Əli Həsənova qarşı bitməyən etirazların pərdəarxası
Əli Həsənova qarşı bitməyən etirazların pərdəarxası

Komitə sədri məcburi köçkünləri narazı elektorata çevirir

Aprelin 15-də Bakıda bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib. Nəticədə əraziyə çoxlu sayda polis qüvvəsi cəlb olunub.
Yolu bağlamaq istəyən sakinlərə polis müdaxilə edib. Füzuli sakini Əhəd Məmmədlinin "musavat.com" a verdiyi məlumata görə, onlar dövlət komitəsi tərəfindən verilən evlərdən narazıdırlar: "Ailədə 6 nəfərik. Bizə iki otaqlı ev veriblər. Biz o evlərdən imtina edirik. Kim pul vermişdisə onlara 3-4 otaqlı mənzillər payladılar".
Aksiya keçirən məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş tələb ediblər. Aksiya keçirən köçkünlərin nümayəndəsi komitə sədri ilə görüşdürülüb.
Qeyd edək ki, məcburi köçkünlərin "Qaçqınkom" önündə aksiyaları, hardasa yolu bağlayaraq, piket keçirərək narazılıqlarını ifadə etmələri adi hala çevrilib. Son iki ayda dəfələrlə oxşar aksiyaların şahidi olmuşuq, bunun üzərinə mətbuatda ayrı-ayrı məcburi köçkün şikayətlərini, qrup halında etiraz məktublarını da alsaq, bir məqamı əminliklə qeyd etmək olar:
"Qaçqınkom" sədri Əli Həsənov rəhbərlik etdiyi qurumun fəaliyyətini günün tələblərinə cavab verən səviyyədə qurmayıb, eləcə də komitənin həyata keçirdiyi layihələrin icrası, ayrılan dövlət vəsaitlərinin qaçqın və məcburi köçkün ailələrinə çatdırılması istiqamətində ciddi qüsurlar var. Problemlər o həddə çatıb ki, artıq sözügedən təbəqənin öz etirazlarını açıq, nümayişkaranə formada, müxtəlif aksiyalar vasitəsi ilə ictimailəşdirməkdən, həmin problemlərin məhz bu cür sərt etiraz tədbirləri sayəsində həllinə nail olmaqdan başqa çıxış yolu qalmayıb.
Unutmayaq ki, bu, seçki ilində heç də xoşagələn presedent deyil və komitə sədri Əli Həsənovun bunu nəzərə alması vacibdir. Yoxsa belə görüntü və təsəvvür formalaşır ki, "Qaçqınkom" oxşar problemlərin həllində operativlik və obyektivlik nümayiş etdirməməklə qaçqın və məcburi köçkün təbəqəni hökumətdən narazı salmaqla məşğuldur.
Onu da unutmayaq ki, bu təbəqə yüzminlərlə seçici deməkdir, onların narazılıqlarının artması, çıxış yolunu müxtəlif etiraz aksiyaları keçirməkdə görmək həddinə qədər incik düşmələri isə bu seçici kütləsini hökumətdən uzaqlaşdırır, kifayət qədər böyük səsin iqtidar opponentlərinə meyllənməsinə gətirib çıxarır.
"Qaçqınkom" sədrinin bu nüansı nəzərə almasında fayda var, əks halda belə aksiyalar seçki ili kimi həssas bir dövrdə hökumətdə sərt təpki ilə qarşılana, bunun hesabı isə məhz Əli Həsənovdan soruşula bilər. Onsuz da komitə sədrinin prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə yer almaq imkanları çox zəif qiymətləndirilir. Belə bir şəraitdə məcburi köçkünlərin ard-arası kəsilməyən etirazları "Qaçqınkom" rəhbəri ilə vidalaşmaq üçün əsasları daha da artırır.
Çünki iqtidar içindəki rəqiblərinin məcburi köçkün təbəqəsinin artan etirazlarını və bu etirazların müxtəlif aksiyalar şəklində açıq şəkildə təzahür etməsini Əli Həsənovun "vurulması"nı sürətləndirmək və ya qətiləşdirmək üçün yaxşı bir fürsətə çevirəcəklərinə şübhə yoxdur.
Ülviyyə Qasımlı