İsmayıl Ömərov İTV sədrliyinə namizədliyini verə bilmədi

İsmayıl Ömərov İTV sədrliyinə namizədliyini verə bilmədi

Tevedəki maliyə pozuntuları Baş direktorun sonuna çıxdı
Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə aprelin 4-də yeni müsabiqə elan edib.

Elə həmin gündən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yeni namizədlərin sənədləri qəbul edilir. Sənəd qəbulunun başa çatması üçün təyin olunan müddət isə artıq başa çatmaq üzrədir. Lakin hələlik bu vəzifəyə iddialıların adları ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı baş direktoru İsmayıl Ömərov 2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə bu vəzifəyə seçilib. Bəs, bu dəfə neçə nəfər öz namizədliyini irəli sürüb?
Nə qədər qəribə olsa da Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev bununla bağlı açıqlamasında bu günə qədər hələ heç kimin namizədliyini irəli sürmədiyini deyib: "Aprelin 19-da namizədliyini vermək üçün təyin olunan müddət bitir. Ürəyindən keçən olsa da, bu günə qədər heç kim rəsmi şəkildə müraciət etməyib".
Maraqlıdır ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin indiki baş direktoru İsmayıl Ömərov da bu vəzifəyə yenidən seçilmək istəyini rəsmi şəkildə bəyan etməyib.
Q. Cəbiyev onu da deyib ki, tələsməyə ehtiyac yoxdur: "Ayın 19-da müddət bitir və yekun məlumat veriləcək. Məsələni ictimailəşdirməyə və tələsməyə ehtiyac yoxdur. Vaxtı çatanda bununla bağlı bütün məlumatlar açıqlanacaq".
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədlinin də namizədlərdən xəbəri yoxdur. İndiyə qədər bununla heç maraqlanmadığını deyən C.Məmmədli kimlərin namizəd olacağına da biganə deyil: "Müsabiqəni Milli Televiziya və Radio Şurası elan edib. Namizədliyini verənlərin kimliyini onlardan soruşun. Mən hələ maraqlanmamışam. Namizədlərin kim olacağı mənim üçün də maraqlıdır. Ancaq özüm bilərəkdən maraqlanmıram. Mənə ayın 19-da deyəcəklər". O, namizədlərin kimliyi maraqlı olsa da, öyrənmək istəməməsinin səbəbini isə belə açıqlayıb: "Sadəcə siyahı MTRŞ-dadır. Mən ora hələ gedə bilməmişəm. Nuşirəvan müəllim də deyəsən burda yoxdur".
İsmayıl Ömərovun namizədliyini verib-verməməsinə gəlincə, C.Məmmədli İsmayıl Ömərovun namizədliyini vermədiyini, gələcək günlərdə də namizəd olub-olmayacağını bilmədiyini deyib.
Göründüyü kimi, İTV direktoru postunda qalmaq üçün tələsmir, namizədliyini irəli sürmür. Bu, çox maraqlı məqamdır. Eyni zamanda ağıla İsmayıl Ömərovun yenidən İTV rəhbəri olmayacağına dair yazılanları gətirir. Mətbuatda belə rəylər var ki, istər İTV-yə ayrılan maliyyə vəsaitlərinin şəffaf xərclənməsi yönündə dərin şübhələr, istərsə də İsmayıl Ömərovun tikinti biznesi ətrafında son bir ildəki qalmaqallar ona iqtidar içində etimadı sarsıdıb. Elə bu səbəbdən də artıq vəzifə müddəti başa çatan İTV direktorunun yenidən bu görəvə seçilməyəcəyi proqnozlaşdırılır. Ehtimal olunur ki, onun adı ətrafında son aylarda intensivləşən skandallı məlumatlar, açıqlamalar əslində həm də məhz buna hesablanıbmış. Ömərovun hakimiyyət içində əvvəlki dəstəyini itirməsi, zaman-zaman hətta hökumətin özündəki nüfuzlu şəxslərlə, hakimiyyətə yaxın çevrələrlə müəyyən intriqalarda olması, özünü vəzifəsində hədsiz arxayın hiss etməyə başlaması İTV direktoru ilə üzülüşmək üçün əsaslar yarada bilərdi.
Ömərovun indiyədək namizədliyini sürməməsi də mətbuatda özünə yer alan bu ehtimalların ciddiyyət dərəcəsini artırır. Tamamilə mümkündür ki, İTV rəhbəri bütün səylərinə rəğmən hələ də yenidən namizəd olması və seçilməsi üçün razılıq ala bilmir. Elə haqqında danışdığımız gecikmənin də bununla bağlı olması istisna edilməməlidir.
Qəzet çapa hazırlanan zaman isə aydın oldu ki, "İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsi üçün elan olunan müsabiqəyə bir neçə nəfər sənəd verib. Milli Televiziya və Radio Şurası aparatının rəhbəri Toğrul Məmmədovun sözlərinə görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı baş direktoru İsmayıl Ömərov müsabiqəyə sənəd verməyib.
Elvin Rüstəmov