Prezidentin keçirdiyi müşavirədə nə olub?
Prezidentin keçirdiyi müşavirədə nə olub?
"İlham Əliyevin qrafiki həddindən artıq sıxdır"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasının keçirilməsindən danışıb:-"Aprelin 14-də keçirilən iclasda prezident İlham Əliyev ilin üç ayının yekunlarına dair açılış nitqi söylədi.
Dövlət başçısı çıxışında son üç ayda sosial-iqtisadi sahədə qeydə alınan rəqəmləri, göstəriciləri açıqladı, ümumi daxili məhsulun 3.1 faiz, əhalinin pul gəlirlərinin 6 faiz artdığını, qeyri-neft sektorunda 11.04, kənd təsərrüfatı sahəsində isə 4 faiz artım olduğunu bildirdi. Prezident dedi ki, son üç ayda Azərbaycanda cəmi 1.2 faiz inflyasiya olub. Vergilər naziri Fazil Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev və başqaları ilin üç ayında gördükləri işlər və qarşıda duran vəzifələr barədə danışdılar.
Daha sonra prezident İlham Əliyev bütövlükdə 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi siyasəti, daxili və xarici siyasəti, qarşıda duran əsas vəzifələr haqqında danışdı, həmin vəzifələri bir-bir göstərdi. Bununla bağlı mətbuatda geniş məlumat yayılacaq. Bu vəzifələr iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, əvvəlki dövrlərdə qəbul olunmuş dövlət proqram və layihələrinin, xüsusən də sosial layihələrin icrasının davam etdirilməsi, iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin olunması, bu sahədə mövcud olan süni monopoliya yaradılması meyillərinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi, daxili bazarda rəqabətə davamlılığın gücləndirilməsi, xarici bazar üçün nəzərdə tutulmuş mal istehsalının artırılması, istehsalın təşkil olunması, sahibkarların dəstəklənməsi, o cümlədən kreditlərin verilməsi formasında dəstəklənməsi, ixrac mallarının nomenklaturasının genişləndirilməsi, yeni yaranan müəssisələrdə müasir texnologiyaların tətbiq edilməsi, kadr hazırlığı məsələlərinin həlli, ipoteka kreditlərinin həcminin və onların paylanması üsullarının asanlaşdırılmasından ibarətdir. Dövlət başçısı xüsusi qeyd etdi ki, bu gün Azərbaycan gənclərinin mənzilə olan ehtiyacını ödəmək üçün ölkənin valyuta ehtiyatlarından ipoteka kreditlərinə ayrılmış vəsaitlərin həcmi artırılmalı, gənclərə ipoteka kreditlərinin verilməsi asanlaşdırılmalıdır. Ölkənin ərzaq, energetika, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olundu və cənab prezident bu sahədə dövlətin qarşısında duran məsələləri sadaladı. Dövlətin investisiya proqramı, daxili və xarici investisiyaların artırılması məsələlərinə toxunuldu. Qeyd olundu ki, ötən il Azərbaycana ümumilikdə 22 milyard dollar həcmində investisiya yönəldilib. Bunun 30 faizi xarici, 70 faizi daxili investisiyadır.
Dövlət başçısı müşavirə iştirakçıları qarşısında bu investisiyalardan həm xaricdə, həm də daxildə səmərəli istifadə olunması məsələsini, sosial layihələr, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi tələbini qoydu, 2014-2019-cu illər üçün yeni regional inkişaf proqramının hazırlanması tapşırığını verdi. Birinci regional inkişaf proqramı bu il başa çatacaq və gələn ildən yeni beşillik regional inkişaf proqramı həyata keçiriləcək. Müşavirə bütövlükdə Azərbaycanın sosial-iqtisadi, daxili-xarici siyasətinin nəticələrinin təhlilinə, yeni vəzifələrin müəyyən olunmasına həsr olunmuşdu".