Bəzi məmurlardan "plyonka" özbaşınalığı
Bəzi məmurlardan "plyonka" özbaşınalığı

Onlar ölkə rəhbərliyinin göstərişinə qarşı gedirlər

Azərbaycanda bəzi məmurlar avtomobillərinin salonlarına yenidən xüsusi örtüklər vurmağa başlayıblar. Bir çox hallarda həmin örtüklərin avtomobilləri istehsal edən zavod tərəfindən vurulduğunu desələr və bununla da diqqətdən yayınmağa çalışsalar da, bu, həqiqəti əks etdirmir. Sadəcə, "plyonka"lara qarşı xüsusi reydlərin azalması və mövzunun gündəmin arxa planına keçməsi onları buna həvəsləndirib.

Xatırladaq ki, "plyonkaların" sökülməsi ilə bağlı şəxsən ölkə başçısı iki dəfə göstəriş verib. Sonuncu dəfə prezident bu ilin fevralında keçirilən müşavirədə məsələnin üstünə bir daha qayıtmış və avtomobillərin salonlarına vurulan xüsusi örtüklərin yığışdırılmasını tələb etmişdi. "Bir neçə il əvvəl mən göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən prezidentəm, mənim maşınımda plyonka yoxdur, hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Qorxurlar ki, kimsə onları görəcək? Camaat onları görsə, nə olacaq ki, əriyəcəklər? Mən demişdim, o vaxt tədbirlər görüldü, söküldü, bu gün səhər maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə ötən il 24 min plyonka söküblər. Bu 24 min adamın qulağı yoxdu? Onlar mənim nə dediyimi eşitmirlər? Yoxsa onların yadından çıxıb? Bu o qədər də böyük məsələ deyil, amma göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin vəzifən, pulun var, özünü fərqləndirirsən. Sən get özünü işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfəylə fərqləndir, daha plyonka ilə, bahalı əşyalarla yox"-deyə ölkə başçısı vəziyyətdən kəskin narazılığını bildirib.
Ölkə başçısının çıxışından sonra artıq paytaxt Bakıda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verildi. Reydlərin ilk günlərindəcə minlərlə maşının salonundan xüsusi örtüklər yığışdırıldı.
İndi isə bəzi məmurların və övladlarının yenidən avtomobillərini "plyonkalatdırdığı" yönündə məlumatlar gəlir. Həmin məlumatlara görə, bir çox icra başçılarının, eləcə də bəzi başqa məmurların və onların "gül balaları"nın avtomobillərinin salonlarında yenidən xüsusi örtüklər bərpa olunur. Onlar bununla bir tərəfdən ölkə başçısının iradəsinə qarşı gedirlər, digər tərəfdən də təkcə "plyonkaların" sökülməsi ilə kifayətlənməməyin gərəkliyini, belə avtomobil sahiblərinə qarşı daha ciddi tədbirlərin görülməsinin lazım gəldiyini nümayiş etdirirlər.
Bəzi məmurların "plyonka məhəbbəti"nin yenidən alovlandığı barədə deyilənlərə isə inanmamaq çətindir. Ölkə başçısının bu məsələ ilə bağlı ikinci dəfə göstərişindən sonra xeyli avtomobillərin xüsusi örtüklərinin yığışdırılması sübut etdi ki, məmurlar və onların övladları dövlət rəhbərliyinin tapşırığının üstündən bir müddət keçdiyini, mövzunun unudulduğunu nəzərə alaraq yenidən "plyonka" həvəsinə düşürlər.
Belə olmasaydı, dövlət rəhbərinin ilk göstərişindən sonra ikinci dəfə bu problemin üzərinə qayıtmaq, yenidən tapşırıq vermək ehtiyacı yaranardımı?
Deyəsən, doğrudan da, bəzi məmurların yalnız avtomobillərinin "plyonka"sını sökməklə kifayətlənilməməlidir. Onlar başqa formada, daha ağır şəkildə də cəzalandırılmalıdır (məsələn, vəzifəsindən atılmaqla!) ki, ölkə rəhbərliyinin iradəsinə qarşı getməyin nə demək olduğunu anlasın, həm də bu, başqalarına da dərs olsun.
Günel Əkbər