Oqtay Şirəliyevin nazirliyinə 20 milyon manatlıq ittiham
Oqtay Şirəliyevin nazirliyinə 20 milyon manatlıq ittiham
Pulsuz dərmanlar üçün ayrılan
iri həcmli dövlət vəsaitlərinin taleyi ilə bağlı ciddi şübhələr var

Dövlət səhiyyə xərclərinin təyinatının dəqiqləşdirilməsi və ünvanlılığı problem olaraq qalır. Qeyd edək ki, hazırda səhiyyənin maliyyələşdirilməsi iki istiqamətdə həyata keçirilir.
Bunlardan birincisi xəstəxanalarda müayinə və müalicə olunan xəstələrə pulsuz verilən dərman vasitələri ilə bağlıdır. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin təmin olunduğu dərman preparatlarının siyahısı Səhiyyə Nazirliyinin 01 dekabr 2005-ci il tarixli 141 saylı əmri ilə (əlavələr: 02 oktyabr 2008-ci il tarixli 132¹-li və 17 mart 2011-ci il tarixli 35¹-li əmrlər) təsdiqlənib. Siyahıda 120-dən çox dərman preparatı və tibbi ləvazimatının adı var.
İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının və tibbi ləvazimatların siyahısı Səhiyyə Nazirliyi tərəfindən 28 fevral 2007-ci il tarixində (əlavə: 27 aprel 2011-ci il tarixli 47¹-li əmri) təsdiqlənib. Siyahıda 141 adda dərman preparatı və tibbi ləvazimatın adı var.
Ümumilikdə əhaliyə pulsuz verilən ən vacib dərman preparatlarının və tibbi ləvazimatın sayı 166-ya çatdırılıb.
Səhiyyənin maliyyələşdirilməsində ikinci istiqamət konkret xəstəliklər üzrə qəbul edilmiş proqramlar çərçivəsində xəstələrə verilən dərman vasitələri ilə bağlıdır. Bu istiqamətdə dövlət büdcəsindən 9 dövlət proqramı üzrə vəsait ayrılır. Bu sırada "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər, "Şəkərli diabet üzrə Dövlət Proqramı"ının maliyyə təminatı ilə bağlı xərclər; "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər və s. var.
Dövlət büdcəsindən əhaliyə pulsuz verilməsi üçün dərman preparatları və tibbi ləvazimatın alınmasına yönəldilən vəsaitin məbləği 2005-ci ildə 11,6 milyon manat (ümumi səhiyyə xərclərinin 10,5 faizi), 2007-ci ildə 50,6 milyon (13,7 faiz), 2011-ci ildə 119,8 milyon manat (24,3 faiz), 2012-ci ildə isə 127.4 milyon manat (19.3 faiz) təşkil edib.
Amma əksər ekspertlərin fikrincə, pulsuz dərmanlar üçün dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə xərclənməsində ciddi problemlər var. Keçən il təkcə xəstəxanalara dərman və tibbi ləvazimat almaq üçün 20 milyon manat ayrıldığını deyən ekspert bildirib ki, insanlar arasında sorğu keçirilsə, vəsaitin xərclənməsində ünvanlılıq prinsipinin qorunmadığı məlum olar. Birincisi, burda konkret ünvanlılıq yoxdur. Yəni hansı xəstəxanaya nə qədər vəsait, ya da dərman ayrıldığı haqda heç bir yerdə məlumat verilmir. Bu dərmanların əhaliyə hansı əsaslarla ayrılması barədə ciddi hesablama da yoxdur. Belə vəziyyətdə həkimlər rahat şəkildə deyə bilirlər ki, bizə ayrılan dərmanlar qurtarıb.
İkincisi isə dərmanların xəstələrə necə və nə vaxt verilməsi üzərində hər hansı nəzarət mexanizmi yoxdur.
Bütün bunlar isə pulsuz dərmanlar üçün ayrılan vəsaitlərin mənimsənilə bilmək ehtimalını qüvvətləndirir. Baxmayaraq ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi bir qayda olaraq öz ünvanına səslənən tənqidləri təkzib etməklə məşğuldur, bununla belə müstəqil KİV və ekspertlərin bu məsələdəki ortaq mövqeyi, arqumentləri və vətəndaşların çoxsaylı şikayətləri əsasında ki, mülahizələri, şübhələrin əsaslılığına dair inamı qüvvətləndirir.
Azər Aslan