halda prezident seçkilərinə hələ bir neçə ay qalır...
-Mən demişəm ki, bizim ən dəyərli resursumuz vaxtdır, onu itirmişik. Prezident seçkilərinə bir neçə ay qalır. Seçkilərin başlanmasına, ən azı, altı ay qalanda, daha seçkiyə yox. Səs verməyə yox, seçki kampaniyasının başlanmasına altı ay qalanda. Yəni, ən azı, bu ilin əvvəlində artıq seçki qanunvericiliyinə dəyişiklik edilməliydi. Azərbaycan müxalifətinin daxilindəki çəkişmələr onun birləşməsinə və bu problemlərlə məşğul olmasına imkan vermədi. Biz siyasi partiya olaraq seçkilərdə iştirak haqqında qərar verməmişik. Müxalifətin birləşməsinə bəzi qüvvələr mane olub. Biz hesab edirik ki, müxalifət başda partiya liderləri və ziyalılar olmaqla birləşməli idi. Ölkədə ədalətli, seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində mübarizə aparmalı idi. Amma təəssüf ki, bəzi qüvvələrin fəaliyyəti nəticəsində bunu etmədi. Müxalifət daxilində olan bu qüvvələri cəmiyyət tanıyır. Ona görə də çox gecikmişik. Lakin ölkədə hər an vəziyyət dəyişə bilər.
-Deməli, müxalifətin daha geniş formatda birləşmək fürsəti əldən buraxılıb, eləmi?
-Bilirsiniz, geniş format keyfiyyətli format olmalıdır. Keyfiyyəti də nə müəyyənləşdirir? Hər bir varlığın keyfiyyətini onun nüvəsi müəyyənləşdirir. Düzdür? Müxalifətin birliyinin nüvəsində beş-altı siyasi qüvvə, prezidentliyə real namizədlər durmalıdır. Biz onları bir araya gətirə bilmirik. Geniş tərkibdə, geniş spektrdə birləşməzdən əvvəl dar spektrdə birləşmək lazımdır. Bu dar spektrdə birləşməyincə geniş spektrdə birləşmək mümkün olmayacaq.Azərbaycan xalqı yenə də aldanacaq.
-Növbəti fikirmlə razılaşmaya bilərsiniz: parçalanmanın ilkin əlaməti İctimai Palatanın daxilindəki münasibətlərdən başlandı. Müsavatın başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürüləcəyi barədə məlumat yayılandan sonra...
-Siz görərsiniz, mən düşünürəm ki, İsa Qəmbər prezidentliyə namizəd kimi seçkilərə qatılsa, heç onun namizədliyini də qeydə almayacaqlar. Bu mənim ehtimalımdır.
-Qeydə alınsın, ya alınmasın, parçalanmanın əsasını qoydu ki....
-Amma görünən odur ki, İctimai Palatada da birlik yox imiş.
-Sualı ona görə belə qoyuram ki, ortalıqda heç bir hərəkat və siyasi birliklər olmayanda İctimai Palata qızğın fəaliyyətdə idi və lap əvvəldən bildirmişdi ki, prezident seçkilərinə hazırlaşır. Amma sonradan Müsavat Partiyası cığallıq elədi...
-Enli bir çaydan keçmək üçün nə lazımdır? Körpü. Düzdürmü?
-Düzdür.
-Və yaxud bir sahildən o biri sahilə keçmək üçün nə lazımdır? Qayıq. Prezident seçkilərində namizəd kimi iştirak etmək iddiasında olanlar çayın bu sahilindən o biri sahilinə keçmək üçün heç üzməyi də bacarmırlar. Qayıq yox, körpü yox, üzməyi də bacarmırlar. Ona görə də indiki seçkilərdə müxalifətdən yüz namizəd irəli sürülsə də, xeyri yoxdur. Müxalifətdən namizədlərin çox olması iqtidarın xeyrinə olacaq və seçkilərə qatılan müxalifət namizədləri heç beş faiz də səs toplaya bilməyəcəklər.
Söhbətləşdi: Savalan